Kommunal borclar silinir? – Açıqlamabackend

Karantin rejiminin 31 avqustadək qüvvədə olması və iş yerlərinin tam açılmaması yenidən başqa problemləri, kommunal xərcləri gündəmə gətirir.

Məlumdur ki, karantin səbəbilə əhalinin böyük hissəsi evdədir və bu səbəbdən də əvvəlki aylarla müqayisədə karantin aylarında su, işıq kimi həyati önəm daşıyan vasitələrdən daha çox istifadə edilir ki, bu da kommunal xərclərin artımı ilə nəticələnir.

İşsizliyi və gəlirlərin azlığını da nəzərə alsaq, deyə bilərik ki, kommunal xərcləri ödəmək insanlar üçün hazırkı məqamda kifayət qədər çətinləşib.

Aztəminatlı ailələrə ödənilən 190 manatla isə xərclərin qarşısını tam almaq heç şübhəsiz ki, mümkün deyil.

Bəs çıxış yolu nədir? Kommunal xərclərdə heç olmazsa, 50 faizlik güzəşt edilə bilərmi?

“Yeni Gündəm”-in  xəbərinə görə, bu barədə Cebhe.info-ya açıqlamasında iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu güzəştlərin artıq aprel ayından etibarən edilməsi gərəkirdi:

“Əslində kommunal güzəştlər daha öncədən tətbiq olunmalıydı. İndi demək olar ki, sayğacların böyük əksəriyyəti smart sayğaclardır. Kartla öncədən ödəniş etmək olur, sonradan bu sayğaclara yüklənilir. Həm işıq, həm su, həm də qazla bağlı smart sayğaclara vurulan vəsait avtomatik olaraq 2-yə qatlanmalıdır. Bunun həyata keçirilməsi asanlıqla mümkündür. Çünki bütün aparatlarda proqram təminatı çox qısa bir zamanda dəyişdirilir. Nəticə etibarilə, ödənişlərdə 50 faiz güzəşt olunur. Yəni 10 manatlıq ödəniş yüklənirsə, 20 manatlıq istifadə edə bilirsən. Əsasən də, yay aylarında daha çox elektrik enerjisinə və suya tələbat yaranır.

Kondisionerlər işləyir, virusun yayılması səbəbilə sudan gigiyenik qaydalara əməl olunması üçün tez-tez istifadə olunur. Bütün bunları nəzərə alıb güzəştlər edilməli idi. Təəssüf ki, kommunal xərclərə edilməli güzəştlər gecikdirildi. Bu aprelin sonunda artıq tətbiq olunmalı idi. Düşünmürəm ki, yaxın zamanlarda kommunal güzəştlərlə bağlı hansısa addım atılsın”.

Xatırladaq ki, Milli Məclisin deputatı Razil Nurullayev də hələ mart ayında kommunal ödənişlərin sıfırlanmasını, kreditlərin dondurulmasını təklif etmişdi.Cebhe.info