“Kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir” – Prezidentbackend

“Əkin sahələrinin müasir texnologiyalar əsasında suvarılmasına böyük ehtiyac var. Xüsusilə nəzərə alsaq ki, indi biz suya qənaət etməliyik. Ona görə biz bu işlərə xarici mütəxəssisləri cəlb etməliyik. İndi komissiya bu məsələ ilə məşğul olsun və eyni zamanda, biz gərək sahibkarları da həvəsləndirək. Yəni, sahibkarlar üçün həvəsləndirici addımlar atılmalıdır ki, onlar bu müasir texnologiyalara daha da yaxından cəlb olunsunlar”.

“Yeni Gündəm” xəbər verir ki, bu fikirləri iyulun 23-də Prezident İlham Əliyev su təsərrüfatının vəziyyətinə həsr olunmuş videoformatda keçirilən müşavirədə çıxışı zamanı deyib.

“Ola bilər güzəştli kreditlər, yaxud da ki, hansısa imtiyazlar xətti ilə ki, təkcə dövlət öz üzərinə götürməsin. Onsuz da biz lazımi infrastruktur məsələlərini həll edəcəyik. Amma bu, sahibkarların özləri üçün də bir motivasiya yaratsın ki, müasir texnologiyalardan istifadə etsinlər. Burada, əlbəttə, maarifləndirmə işi aparılmalı, təqdimatlar keçirilməlidir, sahibkarlar görsünlər ki, əgər bu texnologiyadan istifadə edəcəklərsə, onda dövlətin güzəştləri nə olacaq və deməli, məhsuldarlıq nə qədər artacaq”-deyə, Dövlət başçısı bildirib.

Azərbaycan Prezidenti qeyd edib ki, yeraltı və yerüstü su resurslarının qiymətləndirilməsi məsələsi həll olunub. Çatışmayan vəsait tezliklə ayrılmalıdır və həmçinin hidrotexniki qurğuların təftişinə də mütləq xarici mütəxəssislər cəlb edilməlidir.

“Əkin sahələrinin suvarılması üçün qrafiklərin tətbiq edilməsi prosesi başlamışdır. Hesab edirəm ki, bu, çox əhatəli bir proses olmalıdır. Ölkə üzrə hər yerdə qrafiklər tətbiq edilməlidir və çox ciddi nəzarət olmalıdır. Bu məsələ həll olunarkən, əlbəttə ki, “Elektron kənd təsərrüfatı” informasiya sistemi ilə də uzlaşdırılmalıdır və fermerlər də buna cəlb edilməlidir. Çünki suların bölüşdürülməsi ədalətli olmalıdır. Yerlərdən gələn bəzi məktublar da göstərir ki, müəyyən hallarda bu ədalət prinsipi pozulur.

Kimin imkanı var, kimin təsiri var, kimin haradasa yüksək vəzifədə qohumu var, onun əkin sahəsinə su verilir, amma başqa fermer susuz qalır. Ona görə qrafiklər ədalətli olmalıdır və geniş ictimaiyyət bu işlərə cəlb edilməlidir. Əlbəttə ki, nəzarət mexanizmi olmalıdır. Mərkəzi və yerli icra orqanları birlikdə bu işlərlə məşğul olsunlar”.