Kənd Təsərrüfatı Nazirliyinin “aparatlı” mağazalarıbackend

2018-ci ildə keçirilən prezident seçkilərindən sonra hakimiyyət komandasında aparılan dəyişiklikləri Azərbaycan ictimaiyyəti yüksək qiymətləndirdi. Xüsusilə uzun illər boyu korrupsiya mənbəyinə çevrilmiş sahələrdə köhnə qurdların yeni və gənc kadrlarla əvəzlənməsini ictimaiyyət həmin sahələrdəki böyük dəyişikliklərin başlanğıcı kimi qiymətləndirdi.

Təyinatlar arasında şəffaflığı ilə ad çıxaran ASAN Xidmətin rəhbəri İnam Kərimovun Kənd Təsərrüfatı Nazirliyinə rəhbər gətirilməsi daha çox müzakirələrə səbəb olmuşdu: aqrar subsidiyaların az qala kütləvi şəkildə mənimsənildiyi bir strukturda onun böyük təmizləmə aparacağına ümidlər də böyük idi. Lakin bir çox ekspertlər İ.Kərimovun kənd təsərrüfatından tamamilə uzaq olduğunu əsas gətirməklə onun rəhbərliyində aqrar sektorun ciddi inkişafını gözləmədiklərini bildirirdilər.

İnsaf naminə qeyd edək ki, ilkin mərhələdə İ.Kərimov KTN sistemindəki korrupsiyalaşmanın qarşısını almaq üçün kifayət qədər ciddi islahatlar həyata keçirə bildi: “Aqroservis” ASC kimi korrupsiya mənbəyi demək olar ki, oyundan tamamilə kənarlaşdırıldı, subsidiyaların verilməsi elektronlaşdı, aqrar istehsalçılara texnika, mal-qara, gübrə satışında xeyli liberallaşdırma baş verdi. Gözlənilən o idi ki, bu proses davam edəcək, aqrar istehsalçılar KTN-in timsalında əsl dost qazanacaqlar. Lakin təəssüflər olsun ki, İ.Kərimov ASAN Xidmətdə əldə etdiyi nailiyyətlərə KTN-də çata bilmədi. Bu günlərdə açıqlanan Hesablama Palatasının 2020-ci ildəki fəaliyyətinə dair hesabatından aydın olur ki, KTN strukturlarında xüsusilə dövlət vəsaitlərinin xərclənməsi sahəsində mühüm problemlər qalmaqdadır.

Nazirliyin “aparatlı” mağazaları

Milli Məclisə daxil olan hesabatda qeyd edilir ki, Hesablama Palatası ötən il Kənd Təsərrüfatı Nazirliyində və nazirliyə aid olan qurumlarda ümumilikdə 79 nöqsan aşkarlayıb. Belə ki, nazirlikdə mineral gübrələrin, biohumusun və pestisidlərin dəyərinin güzəşt olunan hissəsində büdcə qanunvericiliyinin tələblərinin icra edilməsi bölməsində 7 nöqsan aşkarlanıb.

Qeyd edək ki, son aylarda gübrələrin, biohumus və pestisidlərin alınmasında fermerlərin böyük problemlərlə üzləşdiyinə dair bir neçə dəfə məlumatlar almışdıq. Fermerlər bu məhsulları istədikləri, daha doğrusu, onlara sərf edən satıcılardan deyil, KTN-in siyahısında olan satıcılardan almağa məcbur edildiklərini bildirirlər. Məlumat üçün bildirək ki, gübrələrin, biohumus və pestisidləri fermerlər dövlətin onlara verdiyi aqrar subsidiyanın nağdlaşdırılması mümkün olmayan 75 faizi ilə almalıdılar. Bunun üçün KTN-in siyahısında olan satış mağazalarında xüsusi aparatlar qoyulub, subsidiya kartları yalnız həmin aparatlar vasitəsilə oxunur. Nəticədə fermerlər bu məhsulları bir çox hallarda daha ucuz satandan deyil, nazirliyin tələb etdiyi bahalı mağazalardan almalı olurlar. Və redaksiyamıza daxil olan məlumata görə, “aparatlı” mağazalarda satılan gübrə və pestisidlər heç də keyfiyyət tələblərinə cavab vermirlər.

Hesablama Palatası nazirlikdə yanacaq və motor yağlarına, buğda və çəltik əkininə, pambığa, süni mayalanma yolu ilə alınmış buzovlara görə subsidiya üzrə büdcə qanunvericiliyi bölməsi üzrə 18 nöqsan, investisiya xərcləri üzrə hissəsində büdcə qanunvericiliyi bölməsində 3 nöqsan, əsaslı qoyuluşlar bölməsində 14 nöqsan, dövlət satınalmaları bölməsində 1 nöqsan, ümumlikdə isə 18 nöqsan aşkarlayıb.

Prokurorluqda araşdırma gedir

Palata həmçinin Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin(AKİA) vəsaitlərinin formalaşması və istifadəsinə dair audit üzrə – ayrılmış kredit vəsaitinin təyinatı üzrə istifadə edilməməsi faktları da aşkarlayıb. Qurumun Hesabatında qeyd edilib ki, həmin faktlarla bağlı “ParaBOKT” ASC üzrə ümumilikdə 210,6 min manat məbləğində vəsaiti əhatə edən 5 halda cinayət tərkibinin əlamətlərinin olması ehtimalını nəzərə alaraq materiallar Baş Prokurorluğa təqdim edilib.

Hesablama Palatasına daxil olmuş məlumata görə, Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin müvəkkil kredit təşkilatı olan “Para” BOKT ASC tərəfindən verilmiş kreditlərin təyinatı üzrə istifadə edilməməsi ilə bağlı Baş Prokurorluğa təqdim edilmiş materiallar cinayət işinə əlavə edilərək istintaq aparılır.

Fermerlər narazıdırlar

AKİA-nın müvəkkil bankları vasitəsilə fermerlərə güzəştli kreditlərin verilməsi də təəssüflər olsun ki, son vaxtlar ciddi narazılıqlarla müşayiət olunur. Fermerlər bütün sənədləri, təsərrüfatları qaydasında olduğu halda öz rayonlarında müvəkkil kredit təşkilatlarından güzəştli kredit əldə edə bilməmələrindən şikayətçidilər. Bir çox hallarda fermerlər öz rayonlarındakı deyil, qonşu rayonlardakı kredit təşkilatlarına üz tutmalı olurlar. Müvəkkil banklar arasında Accses Bank, Respublikabank və sairdən şikayətlər daha çoxdur. Hesablama Palatasının aşkarladığı faktlar göstərir ki, bir sıra kredit təşkilatları dövlətin fermer üçün ayırdığı güzəştli vəsaitlərin təyinatından yayındırılmasında daha çox maraqlıdılar, nəinki aqrar istehsalçıya çatmasında.

Nəhayət, Hesablama Palatası Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyində də ciddi nöqsanlar aşkarlayıb. Belə ki, agentlik üzrə büdcə qanunvericiliyi bölməsində 12 nöqsan, dövlət satınalmalarında 12 nöqsan, vergi və gömrük qanunverciliyində 5 nöqsan, ümumilikdə 29 nöqsan aşkarlayıb.

AXA-nın satınalmalarına nəzar yetirdikdə görürük ki, bu sahədə ənənəvi problemlər olduğu kimi qalmaqdadır. Məsələn, “UTAL GROUP” Məhdud Məsuliyyətli Cəmiyyəti 2019-cu ilin iyununda yaradılıb. Cəmi 10 manat nizamnamə kapitalı olan MMC-nin qanuni təmsilçisi Mətanət Mahmudova adlı xanımdır. AXA 2019-cu ilin dekabrında bu MMC-dən 58800 manatlıq “Nəqliyyat vasitələri və onların qoşquları üçün dövlət qeydiyyat nişanları” alıb. 2020-ci ildə eyni satınalma üçün MMC-yə 40 min manatlıq sifariş verilib.

Yaxud 2020-ci ildə “Sinam” MMC-dən Agentlik həm 19 234 manata Agentliyin Aparatı, tabeliyində və idarəçiliyində olan mərkəzlər üçün mühasibat proqramı, həm 39224.14 manata Aparat üçün müxtəlif növ kommunikasiya işlərini görüb, həm də 237944.64 manata müxtəlif növ maşın və avadanlıqlar satın alıb. Bir MMC-nin həm mühasibat proqramı, kommunikasiya işləri, həm də maşın və avadanlıqlar tədarük etməsi kimi absurd təcrübədən dövlət qurumlarımızın hələ də yararlanmaları satınalmalarda çox ciddi problemlərin indiyədək qaldığını göstərir.

AXA-nın satınalma təcrübəsində daha bir problemli məsələ qapalı satınalma metoduna üstünlük verilməsidir. Agentliyin satınalma planından aydın olur ki, 2020-ci ildə həyata keçirməli olduğu 31 satınalmanın 17-ni kotirovka sorğusu yolu ilə reallaşdırmağı planlaşdırmışdı. Agentliyin builki satınalma planında 19 satınalmanın həyata keçirilməsi nəzərdə tutulur. Bu satınalmaların 10-u kotirovka sorğusu, 9-u isə açıq tender yolu ilə reallaşdırılmalıdır. Göründüyü kimi, Agentlik satınalmalarında qapalı metod olan kotirovka sorğusuna üstünlük verir ki, bu halı Hesablama Palatası daim tənqid edir.