Jurnalist Qadir İbrahimli vəfat etdibackend

Tanınmış jurnalist, “İstiqlal.az” saytının rəhbəri Qadir İbrahimli vəfat edib.

Bu barədə onun müalicə olunduğu Respublika Kliniki Xəstəxanasından bildirilib.

Mərhumun dostu Niyaz Niftiyev deyib ki, Q.İbrahimlinin nəşi doğulduğu Lənkəran şəhərinə aparılacaq.

Xatırladaq ki, Q.İbrahimli mayın 18-də qaraciyər serrozu diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına yerləşdirilmişdi. O, həm də şəkər xəstəliyindən əziyyət çəkirdi.

Qadir İbrahimli 1968-ci ildə Lənkəran şəhərində doğulmuşdu. Orta məktəbi Lənkəranda bitirdikdən sonra Azərbaycan Dövlət İqtisad Universitetində ali təhsil təhsil alıb.

1996-cı ildə ali təhsilini başa vuran Q.İbrahimli müxtəlif media orqanlarında, o cümlədən “Azadlıq” qəzetində  işləyib. O, 2011 və 2014-cü illər arasında “Yeni Müsavat” qəzetində iqtisadi məsələlər üzrə şərhçi kimi çalışıb.
2014-cü ildən yaratdığı İstiqlal.az saytına rəhbərlik edirdi. Bununla yanaşı, “Güzəran” Sosial Araşdırmalar İctimai Birliyinin sədri idi.

Q. İbrahimli bir müddət Odlar Yurdu Universitetində dərs də demişdi.

Mərhum jurnalistin bir qız və bir oğul övladı yadigar qalıb.

Allah rəhmət eləsin.