“Klinikada anamın bağırsağını deşib mikrob saldılar” – ŞİKAYƏTbackend

Bakıda klinikada əməliyyat olunan xəstənin vəziyyəti ağırlaşıb. Ailəsi bunun həkim səhvi ucbatından olduğunu bildirsə də, qarşı tərəf xəstənin klinikaya külli miqdarda borcu olduğu üçün bu iddianı uydurduğunu deyir.

“Yeni Gündəm” xəbər verir ki, Vətəndaş Eren Xuçinayeva müraciət edərək bildirib ki, anası, Rusiya vətəndaşı Xuçinayeva Fatimə Əli qızı 2021-ci il fevralın 15-də “EGE Hospital”da bağırsaq keçməzliyindən əməliyyat olunub.

Onun sözlərinə görə, əməliyyat zamanı həkimlər anasının bağırsağını deşib və klebsiella mikrobu salıblar. Bundan sonra F.Xuçinayevanın vəziyyəti ağırlaşıb və dörd aydır ki, müalicə olunsa da, sağalmır. O iddia edib ki, hospitalın əməkdaşları bir neçə gün öncə F. Xuçinayevanı bütün öhdəlikləri öz üzərinə götürdüyünə və heç bir narazılığı olmadığına dair müqavilə imzalatdırmağa cəhd ediblər.

“Qafqazinfo” iddialara münasibət öyrənmək üçün “EGE Hospital”a müraciət edib.

Klinikadan bildirilib ki, qeyd olunan xəstə bağırsaq keçməzliyi ilə daxil olub və əməliyyat olunub: “Əməliyyatdan sonra xəstə ağırlaşıb, hazırda xəstəxanada yatır. Onun ağırlaşmasının səbəbi xəstədə anadangəlmə bağırsaq anomaliyasının olmasıdır.

Bağırsaq əməliyyatlarından sonra klebsiella infeksiyalarının aşkarlanması gözlənilən haldır. Xəstəxanada icra olunan əməliyyat sayını nəzərə alsaq sparadik şəkildə hər hansı bir xəstədə belə bir infeksiyanın aşkarlanması infeksiyanın xəstəxana tərəfindən yoluxdurulmasını isbatlamır”.

Klinikanın cavabında qeyd edilib ki, xəstəyə müqavilə imzalatdırmağa çalışmayıblar: “Bu iddia xəstə yaxını tərəfindən uydurulub. Xəstəlik tarixinin içərisindən F.Xuçinayeva ilə xəstəxana arasında bağlanmış müqavilə müəmmalı şəkildə itib. Xəstənin vəziyyəti ilə əlaqədar onun yaxınına xəstənin yanına sərbəst şəkildə keçməsinə icazə verilib. Xəstəlik tarixindən müqavilə bundan sonra itib. Onun xəstəxanaya külli miqdarda borcu var. F.Xuçinayevanın yaxını ödəniş etməkdən imtina etmək üçün belə problemlər yaradır”.