Kanada təyyarə qəzası ilə bağlı istintaqa qoşuldubackend

Kanadalı mütəxəssislər Ukrayna təyyarəsinin İranda qəzaya düşdüyü Xomeyni adına beynəlxalq hava limanına gediblər.

“Yeni Gündem” xəbər verir ki, bu barədə Kanadanın Nəqliyyat naziri Marka Qarno “Qolos Ameriki”yə açıqlamasında bildirib.

“Nümayəndələr 57 kanadalının ölümünə səbəb olan təyyarə qəzasının baş verdiyi yerə baş çəkiblər və tezliklə təyyarənin dağıntılarını araşdıracaqlar, -deyə nazir söyləyib.

Onun sözlərinə görə, İran Kanada heyətinə giriş vizaları verib. Heyətə Nəqliyyat Təhlükəsizliyi Şurasının iki mütəxəssisi daxil edilib.

Nazir Kanada nümayəndələrinin hələ də “qara qutu”larla işləmək imkanlarının olmadığını vurğulayıb: “Tehran hələ də kanadalılara təyyarənin “qara qutu”larına giriş imkanı verməyib. İranlılar bizə bildiriblər ki, yalnız “qara qutu”ların deşifrə edilməsində deyil, analiz edilməsində də iştiraka icazə veriləcək”.

Xatırladaq ki, “Ukrayna Beynəlxalq Hava Yolları” aviaşirkətinə məxsus “Boeing 737” təyyarəsi yanvarın 8-də Tehrandan havaya qalxdıqdan iki dəqiqə sonra vurulub. Göyərtədəki 176 nəfərin hamısı ölüb.

Rəsmi Tehran təyyarənin səhvən İran hərbi qüvvələri tərəfindən vurulduğunu açıqlayıb.