Komitə sədri Sumqayıtda məşq zamanı ölən uşaqla bağlı məsələyə münasibət bildirdibackend

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova aprelin 29-da Sumqayıtın Hacı Zeynalabdin qəsəbəsində 19 saylı məktəbin idman zalında xəsarət alan və xəstəxanada vəfat edən yeddi yaşlı Fərid Bakarovla bağlı məsələyə münasibət bildirib.

“Yeni Gundem” xəbər verir ki, o, jurnalistlərə açıqlamasında bildirib ki, komitə səlahiyyətləri çərçivəsində məsələ ilə məşğul olub:

“Məsələ nəzarətimizdədir. Hadisə ilə bağlı bəzi məqamlar var ki, biz fikir bildirə bilmərik. Bu, hal qəbuledilməz və ağlasığmazdır”.

O qeyd edib ki, uşaqlara xidmət göstərilən bütün sahələrdə nəzarət olmalıdır:

“Biz planlayırıq ki, indiyə kimi hansı sahələrdə buna nəzarət olunmayıbsa, müvafiq standartları təşkil edib, monitorinq aparmalıyıq. Hazırda bununla bağlı meyarlar üzərində çalışırıq”./Oxu.az