Jalə Əhmədova: Ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurludurbackend

Prezident İlham Əliyev Qoşulmama Hərəkatının 60 illiyinə həsr edilmiş Yüksək Səviyyəli Toplantısındakı çıxışında bir sıra mühüm məqamlara toxundu

Fərqli tarixi, siyasi və mədəni mənsubiyyətə malik 120 ölkəni birləşdirən Qoşulmama Hərəkatı multilateralizmin həqiqi nümunəsi hesab edilir. Heç bir bloka daxil olmadıqlarını və tərəfsizliklərini bəyan edən 120 üzv ölkə, 17 müşahidəçi ölkə və 10 müşahidəçi təşkilatı birləşdirən forum kimi Qoşulmama Hərəkatı BMT-dən sonra dünya dövlətlərinin ən böyük toplantısı sayılır. Bu prinsiplər müasir dövrün beynəlxalq münasibətlərində hələ də aktual olaraq qalır.

Azərbaycan da bütün ölkələrin suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyən ölkə kimi 2011-ci ildən Qoşulmama Hərəkatı ailəsinə qoşulub.

Bu üzvlükdən ötən qısa müddət ərzində Azərbaycan Hərəkatın üzvləri arasında böyük etimad qazandı və 2016-cı ildə ölkəmiz 2019-2022-ci illər üçün Qoşulmama Hərəkatının sədri seçildi. Sonra isə hərəkata üzv olan dövlətlər yekdilliklə Azərbaycanın sədrlik müddətinin daha bir il – 2023-cü ilin sonuna qədər uzadılması barədə qərar qəbul etdilər. Bu, Azərbaycanın Hərəkata uğurlu və səmərəli sədrlik etməsinin təzahürü idi.

2019-2022-ci illər üçün Qoşulmama Hərəkatına sədrlik Azərbaycana həvalə edildikdən sonra ölkəmiz ötən dövrdə bir sıra mühüm təşəbbüslərlə çıxış edib və mühüm nəticələr əldə olunub.

2019-cu ilin oktyabr ayında Azərbaycan Bakıda Qoşulmama Hərəkatının XVIII Zirvə görüşünü uğurla təşkil edib. Qoşulmama Hərəkatının sədri qismində Azərbaycan pandemiyaya qarşı qlobal səylərin səfərbər edilməsi üçün bir sıra beynəlxalq təşəbbüslərlə çıxış edib. Bu məqsədlə Qoşulmama Hərəkatının Təmas Qrupu ölkələrinin Zirvə görüşünün keçirilməsi təşəbbüsü irəli sürülüb və 2020-ci il mayın 4-də həmin tədbir keçirilib.

Zirvə görüşü zamanı Azərbaycan Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının dövlət və hökumət başçıları səviyyəsində koronavirusla mübarizəyə həsr edilmiş Xüsusi Sessiyasının keçirilməsini təklif edib. Həmin təşəbbüs BMT-yə üzv olan 150-dən çox dövlət tərəfindən dəstəklənib və 2020-ci il dekabrın   3-4-də Xüsusi Sessiya baş tutub.

Bu gün Azərbaycan öz humanitar missiyasını uğurla icra edir. Ölkəmiz pandemiya ilə mübarizə sahəsində Qoşulmama Hərəkatı ölkələri də daxil olmaqla, 30-dan çox ölkəyə humanitar və maliyyə yardımı edib. Bununla yanaşı, Azərbaycan Ümumdünya Səhiyyə Təşkilatına 10 milyon ABŞ dolları həcmində könüllü maliyyə yardımı edib ki, bunun da yarısı Qoşulmama Hərəkatının üzv dövlətləri üçün nəzərdə tutulub.

Azərbaycan pandemiya və qlobal səhiyyə böhranı fonunda “peyvənd millətçiliyi”nə qarşı çıxış edərək ehtiyaclarından qat-qat artıq peyvənd tədarük edən bəzi ölkələrin davranışını qınayıb.

Qeyd etmək lazımdır ki, Azərbaycanın sədrliyi dövründə tarixdə ilk dəfə Avropa İttifaqının rəhbərləri Qoşulmama Hərəkatının onlayn Zirvə görüşündə iştirak ediblər və Qoşulmama Hərəkatı adından BMT Baş Assambleyasının Xüsusi Sessiyasının keçirilməsi təşəbbüsünü dəstəkləyiblər.

Əlamətdar hadisədir ki, 2020-ci ildə Hərəkatın gündəliyində dayanan vacib məsələlərdən biri uğurla həll edilib. Azərbaycan Ermənistanla 30 illik münaqişəyə son qoyub və hərbi-siyasi yollarla özünün ərazi bütövlüyünü və tarixi ədaləti bərpa edib.

Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri olan Qoşulmama Hərəkatının yeddi ölkəsinin Azərbaycana verdiyi dəstək əhəmiyyətli hadisədir. Onlar BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi qətnamələrinə istinadın edilmədiyi birtərəfli mətbuat açıqlamasının qəbul edilməsinə imkan vermədilər. Bununla da, həmin ölkələr Qoşulmama Hərəkatının sənədlərindən qaynaqlanan Hərəkatın prinsipial mövqeyinə möhkəm sadiqliyi göstərdilər.

Bakı Zirvə görüşünün Yekun Sənədində Qoşulmama Hərəkatı ölkələri ərazilərin güc yolu ilə zəbt olunmasının yolverilməzliyini vurğuladılar və təsdiq etdilər ki, heç bir dövlət Azərbaycan Respublikasının ərazilərinin işğalı nəticəsində yaranmış vəziyyətin qanuniliyini tanımayacaq.

Bütün bunlar sübut edir ki, ölkəmizin Qoşulmama Hərəkatına sədrliyi uğurludur. Heç şübhə yoxdur ki,  Azərbaycanın sədrliyi ilə Qoşulmama Hərəkatı bundan sonra da dünya dövlətlərinin və xalqlarının rifahının daha da yaxşılaşmasına dəyərli töhfələr verməyə davam edəcəkdir.

Jalə Əhmədova,

Milli Məclisin deputatı