Jurnalistlər səfərdən məmnun qalıblarbackend
Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi
Regionlara mediaturun təşkil olunması əhəmiyyətli və səmərəlidir
Jurnalistlər həm rayonda aparılan quruculuq işləri ilə tanış olurlar, həm də vətəndaşların problemlərini dinləyirlər.
Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti media nümayəndələrini yeni intensiv meyvə bağlarında istifadə olunan müasir texnikalar və bu il biçinə çıxarılmış yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar ilə tanış edib. Kütləvi informasiya vasitələri üçün Quba və Qusar rayonlarına təşkil edilmiş səfərdə “Aqroservis” və “Prior Leasing” açıq səhmdar cəmiyyətinin bu il fermerlərə təqdim etdikləri ən müasir texnikalar nümayiş edilib. Media nümayəndələri həmçinin biçindən sonrakı ilkin şumu izləyiblər.
Səfərlə bağlı “Şərq” media nümayəndələrinin fikirlərini öyrənib.
“Yenigundem.az”ın baş redaktoru Təbriz Məhərrəmoğlu “Şərq”ə açıqlamasında gözəl səfər üçün ilk olaraq  “Aqroservis” ASC-nin rəhbərliyinə və təşkilatçılarına təşəkkürünü bildirib. Baş redaktor qeyd edib ki, mediatur çərçivəsində bir sıra istehsalat müəssisələrində olublar və istehsal prosesini yerindəcə izləyiblər:
“Jurnalistlərlə Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun inzibati binasında olduq. MÇETİ-nin laboratoriyaları və istixana kompleksi, həmçinin Zərdabi adına Elmi Təcrübə Bazasındakı tingçilik təsərrüfatı ilə yaxından tanış olduq. İnstitutda yaradılan biotexnologiya laboratoriyasının ölkəmizdə meyvəçiliyin inkişafı üçün çox mühüm əhəmiyyətə malik olduğunun şahidi olduq. Bildiyimiz kimi, kənd təsərrüfatı Azərbaycan iqtisadiyyatının prioritet sahələrindəndir. Bu sektorun inkişafına ölkəmizdə böyük dəstək göstərilir. Qeyd edim ki, təşkil olunmuş mediatur bizim iş fəaliyyətimizdə əsas yeniliklərdən biri oldu.
Çünki pandemiyanın tüğyan etdiyi bir vaxtda bir günlük belə bir gözəl səfər olduqca mühüm əhəmiyyətə malikdir. Qeyd edim ki, səfər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumu olan “Aqroservis” Açıq Səhmdar Cəmiyyəti bizləri yeni intensiv meyvə bağlarında istifadə olunan müasir texnikalarla və bu il biçinə çıxarılmış yeni nəsil dağ kombaynları, digər innovativ texnologiyalarla tanış etdi. Qusarda media nümayəndələrinin təşkilatçılığı ilə taxıl sahəsinin biçilməsi də çox gözəl təşəbbüs idi. Kombaynların biçini və traktorların şumlama prosesini həmkarlarımızla yaxından izlədik.
Qeyd edim ki, bu, indiyədək təşkil olunan mediaturlar içində ən maraqlı və fərqli idi. Hər şey üçün  “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinə, Aytəkin xanıma və kollektivimizin hər bir üzvünə çox təşəkkürlər edirik”.
“Yeni Müsavat” qəzetinin jurnalisti Xalidə Gəray “Şərq”ə açıqlamasında vurğulayıb ki, “Aqroservis” Açıq Səhmdar Cəmiyyətinin təşkilatçılığı ilə bir qrup media nümayəndələri olaraq Quba və Qusarda olub:
“Səfər zamanı Kənd Təsərrüfatı Nazirliyinin Qubadakı Meyvəçilik və Çayçılıq Elmi-Tədqiqat İnstitutunun fəaliyyəti, buradakı biotexnologiya laboratoriyası ilə, həmçinin Azərbaycanda ilk dəfə müasir texnologiyaların tətbiq olunduğu “Ağıllı bağ”la yaxından tanış olduq. Jurnalistlərə müasir texnikalar və bu il biçinə çıxarılan yeni nəsil dağ kombaynları və digər innovativ texnologiyalar təqdim edildi. Biz jurnalistlər görülən işləri, avadanlıqları, laboratoriya şəraitini əyani şəkildə müşahidə etdik. Təbii ki, bu səfərin ilk növbədə əhəmiyyəti ondan ibarətdir ki, jurnalist olaraq bütün bunları özümüz müşahidə edib, təsəvvürümüzdəkiləri yenilədik. Adətən bu cür əyani tanışlıqlar zamanı jurnalistlər üçün yeni mövzular ortaya çıxır, qaranlıq qalan bəzi məqamlar aradan qalxır. Daha bir məqam isə bölgələrdə turlara gedərkən orada baş verən yenilikləri və problemləri izləmək fürsəti qazanırıq. Bu cür mediaturlar həm də jurnalistlərin bir araya gəlməsi, media nümayəndələri arasında münasibətlərin daha da möhkəmlənməsinə, daha geniş sosiallaşmasına, yeni əlaqələrin yaranmasına zəmin yaradır ki, bu da jurnalistlər üçün çox vacib amildir.  Və daha sonrası, sonuncu mediatur, eləcə də ondan əvvəl olduğu kimi bu səfərimiz həm də biz jurnalistlər üçün bir növ az da olsa istirahət deməkdir. Doğrudur, bəzi qurumlar bəzən bu cür uzaq səfərləri düzgün təşkil etmir və təşkilatçılıq sıfır səviyyəsində olur. Əlbəttə ki, bununla da jurnalistləri həm incitmiş, həm də yormuş olurlar. Amma deyə bilərəm ki, “Aqroservis”in təşkil etdiyi səfər çox möhtəşəm oldu. Həm yeni məlumatlar, informasiyalar qazandıq, həm də Quba, Qusarı bir daha kəşf etdik, həm də xeyli əyləndik. Bunun üçün təşkilatçıların hər birinə şəxsən öz adımdan təşəkkür edirəm!”.
“Azadinfo.az” saytının baş direktoru, jurnalist Mahir Xəttab “Şərq”ə açıqlamasında bildirib ki, bu kimi mediaturların təşkili çox mühümdür. O qeyd edib ki, jurnalistlərin birbaşa vətəndaşlarla tanış olması və onlarla təması olduqca vacibdir:
“Çünki bununla jurnalistlər bölgələrimizdə olan vətəndaşlarımızın hansı çətinliklərlə üzləşdiklərini, məhz hansı əziyyətlərdən keçdiklərini əyani şəkildə görürlər. Mən şəxsən jurnalistlər üçün belə təmtəraqlı məclislərin əleyhinəyəm və bunu dəfələrlə bildirmişəm. Amma jurnalistlərin qurumlarla, nazirliklərlə belə yaxından əməkdaşlıq etməsi, onların iş prosesini izləməsi çox əhəmiyyətlidir. Bu baxımdan deyə bilərəm ki, digər qurumlar və nazirliklər də bu kimi turları tez-tez təşkil etməli və öz iş proseslərini mediaya çatdırmalıdırlar. Təbii ki, media da bunu ictimaiyyətə daha detallı və ətraflı şəkildə təqdim edəcək. Hesab edirəm ki, belə olan təqdirdə vətəndaşlarımıza hər hansı bir qaranlıq məqam qalmayacaq. Əlbəttə ki, belə olan təqdirdə də şəffaflıq olur. Həmçinin, qurumların üzərində də məsuliyyət olur ki, bizi media izləyir. Bizim işimizə dəyər və qiymət verir. Ona görə də media nümayəndələri üçün təşkil olunan belə turlar xüsusi əhəmiyyətə malikdir”.