Karantin rejimini pozan altı şəxs həbs olundu – 3800 nəfər cərimələndibackend
Koronavirusa qarşı mübarizə çərçivəsində həyata keçirilən nəzarət tədbirləri ilə bağlı aprelin 5-dən 6-dək olan müddətdə epidemiya əleyhinə rejimi pozan respublika üzrə beş, o cümlədən, Bakı şəhərində iki iaşə obyektinin fəaliyyət göstərməsi faktı aşkarlanıb.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən verilən məlumata görə, həmin obyekt sahiblərindən bir nəfər inzibati qaydada həbs edilib, dörd nəfər isə cərimə olunub.
Sutka ərzində respublikanın şəhər və rayonlarında təşkil olunmuş xüsusi polis postlarından, o cümlədən, həmin postlardan kənarda olan ara və köməkçi yollardan keçməyə cəhd göstərdiklərinə və karantin rejimini pozduqlarına görə, 3796 nəfərə (Bakı şəhəri üzrə 1588 nəfərə) cərimə tətbiq edilib, beş şəxs inzibati qaydada həbs olunub.
Eyni zamanda, koronavirus infeksiyası ilə əlaqədar sosial şəbəkələrdə, o cümlədən “WhatsApp” ani mesajlaşma tətbiqində əhalinin təşvişinə səbəb ola biləcək həqiqətə uyğun olmayan məlumatlar yaydığına görə, bir nəfərə xəbərdarlıq edilib.
Ötən gün ərzində respublika üzrə karantin rejimini pozduqlarına görə, altı nəfər inzibati qaydada həbs edilib, 3800 şəxs cərimə olunub.