“Kardaşyanlarını özlərinə qəhrəman seçiblər, onun da kimliyi bəllidir” – Tünzalə Ağayevabackend

Xalq artisti Tünzalə Ağayeva sualları cavablandırıb.

Müsahibəni təqdim edirik:

– Tünzalə xanım, cəbhə bölgəmizdə baş verən hadisələri necə dəyərləndirirsiniz?

– Ali Baş Komandanın, prezidentimizin dediyi kimi tarixi ədalətin, torpaqlarımızı azad etməyin artıq zamanı gəlib. İşğalçı, bədnam ölkəyə 30 ildir fürsət veririk, danışıqlara, beynəlxalq qətnamələrə riayət etməyə çağırırıq. Onların təcavüzü nəticəsində bizim igid oğlanlarımızın, övladlarımızın, sivil insanların qanı töküldü. Heç nəyə əhəmiyyət vermədilər. Cənab prezidentimiz tərəfindən dəfələrlə xəbərdarlıq edilib. Biz öz Vətənimizi işğalçı quldurlardan təmizləyirik. Bizim bir milyon məcburi köçkünümüz öz dədə-baba yurdlarından qovulub. Tarixi abidələrimiz dağıdılıb, övladlarımız şəhid olub. Qarabağ 30 ildir ki, Azərbaycanın həsrətindədir, Şuşanın, Xankəndinin gözü yoldadır. Azərbaycan əsgəri öz haqlı vətəndaşlıq borcunu yerinə yetirir. Biz də xalq olaraq ordumuzun yanındayıq, Ali Baş Komandanımızın əmrini gözləyirik. İnsanlarımız Vətəni xilas etmək üçün könüllü gedirlər. Mən şəxsən sənət adamı, Azərbaycan qadını, ana kimi əlimdən nə gəlirsə, hər zaman Azərbaycan əsgərinin yanındayam. Azərbaycan əsgərinin kənardan müdaxiləyə heç bir ehtiyacı yoxdur. Bizi dəstəkləyən qonşu ölkələrə təşəkkür edirəm ki, ədalətli mövqeyimizin və haqqın tərəfindədirlər. Xarici ölkələrə sənətçi kimi tez-tez gedirəm. Həmişə xaricilərə deyirəm ki, doğulduğunuz şəhəri, yaşadığınız evi bir başqası işğal edib və gözünün içinə baxıb desə ki, bura mənimdir, necə reaksiya verərsiniz? Təbii ki, buna normal baxa bilməzsiniz. Biz də öz haqqımız olan torpaqları işğalçıdan xilas edəcəyik. İnşallah cənab Prezidentin dediyi kimi tarixi ədalət bərpa olunacaq və biz də öz torpaqlarımıza marşlar, vətənpərvər musiqilərimizlə gedəcəyik. Şuşamızın, Laçınımızın, Kəlbəcərimizin və inşallah Qarabağımızın hər guşəsində qalibiyyət mahnıları səsləndiriləcək.

– Qardaş Türkiyənin və qonşu ölkələrin dəstəyini necə qiymətləndirirsiniz?

– Xüsusilə qardaş Türkiyəyə dönə-dönə təşəkkürümü bildirirəm. Mənim övladım da Türkiyədə təhsil alır. Biz bu gün Türkiyə ilə o qədər doğmalaşmışıq ki, oraya gedəndə özümüzü evimizdə hiss edirik. Ulu öndər Heydər Əliyevin dediyi kimi “Bir millət, iki dövlətik”. Türkiyənin bu gün bir çox şəhər və rayonları Azərbaycan bayrağı ilə bəzədilib. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın və türklərin dəstəyini yüksək qiymətləndiririk və onlar bizim qardaşlarımızdırlar. Bu dəstək bizə motivasiya verir. Hətta Türkiyənin müxalifət partiyaları da bizə qarşı birlik nümayiş etdirirlər. Türkiyə cəmiyyəti siyasi görüşündən asılı olmayaraq bizə dəstək göstərir. Türkiyə siyasətçilərinin fikirlərinə qulaq asırıq və yüksək dəyərləndiririk. Hazırda Türkiyənin əsas məsələlərindən biri Azərbaycanda baş verən vətən müharibəsidir. Onlar da bizim haqlı mübarizəmizi dəstəkləyir və yanımızdadırlar. Eləcə də Pakistan və bir neçə ölkələr bizim yanımızdadırlar və dəstəkləyirlər. Mən bir məsələyə toxunmaq istəyirəm. Bizim dünyada yaşayan soydaşlarımızın qəlbi Azərbaycanla döyünür və əsgərlərimiz üçün dua edirlər. Amma çox təəssüf ki, yutub kanalında bəzi videolarla qarşılaşırıq. Adını azərbaycanlı qoyan bir neçə şəxs nalayiq çıxışlar edib, videolar yayırlar. Vətəni sevən azərbaycanlıdırsa, canı yanırsa, gəlsin Vətəndə döyüşsünlər. Bu gün ermənilər internetdə haqsız, yalan böhtanlar yayırlar. Kim Kardaşyanlarını özlərinə qəhrəman seçiblər. Onun da kimliyi, şəxsiyyəti bəllidir. Bu gün Azərbaycan əsgəri deyir ki, sosial mediada nə istəyirsiniz yazın, biz əməlimizlə göstəririk. Ona-buna söz atmaqla, yalançı böhtanlarla iş görmürük. İşi realda, həqiqətdə görürük.

– Ermənilər mülki əhalimizi də atəşə tuturlar, yaralananlar və dünyasını dəyişənlər var. Bu haqda nə deyə bilərsiniz?

– Bunun adı vandalizmdir, vəhşilikdir. Azərbaycan əsgəri erməni körpəsinə əl qaldırmayıb, qaldırmaz və qaldırmayacaq. Eləcə də nə yaşlısına, nə də körpəsinə… Bizim rayonlarımızda yaşayan dinc əhaliyə atəş açırlar. Onların təcavüzü nəticəsində vətəndaşlarımız həlak olurlar. Qoy, bunu dünya görsün. Yalan və böhtan xarakterli məlumatlar yayırlar. Allah haqsız-ədalətsiz danışanların mütləq qarşısına çıxaracaq. Belə bir atalar sözü var: “Nə tökərsən aşına, o da çıxar qaşığına”. Kim bu gün çətin günümüzdə, haqq-ədalət uğrunda apardığımız mübarizədə yanımızdadırsa, Allah onlara min əvəzini versin. Kim bizə gizli və açıq düşmən kəsilibsə, Allah onların niyyətinin də min əvəzini versin. Mən başqa şey deyə bilmirəm. Bəzi ölkələr ikili siyasət aparırlar. Cənab prezidentin dediyi kimi heç kim bizi haqlı mübarizəmizdən döndərə bilməz. Ölkə rəhbərimizin beynəlxalq çıxışında da bildirdiyi kimi bir qarış torpaqlarımızı belə heç kimə verməyəcəyik. Vətəndən pay olmaz. Xocalı faciəsi bizim qan yaddaşımızdır. Ermənilərin təxribatı bu gün də davam edir və günahsız insanlar öldürülür. Bunu dünya da görsün.

– Ölkəmizdə internetin bağlanmasına münasibətiniz necədir?

– Müharibə şəraitində nə qədər internet bağlı olsa, işimizi də sakit görərik. Təxribatçılara, yanlış məlumat ötürənlərə imkan verməyəcəyik. Bu, çox doğru və düzgün qərardır.

Tünzalə xanım, xarici kanalları izləyirsinizmi? Necə düşünürsünüz, ölkəmizə qarşı adekvat mövqe nümayiş etidirirlərmi?

– Baxır ölkəyə….Hər bir ölkənin fərqli media qurumu var. Biri bizim haqlı mövqeyimizi düzgün dəyərləndirir, kimisi isə qərəzli yanaşır. Təbii ki, yanlış informasiya verən mətbuat orqanlarını, politoloq və siyasətçiləri qınayıram.Teleqraf