Karantin qaydalarını pozaraq toy mərasiminin keçirilməsinə razılıq verən restoran hansı generala məxsusdur?backend

Xəbər verdiyimiz kimi, Yasamal rayonu, Həsən bəy Zərdabi küçəsində yerləşən “Atlantis” restoranında xüsusi karantin rejim qaydalarını pozaraq toy məclisi keçirilib. Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən tədbirlər zamanı gizli şəkildə toy məclisi təşkil edənlərin qarşısı alınıb. Məclisdə iştirak edən 70-ə yaxın şəxs barəsində qanunvericiliyə uyğun olaraq, tədbirlər görülüb.

Araşdırmalar zamanı məlum olub ki, həmin restoran sabiq deputat, general Əliağa Hüseynova məxsusdur.

“Qaynarinfo”nun bir neçə il öncə yaydığı məlumatda qeyd olunub ki, Ə.Hüseynov Yasamaldakı xəstəxanaların birinin həyətində restoran və şadlıq evinin açılışını edib. Bildirilirdi ki, həmini şadlıq evi və restoran Bakının Yasamal rayonu ərazisində, Həsən bəy Zərdabi prospekti 20-də, metronun “20 Yanvar” stansiyasının yaxınlığında yerləşir. Obyekt iki hissədən – “Atlantis” şadlıq sarayı və Adanalı Hasan Kolcuoğlu restoranından ibarətdir. Generalın şəriki isə Türkiyə vətəndaşıdır. Əliağa Hüseynov şadlıq evini təmtəraqlı mərasimlə açmışdı. Açılışdan bir neçə gün əvvəl 80-ə yaxın şəxsə xüsusi dəvətnamə göndərilib. Sonradan Ə.Hüseynov açıqlamasında deyib ki, şadlıq evi və restoran oğluna məxsusdur.