Kamil Zeynallının izləyiciləri “patı” satanların yerini dedibackend

Son zamanlar ölkədə küçə adı “patı” yaxud “şüşə” adlandırılan narkotiklərlə bağlı sosial şəbəkələrdə tənqidi paylaşımlar çoxalıb. Belə paylaşımlar istər fərdi insanlar, istərsə də tanınmış şəxslər tərəfindən həyata keçirilir.

Tanınmış idmançı Kamil Zeynallı da özünün sosial şəbəkə hesabında bu barədə paylaşım edib. Onun bu paylaşımına izləyiciləri tərəfindən çoxlu rəylər yazılıb. Rəy yazanların çoxu “patı” satılan yerlərin ünvanlarını belə yazıblar.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarov Lent.az-a bildirib ki, narkotiklərin qanunsuz satışı ilə məşğul olanlarla bağlı məlumatlı şəxslər nazirliyə müraciət etsinlər:

“Daxili İşlər Nazirliyi tərəfindən narkotik vasitələrin onlayn üsulla satışına qarşı mütəmadi mübarizə tədbirləri aparılır. Bu işdə vətəndaşların da köməyinə böyük ehtiyac var. Xahiş edirik ki, narkotiklərin qanunsuz satıldığı ünvanlarla bağlı məlumatı olanlar hansısa şəxslərin səhifəsinə deyil, birbaşa DİN-in və Baş Narkotiklərlə Mübarizə İdarəsinin “Instagram”, “Facebook”, “Twitter” sosial şəbəkəsindəki səhifələrinə yazsınlar. Müraciətlərin anonimliyi tam qorunacaq”.

Qeyd edək ki, DİN-in iyulun 9-da keçirilən kollegiya iclasında nazir, general-polkovnik Vilayət Eyvazov müraciət edərək narkotiklərə qarşı mübarizədə vətəndaşların, jurnalistlərin və blogerlərin köməyinə ehtiyac olduğunu bildirmişdi.