“Karabakh Memorial” internet resursunun təqdimat mərasimi keçirilibbackend

Vətən müharibəsi zamanı beynəlxalq humanitar hüququn norma və prinsiplərinə məhəl qoymayan Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən terrorun nəticələrini dünya ictimaiyyətinə çatdırmaq, eləcə də həlak olmuş mülki əhalinin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə Qarabağ Dirçəliş Fondu tərəfindən yaradılmış “Karabakh Memorial” internet resursunun noyabrın 25-də təqdimatı keçirilib.

“Yeni Gündəm” xəbər verir ki, bu internet resursu ideya müəllifi Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva olan “Karabakh Center” layihəsi çərçivəsində yaradılıb.
Tədbirdə Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova, Milli Məclisin deputatları, Xarici İşlər Nazirliyinin təmsilçiləri və Ermənistan silahlı qüvvələri tərəfindən mülki əhaliyə qarşı törədilən terror nəticəsində ailə üzvlərini, əzizlərini və yaxınlarını itirən şəxslər iştirak ediblər.
Əvvəlcə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri açan Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev bildirib ki, ötən il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqı Ali Baş Komandan İlham Əliyevin “Dəmir yumruğu” ətrafında birləşərək həmrəylik nümayiş etdirib və tarixi Zəfər qazanıb.
Bu müharibədə Azərbaycan Ordusu qarşısında məğlub olan Ermənistan silahlı qüvvələri mülki əhalini hədəfə alıb və müharibə zonasından xeyli aralıda yerləşən şəhər və rayon mərkəzlərini qadağan olunmuş silahlarla atəşə tutub.
Ermənistan silahlı qüvvələrinin döyüş bölgələrindən uzaq məsafədə yerləşən şəhər və qəsəbələrimizdə yaşayan dinc əhaliyə qarşı törətdiyi müharibə cinayətləri nəticəsində12-si uşaq, 27-si qadın olmaqla ümumilikdə 93 mülki şəxs həlak olub.
İkinci Qarabağ müharibəsindən dərhal sonra Ermənistan silahlı qüvvələrinin müharibə cinayətləri nəticəsində ailə üzvlərini, doğmalarını, əzizlərini və yaxınlarını itirmiş şəxslərlə çoxsaylı görüşlər keçirilib, müsahibələr alınıb. Həlak olmuş şəxslər haqqında zəruri informasiya, on mindən artıq foto və sənəd toplanıb.
“Karabakh Memorial” layihəsində “Azyaşlı qurbanlar”, “Təcavüzün mülki qurbanları”, “Erməni hücumlarının hədəfləri” bölmələri və terror aktları nəticəsində həlak olan 12 azyaşlının hekayəsi 3 dildə yer alıb.
Rəhman Hacıyev vurğulayıb ki, “Karabakh Memorial” internet resursu Ermənistanın müharibə cinayətlərinin beynəlxalq təşkilatlar tərəfindən araşdırılması və bu cinayətlərin ifşası üçün əhəmiyyətli mənbə olacaq. Həmçinin “Karabakh Memorial” internet resursunda sənədləşdirilmiş və əbədiləşdirilmiş materialların sosial şəbəkələrdə və digər informasiya resurslarında təbliğatı aparılacaq.
Təqdimat mərasimində çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova bildirib ki, Qarabağın 30 ilə yaxın işğalda olduğu dövrdə yüz minlərlə azərbaycanlı ailə – qadınlar, uşaqlar fundamental hüquqlarından məhrum ediliblər. Beynəlxalq erməniçiliyin fəaliyyəti bütün dünya üçün ən böyük cinayət olsa da, bu illər ərzində beynəlxalq təşkilatlar tərəfindən Ermənistanın törətdiyi cinayətlərə laqeyd münasibət göstərilib və təcavüzkar ölkəyə heç bir təzyiq edilməyib.
Bahar Muradova doğmalarını, əzizlərini və yaxınlarını itirən şəxslər haqqındakı sənədlərin, fotoların toplanmasının və Ermənistana qarşı ittiham sənədinə daxil edilməsinin zəruriliyini vurğulayıb.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının insan hüquqları üzrə müvəkkili (ombudsman) Səbinə Əliyeva deyib ki, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasında və digər mühüm sənədlərdə uşaqlarla bağlı təsbit olunan hüquqların həyata keçirilməsi, onların təhlükəsiz, bərabər, tolerant və sağlam mühitdə yaşamasının, layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətlərin qarşısında duran ən mühüm vəzifələrdəndir. Uşaqların hüquq və maraqlarının qorunması, hərtərəfli inkişafı istiqamətində göstərilən səylərə baxmayaraq, əfsuslar olsun ki, müasir dünya reallığında onlar bir sıra təhlükələrdən, o cümlədən müharibədən əziyyət çəkirlər. Təəssüf ki, 2020-ci ildə Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Naftalan, Ağcabədi, Gəncə, Tərtər, Bərdə kimi şəhər və rayonlarında yerləşən mülki yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutması nəticəsində ümumilikdə 10-dan çox uşaq həlak olub, 50-si yaralanıb, bir çox uşaq isə valideynlərini itirib. Ermənistanın Azərbaycana qarşı 30 illik hərbi təcavüzü dövründə çoxsaylı belə hallar olub. Xocalı soyqırımı zamanı 613 nəfər, o cümlədən 63 uşağın öldürülməsi, habelə Ermənistan silahlı qüvvələrinin mülki yaşayış məntəqələrini atəşə tutması nəticəsində 2011-ci ildə Ağdam rayonunda 9 yaşlı Fariz Bədəlovun və Tovuz rayonunda 13 yaşlı Aygün Şahmalıyevanın, 2017-ci ildə Füzuli rayonunda 2 yaşı tamam olmayan Zəhra Quliyevanın nənəsi ilə birlikdə həlak olması uşaqların Ermənistan tərəfindən törədilən müharibə cinayətlərinin qurbanına çevrilmələrinin bariz nümunələrindəndir.
Qeyd edilib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 4000-ə yaxın itkin düşmüş şəxs arasında uşaqlar da olub.
Ermənistanın hücumları ötən il Şəhriyar Qurbanov kimi neçə-neçə istedadlı uşağın həlak olmasına, onların incəsənət, idman sahələrində arzularının nakam qalmasına səbəb olub. Eləcə də Gəncə şəhərinə atılan raket nəticəsində Rusiya Federasiyası vətəndaşı Artur Mayakovun qətli bir daha sübut etdi ki, Ermənistanın törətdiyi cinayət aktları nəticəsində dilindən, dinindən, irqindən, milli, etnik və ya sosial mövqeyindən asılı olmayaraq, bütün uşaqlar qurbana çevrilir.
Azərbaycan isə heç bir əlamətinə görə ayrı-seçkiliyə yol vermədən hər bir uşağın hüquqlarına hörmət bəsləyir, onların sülh, multikulturalizm, tolerantlıq şəraitində yaşamasını təmin edir.
Ermənistan 1949-cu il Cenevrə konvensiyaları, BMT-nin Uşaq Hüquqları Konvensiyası da daxil olmaqla, bir çox beynəlxalq hüquq normalarını dəfələrlə kobud şəkildə pozmuşdur. Lakin Ermənistana qarşı hələ də heç bir beynəlxalq hüquqi sanksiya tətbiq edilməmişdir. Habelə mülki obyektlərin hədəfə alınması, bir çox yaşayış evlərinin, təhsil və səhiyyə müəssisələrinin dağıdılması uşaqların təhsil, sağlamlıq və digər hüquqlarının pozulmasına gətirib çıxarmışdır. Bununla yanaşı, intensiv şəkildə atəş açılması uşaqların psixoloji sarsıntı keçirməsinə səbəb olmuşdur.
Tədbirdə, həmçinin Milli Məclisin deputatı Müşfiq Cəfərov və Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri Leyla Abdullayeva çıxış ediblər.
Sonra “Karabakh Memorial” layihəsinin təqdimat videosu nümayiş olunub.