Kabildə onu gözləyirlərbackend

Bütün dünya Əfqanıstandakı siyasi-humanitar böhrandan başını itirib, ancaq bu işin çarəsi Azərbaycandadır. Mən istərdim NATO, ABŞ, Rusiya, canım sənə desin, BMT-zad dərhal bu adama müraciət eləsinlər, gedib məsələni həll eləsin. Hər dərdin bir çarəsi var, Əfqanıstanın əlacı…  Səyavuş Novruzovdur.

Dünya ictimaiyyətinə bir neçə il qabaq, qəfildən, aydın səmada şimşək kimi əyan oldu ki, şanlı deputatımız Səyavuş müəllim uzaq 80-ci illərdə sovet hərbi kotletinin… üzr istəyirəm, kontingentinin tərkibində Əfqanıstanda vuruşmuş, can qoymuş, baş kəsib, qan tökmüşdür. Bu sirrin üstü tam təsadüfən, “Qurdlar vadisi” serialında açılmışdı. Zarafat edirəm, elə olmamışdı. Sadəcə, bir gün jurnalistlər Səyavuş müəllimi Fəxri Xiyabanın darvazası ağzında saysız-hesabsız orden, medal, nişan, at nalı, göz muncuğu, dağdağan çubuğu, nə bilim, yarasa dırnağı və uşaq “k.kası” ilə bəzədilmiş vəziyyətdə tutmuşdular. Möhtəşəm tablo idi, hörmətli yapçı deputatın medalları pencəyin yaxalığından başlayıb şalvarın balağına qədər düzülmüşdü. Şimali Koreyanın medalpərəst generalları onun yanında qələt eləyərdilər. Və jurnalistlərin “Yoxsa, ey gül, yenə gülzardə hal eyləmisən? Qönçənin bağrını qan, bülbülü lal eyləmisən?”, “Laləsən, süsənmisən, Nə gözəl bəzənmisən?”, “Ey gül, nə əcəb silsileyi-mişki tərin var?” kimi kəskin suallarına cavabında deputat bildirmişdi ki, 20-ci əsrdə SSRİ-nin sülhməramlı qoşunları tərkibində Anqoladan Vyetnama, Əfqanıstandan Kubaya qədər bir çox əməliyyatlarda iştirakçı olmuşdur, sadəcə, yersiz təvazökarlıq üzündən bunu xalqa açıqlamırmış.

Səyavuş müəllimin Əfqanıstanda aldığı medallar arasında “Sovet İttifaqı Qəhrəmanı”, “Kabilin müdafiəsinə”, “Cəlilabadın azadlığı uğrunda”, “Nəcibullanın qaşları”, “Gülbəddin Hikmətyarın hikmətli sözləri”, “Hindiquş qartalı”, “Hinduşka kababı” kimi çoxlu maraqlı ödüllər vardı. Adam marşal Rəşid Dustumla çox yaxın münasibət saxlayırmış, Rəşid müəllim ona “əziz dustum Səyavuş bəy” deyə müraciət edirmiş.

1989-cu ildə Mixail Qorbaçov sovet ordusunu Əfqanıstandan çıxaranda bu temada əsas məsləhətləşmələri də Səyavuş müəllimlə aparmışdır. Səyavuş müəllim bir neçə dəfə ona deyib ki, “Fedya, ne nado”, yəni Mişa, ordunu çıxarma. Ancaq Qorbaçov adam sözünə, ağsaqqal məsləhətinə, mütəxəssis planına baxsa nə vardı? Qoşunu çıxardı, o vaxtdan Əfqanıstanda qarışıqlıqdır.

İndi məndə dəqiq məlumat var ki, BMT, Çin, Rusiya və Pakistan bir neçə dəfə Novruzovun yanına nümayəndə göndəriblər, xahiş edirlər qayıdıb orada nizam-intizam yaratsın. Bizim Mirzə Fətəlinin soyadını daşıyan Taliban lideri Heybətullah Axundzadə Səyavuş müəllimlə ya Qətərdə, ya da Biləcəri stansiyasında qatarda görüşməyə, müzakirələrə hazır olduğunu “Əl Cəzirə” telekanalizasiyasına görünməmiş intervüsündə bildirmişdir. Axundzadə Əli Kərimin ünlü şeirindən bir bənd də söyləmişdir: “Qayıt, yerinə qoy Günəşi, Ayı, Qayıt sahmana sal bu kainatı”. Hamı gərginlik və həyəcanla gözləyir ki, görək bunun axırı necə olacaq. Yeganə narahat olmayan biz azərbaycanlılarıq, çünki Səyavuş müəllimin adı, imzası, kölgəsi, gövdəsi olan bütün proseslərdə humanizmin, ədalətin zəfər çalacağına əminik.

Başqa yolu da yoxdur, yazımı da deputatın yerlisi olan şairin misraları ilə bitirirəm: “Kəssə hər kim tökülən qan izini, Qurtaran dahi odur yer üzünü”.

Zamin Hacı

“Yeni Müsavat”