Övladın valideynin korlanan sağlamlığı qarşısında aciz qalması bu həyatda, bəlkə də, ən çətin anlardan biridir. Hazırda bir ananın sağlamlığına qovuşması üçün övladları xalqdan kömək istəyirlər.
Bu ilin iyun ayından etibarən Fərqanə Əkbərovanın səhhətində müxtəlif problemlər yaranıb. Bir çox həkimlərə müraciət edilsə də, dəqiq diaqnoz qoyula bilməyib. Oktyabrın 28-dən durumu ciddiləşdiyi üçün xəstəxanalara müraciət olunub, müxtəlif müayinələrdən keçirilib. Vəziyyəti ağırlaşdığı üçün Bakı Sağlamlıq Mərkəzində müalicəsini davam etdirmək qərarına gəlinib. Həkimlərin yekun rəyinə əsasən, Fərqanə Əkbərovanın ağciyərlərində kaverna aşkarlanıb. Xəstəlik ağır gedişlidir və ciddi fəsadlar yaradır.
Son bir ayı ailəsi xəstəxanalarda keçirib. Xəstəliyin aşkarlanmasına qədər müayinə, xəstəxana xərcləri, dərmanlar da daxil ümumilikdə 13 min manata qədər vəsait xərclənib. Hazırda Bakı Sağlamlıq Mərkəzinə 6 min manata yaxın borc yığılıb, üstəlik, təyin olunan müalicənin fasiləsiz davam etməsi üçün ailəyə maddi dəstək lazımdır. Müalicə üçün bankdan kredit götürülüb, lakin o vəsait də artıq bitib.