“Kəmaləddin Qafarov dövləti sabotaj edir”backend

Mətbuatı 9 saylı Binəqədi ikinci seçki dairəsindən deputat olan Kəmaləddin Qafarova de-fakto məxsus olduğu bildirilən şirkətin 6 milyon dəyəri olan dövlət tenderini “udması”na dair məlumatlar bəzəməkdədir. Bu məlumatların yayılmasına paralel olaraq da heç bir əks açıqlama yoxdur ortalıqda. Ümumiyyətlə, Azərbaycan Respublikasının qanunvericiliyi bir deputata sahibkarlıq fəaliyyətilə məşğul olmağa icazə verirmi? Əlbəttə, yox. Kəmaləddin Qafarov qanunu ayaqlar altına atmaqla nəyə nail olmaq istəyir? Olmaya qanunverici hakimiyyətdə təmsil olunan bu şəxs qanundan üstün olduğunu zənn edir?!”

“Yeni Gündəm”-in xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu deyib.

Ağasif Şakiroğlu

 

A.Şakiroğlu bildirib ki, deputatın susqunluğu anlaşılandır: “Onun mətbuata olan münasibətini hər kəs 9 fevral 2020-ci il növbədənkənar parlament seçkiləri öncəsi “seçicilərlə görüş” zamanı gördü. Bu həmin Kəmaləddin Qafarovdur ki, qanuna zidd olaraq saxladığı “qoçu dəstələri” ilə mətbuatın üzərinə hücum təşkil etdirmişdi. Beləsindən artıq nəsə gözləmək də əbəsdir. Qısası, qanunun keşikçisi olmalı olan adam öz xislətini hələ deputat seçilməmişdən öncə utanmadan xalqa nümayiş etdirmişdi. Məhz belə şəxslərin deputat olmasına görə də Sosial Tədqiqatlar Mərkəzinin apardığı ictimai-rəy sorğusunda xalqın parlamentə olan etimadı çox aşağı səviyyədə idi. Seçicilərinin problemləri ilə maraqlanmalı olan deputatın başı tender udmağa, pul qazanmağa qarışdıqda belə də olmalıdır… Sadəcə, biabırçılıq… Hesab edirəm ki, Kəmaləddin Qafarov dövləti sabotaj edir. Əks halda, mümkün deyil ki, bir deputat aparılan dövlət siyasətinə öz əməli ilə vurduğu zərəri dərk etməmiş olsun…”

 

Qeyd: Mətbuatda yayılan məlumatlarda qeyd olunub ki, Dövlət Gömrük Komitəsi (DGK) Tibbi Xidmət İdarəsinin Mərkəzi Hospitalı “Azeri MED” Qapalı Səhmdar Cəmiyyəti (QSC) ümumi maliyyə dəyəri 5 993 268. 79 AZN təşkil edən 8 satınalma müqaviləsi imzalayıb. Müqavilələrdə “İntensiv terapiya tibbi ləvazimatların satınalınması”(126465.3 AZN), “Tibbi ləvazimat və dezinfeksiya vasitələrinin satınalınması” (925727.05 AZ), “Reaktiv və PZR testlərin satınalınması” (902348.76 AZN), “Antibakterial və Mukolitik dərman vasitələrinin satınalınması” (602367.01 AZN), “Narkotik və Hepatoprotektor dərman vasitələrinin satınalınması” (520760.55 AZN), “Antiviral dərman vasitələrinin satınalınması” (931682.29 AZN), “İmmunostimulə edici dərman vasitələrinin satınalınması”  (987182.21 AZN) və “Antifunqal və İmmunomodulə edici dərman vasitələrinin satınalınması” (996735.62 AZN) nəzərdə tutulur. “Azeri MED” QSC bundan əvvəl Dövlət Sərhəd Xidməti ilə zərdab və vaksinlərin, həmçinin tibbi sərf materiallarının satın alınmasını nəzərdə tutan 2 müqavilə imzalayıb. Müqavilələrin toplam maliyyə dəyəri 441 703.85 AZN-dir. “Azeri Med” QSC-nin iriməbləğli tenderlərdə qalib gəlməsi təsadüfi deyil. 2 iyul 2004-cü ildə 10 000 manatlıq nizamnamə kapitalı ilə qeydiyyata alınan QSC-nin qanuni təmsilçisi Rəhimli Famil Vəli oğlu olsa da, şirkətin əsl sahibi Milli Onkologiya Mərkəzinin (MOM) Baş direktorunun müavini, deputat Kəmaləddin Qafarovdur. Məhz bu faktor “Azeri MED” QSC-nin tenderlərdə qalib şansını birəbeş artırır. MOM-un tenderlərində bir qayda olaraq “Azeri MED” QSC qalib elan edilir. Hətta bəzi hallarda MOM tender keçirmədən belə, şirkətlə iri məbləğli müqavilələrə bağlayır. Məsələn, bir müddət əvvəl məlumat yayılmışdı ki, MOM heç bir tender olmadan QSC ilə 43 milyonluq alqı-satqı həyata keçirib. “Azeri Med” QSC hüquqi ünvanı hazırda  Bakı şəhəri Nərimanov rayonu, Asif Məmmədov küçəsi, ev 30F-də yerləşir. Bundan əvvəl isə şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Atatürk prospekti, ev 65A, məhəllə 3078A, mənzil 155-də yerləşib. Bu ünvanda Kəmaləddin Qafarov və ailə üzvləri də qeydiyyatdadır. Yeri gəlmişkən, dövlət satınalmalarının vahid elektron portalında “Azeri MED” QSC-nin Vergi Ödəyicilərinin Eyniləşdirmə Nömrəsi (VÖEN) 2000296061 olaraq qeyd edilib. Lakin araşdırmalarımız zamanı bəlli olub ki, bu VÖEN “Xalq Bank” Açıq Səhmdar Cəmiyyətinə (ASC) aiddir. VÖEN-in yanlış göstərilməsi texniki yanlışlıq ola bilər. Dövlət satınalmalarının elektron portalında bu cür xətalara rast gəlinir. Lakin VÖEN-in qəsdən yanlış qeyd edilməsi də istisna deyil. Bu halda məqsəd çaşqınlıq yaratmaqla şirkətlə bağlı bilgiləri gizlətmək, yaxud sadəcə çaşqınlıq yaratmaq ola bilər. Hər halda, Kəmaləddin Qafarov deputatdır, qanunvericilik isə Milli Məclis üzvünün bizneslə məşğul olmasını yasaqlayır.

Pravda.az