Kənan Kərimov: “Beynəlxalq arenada Azərbaycanın müstəqil, güclü və etibarlı dövlət kimi tanınması Zəfər müharibəsində mühüm rol oynadı”backend

Zəfər müharibəsi Azərbaycan tarixində heç bir zaman silinməyəcək iz qoydu. 27 sentyabr 2020-ci ildə başlayan və 10 noyabra qədər davam edən 44 günlük şanlı qələbəmiz nəinki regionda, o cümlədən, bütün dünyada əsla unudulmayacaq.

Zəfər müharibəsində şanlı qələbəmizin qazanılmasında bir sıra qeyd etməli olduğumuz səbəblər vardır.
Birincisi, istər müharibə ərəfəsində, istərsə də müharibənin gedişində Azərbaycan xalqı bir yumruq kimi birləşdi, heç bir təhlükədən qorxmayaraq Azərbaycan əsgərinə inandı, dəstək oldu. Düşmən Bərdə, Tərtər, Gəncə, Mingəçevir və digər şəhər, rayonlarımızda mülki əhaliyə qarşı qadağan olunan silahlardan istifadə edərək, xalqımızın qələbə əzmini qıracağını düşündü. Amma Azərbaycan xalqı qorxmadı, əksinə Müzəffər Azərbaycan ordusuna və Ali Baş Komandanına sonuna qədər güvəndi. Bir daha Azərbaycan xalqının necə qorxmaz, mərd, bir yumruq kimi olduğunu dünyaya göstərdi.

‌Bugün Azərbaycan nəinki qələbə qazandı, həm də bütün dünyada klassik müharibə ənənələrini darmadağın etdi. Azərbaycan ordusu ən son texnologiya və hərbi vasitələrdən istifadə edərək, düşmənin daşını daş üstündə qoymadı. Türkiyə, İsrail və digər ölkələrdən aldığımız “Harop”, “Bayraktar”, həmçinin yerli istehsalımız olan pilotsuz uçan aparatlar, dronlar vasitəsilə müharibə anlayışına yeni nəfəs gətirdi. Dövlətimizin hər zaman xüsusi diqqət ayırdığı sahə olan hərbi sahədə ən son istifadə etdiyimiz texnikalar təkcə düşmən tərəfindən deyil, dünyanın əksər ölkələri tərəfindən heyrətlə qarşılandı. Təsadüfi deyil ki, Zəfər müharibəsindən sonra bir sıra ölkələr Azərbaycanın təcrübəsini geniş şəkildə araşdırmağa başlayıblar.

‌Beynəlxalq arenada Azərbaycanın müstəqil, güclü və etibarlı dövlət kimi tanınması Zəfər müharibəsində mühüm rol oynadı. Baxmayaraq ki, bir neçə dövlət Azərbaycanın şanlı qələbəsini həzm edə bilmədi, lakin dünyanın əksər ölkələri Azərbaycanın qələbəsini birbaşa və ya dolayı yolla dəstəklədilər.
‌Bu həm də ermənistanın müharibə ilə yanaşı beynəlxalq arenada acınacaqlı diplomatik məğlubiyyətini sübut etdi.

Qeyd etdiyimiz amillər müharibənin gedişatına birbaşa təsirini göstərdi. Təbii ki, bütün bunlar birdən-birə yaranmamışdı. Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra ölkəmiz həm daxildə, həm də beynəlxalq arenada güclənməyə başladı. Azərbaycan sonrakı 10 il ərzində həm iqtisadi dayanıqlığını qurdu, həm də beynəlxalq münasibətlərin əsas aktorlarından birinə çevrildi. 2003-cü ildə İlham Əliyevin prezident seçilməsindən sonra ölkəmiz inkişaf səviyyəsinə görə nəinki regionda, bütün dünyada ən ali sıralarda yer aldı. Azərbaycan iqtisadi və hərbi gücünü artırdı, diplomatik arenada əsas söz sahiblərindən birinə çevrildi. Xalq öz prezidentinə inandı və Müzəffər Ali Baş Komandan “dəmir yumruq”la düşmənin belini qırdı.

Sonda:
Cənab Prezidentin qeyd etdiyi kimi, bundan sonra görüləcək hələ çox işlər var. İşğaldan azad olunmuş torpaqlarımızı yenidən dirçəldəcəyik. Ərazi bütövlüyümüzü bərpa olundu. Bundan sonra daha güclü Azərbaycan üçün çalışacağıq və bu yolda biz gənclər olaraq hər zaman cənab Prezidentin ətrafında olacağıq!

Kənan Kərimov
İctimai fəal gənc