İyunun 1-dən etibarən şəhərlərarası sərnişindaşıma necə həyata keçiriləcək — Rəsmi mövqebackend

“Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) şəhərlərarası və rayonlararası sərnişin daşımaya hazır vəziyyətə gətirilib.

Bununla bağlı respublika ərazisində fəaliyyət göstərən 59 avtovağzal və stansiyaya lazımi tapşırıqlar verilib ki, Nazirlər Kabineti yanında Operativ Qərargah iyunun 1-dən etibarən şəhərlərarası daşıma ilə bağlı qərar verərsə, dərhal sərnişin daşımaya başlasınlar”.

Bunu açıqlamasında DANX mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova deyib.

Onun sözlərinə görə, artıq bütün avtovağzal kompleksləri və stansiyalar hazır vəziyyətdədir:

“Sərnişindaşımada hər hansı problem olmayacaq. Bildiyiniz kimi, şəhərlərarası və rayonlararası sərnişindaşıma Opreativ Qərargahın xüsusi qərarı ilə dayandırıldığından, onların verəcəyi qərarla fəaliyyətə başlayacaq. Fəaliyyətə başlamağımız Operativ Qərargahın qərarından asılıdır. Biz DANX olaraq istənilən an veriləcək qərara hazırıq. Bunun üçün xəttə lazımi miqdarda avtobuslar, mikroavtobuslar buraxılacaq və sərnişinlərin mənzil başına vaxtında  çatdırılmasında hər hansı problem olmayacaq”.

Bununla belə DANX rəsmisi qeyd edib ki, təşkilat pandemiya qaydalarına riayət olunması ilə əlaqədar TƏBİB-lə də əməkdaşlıq edir və buna uyğun olaraq Operativ Qərargahın qərarından sonra lazım gələrsə, şəhərlərarası və rayonlararası sərnişin daşıma TƏBİB-in qaydalarına uyğun şəkildə təmin ediləcək.