Jurnalistlərə sosial ipoteka veriləcəkbackend

Biz istərdik ki, hökumət jurnalistlərə ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin.

“Yeni Gündəm”-in məlumatına görə, bunu bu gün Milli Məclisin plenar iclasında “Media haqqında” qanun layihəsinin birinci oxunuşda müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib.

“Media haqqında” qanun layihəsindən danışan deputat bildirib ki, qanunda prinsipial məqamlardan biri media subyektlərinin reyestrinin vahid qurumda aparılmasıdır. Onsuz da ölkəmizdə müxtəlif sahələrdə reyestrləşmə aparılır və bu, bir tərəfdən etibarlı Vahid Məlumat Bazasının, milli mətbuatın dürüst tarixinin formalaşmasına xidmət edir, digər tərəfdən münasibətlərə hüquqi xarakter verir və müxtəlif sosial, iqtisadi, yaxud digər imtiyazların əldə olunmasına zəmin yaradır, formal uçotdan daha etibarlı reyestrə keçməyə və şəhadətnamə almağa kömək edir.

“Reyestrdə yer alan jurnalistlərə vəsiqənin verilməsi də məhz həmin tələbdən irəli gəlir. Daha da aydınlıq üçün deyək ki, reyestrdə olmayan media təmsilçilərinin jurnalist sayılmayacağı haqqında heç bir müddəa yoxdur, olması da gözlənilmir. Jurnalist vəsiqəsinin alınmasına dair meyarlar beynəlxalq təcrübədə özünü göstərən prinsiplərə tam uyğundur. Ən başlıcası, jurnalistin azad fəaliyyəti üçün müddəlar say və əhatəlilik baxımından indi daha genişdir. Lakin biz istərdik ki, hökumət jurnalistlərə ictimai nəqliyyatdan pulsuz istifadəni, sosial ipoteka və vergi güzəştlərinə dair təklifləri də qəbul etsin. Söhbət büdcə yükü heç 1 milyona çatmayan məbləğdən gedir, lakin medianın qanuni maliyyələşməsi və onun dayanqılı iqtisadi bazasının yaradılması üçün həm dövlət maliyyələşməsinin şəffaf, açıq və hesabatlıq aparılması tələb edilir, həm də özəl investisyanın bu sahəyə qoyulmasını təşfiq edir”, – deyə Z.Oruc qeyd edib.