İtalya ilə münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edirbackend

Əgər dünyanın təməli deyilən bir fikri, ideyanı ortaya qoymaq istəsək, Cənubu bu təməlin özəyi adlandırmağımız, yəqin ki, səhv olmazdı. Bu mənada, İtaliya Avropanın cənubudur. İtaliya mədəniyyət, incəsənət, musiqi və rəssamlıq sahələrində insanlığa daha möhtəşəm hədiyyə ərməğan edib.

Azərbaycanla İtaliya arasında yaxınlığın, əlaqələrimizin inkişafına böyük təkan verən məqamların mövcudluğunu şərtləndirən xeyli sayda nümunələr göstərmək mümkündür. Sevindirici haldır ki, ikitərəfli münasibətlər mükəmməl hüquqi bazaya malikdir. Bu vaxta qədər müstəqil Azərbaycanla İtaliya arasında 28 sənəd imzalanmışdır. Bu isə münasibətlərimizin yüksələn xətlə inkişafına geniş zəmin yaradır. Münasibətlərimiz həm siyasi, həm iqtisadi, həm də sosial-humanitar sahələri əhatə edir.

1997-ci ilin sentyabrında Prezident Heydər Əliyevin, 2005-ci ilin fevralında və 2008-ci ilin noyabrında Prezident İlham Əliyevin İtaliyaya rəsmi səfərləri ikitərəfli münasibətlərə xüsusi təkan vermiş və bu sahədə yeni mərhələlərin başlanğıcını qoymuşdur. Hər iki ölkənin tarixində silinməz izlər qoyan bu səfərlər əlaqələrimizin inkişafının istiqamətlərinin konturlarını cızmış və bütün sahələrdə əməkdaşlığımızın, müxtəlif nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin, bu səfərlər zamanı aparılan danışıqların, imzalanan sənədlərin təməl daşına çevrilmişdir.

Azərbaycan və İtaliya yüksək səviyyədə siyasi dialoqun inkişaf etdirilməsində və iki dövlətin qanunvericilik və icra hakimiyyəti orqanları arasında əməkdaşlığın genişləndirilməsində maraqlıdırlar. Möhkəm təməllər üzərində qurulan Azərbaycan-İtaliya əlaqələrinin inkişafını hər iki ölkənin parlamentləri daim dəstəkləyir və öz töhfələrini verməyə çalışırlar. Parlamentlərarası əlaqələrin çox yaxşı səviyyədə olması ölkələrarası münasibətlər müstəvisində əhəmiyyətli rol oynayır.

Azərbaycan və İtaliya arasında diplomatik əlaqələr 1992-ci ilin may ayının 8-də qurulmuşdur. 1997-ci ilin mart ayında İtaliyanın Azərbaycanda, 2003-cü ilin dekabr ayında isə Azərbaycanın İtaliyada səfirliyi təsis edilmişdir. Azərbaycan Respublikasının İtaliyadakı hazırkı səfiri Vaqif Sadıqov etimadnaməsini İtaliya Prezidenti C.Napolitanoya 8 fevral 2011-ci il tarixində təqdim etmişdir. İtaliyanın ölkəmizdəki səfiri M.Baldi etimadnaməsini Azərbaycan Respublikasının Prezidentinə 23 oktyabr 2009-cu ildə təqdim etmişdir.

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-İtaliya parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Bu işçi qrupu 7 mart 1997-ci il tarixində yaradılmış və ilk rəhbəri Şəfiqə Məmmədova olmuşdur. 4 mart 2016-cı il tarixindən Azər Kərimli işçi qrupunun rəhbəridir. İtaliya Senatında yaradılmış İtaliya-Azərbaycan dostluq qrupunun rəhbəri isə xanım Rossana Boldidir. Ümumillikdə isə Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında 30 sənəd imzalanmışdır.

Sentyabrın 2-də İtaliyanın Çernobbio şəhərində “The European House – Ambrosetti” beyin mərkəzi tərəfindən “Dünya, Avropa və İtaliyaya baxış” və “Rəqabətli strategiyalar üçün bu günün və sabahın ssenarisi” mövzusunda 48-ci Beynəlxalq Çernobbio Forumu başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İtaliya Prezidenti Sercio Mattarellanın, İtaliya Nazirlər Şurasının Sədri Mario Draqinin və “The European House – Ambrosetti” beyin mərkəzinin dəvəti ilə beynəlxalq forumda əsas qonaq qismində iştirak edib. Dövlətimizin başçısı forumun plenar iclasında “Enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycanın rolu” mövzusunda çıxış edib. İndi isə həmin çıxışdan qısa bir abzasa diqqət yetirək:

2020-ci ilin Vətən müharibəsində azad etdiyimiz ərazilərdə – Qarabağ və Zəngəzurda külək, günəş və hidroenerji stansiyalarının potensialı 10 qiqavatdan çoxdur. Bu mühüm potensialın inkişaf etdirilməsi mərhələsindəyik. Bu imkanlar ixrac üçün əlavə qaz tədarük etməyə kömək edəcəkdir.

Son zamanlar Azərbaycan və İtaliya arasında münasibətlərin artan xətt üzrə inkişaf etdiyinin şahidiyik. Avropa İttifaqının vacib dövlətlərindən olan İtaliya ilə əlaqələrin iqtisadi inkişafı təbii ki, siyasi dialoqun nəticəsidir. Üçtərəfli Bəyanatın imzalanmasından sonra regionda sülhə xələl gətirmək istəyən Fransa, Belçika, Hollandiya parlamentindəki ultra-sağçı ermənipərəst qüvvələrin qəbul etdikləri tövsiyə xarakterli saxta çağırışlar fonunda biz həm 44 günlük müharibə, həm də ondan sonrakı atəşkəsdə Roma bir neçə dəfə Azərbaycandakı səfirlik vasitəsilə ölkəmizə dəstək bəyanatları verdi.

Cəmilə Məmmədova

Nəsimi rayon sakini, İctimai Şuranın üzvü