Könül Nurullayeva: “Avropa İnsan Hüquqları Məhkəməsinin Ermənistanın əsassız iddialarını rədd edəcəyi gözlənilən idi”backend

“Avropa İnsan Hüquqları Məhkəməsinin bu ilin 26 may tarixli “Makuçyan və Minasyan Azərbaycana və Macarıstana qarşı” qərarında işğalçı ölkənin əsas iddiaları təmin olunmayıb. Çünki Ermənistan tərəfinin əsas can atdığı məsələ məhkəməyə təzyiq göstərərək, Silahlı Qüvvələrimizin zabiti Ramil Səfərovla bağlı ekstradisiyadan sonra Azərbaycanda tam konstitusion əsaslarla verilmiş əfv qərarını ləğv etməklə məsuliyyəti dövlətin üzərinə yönəltmək idi”.

“Yeni Gündəm” xəbər verir ki, bunu millət vəkili Könül Nurullayeva deyib. O, daha sonra qeyd edib: “Halbuki burada dövləti cinayətdən söhbət gedə bilməz. Avropa Məhkəməsi haqlı olaraq ermənilərin bu absurd iddiasını rədd etdi. Çünki Ramil Səfərovun ekstradisiyadan sonra əfv olunması beynəlxalq hüququn standartlarına tam uyğundur. Digər rədd edilən iddia yaşamaq hüququnun maddi pozuntusu ilə bağlıdır. Belə ki, beynəlxalq hüquq ermənilərin bu iddiasını da əsassız sayır. Qərarın sonunda ödənilməsi tələb olunan 15 min funt-sterlinq təzminat isə sırf vəkilin xərclərinin ödənilməsi ilə bağlıdır. Bununla da qərardan aydın olur ki, Azərbaycan Hökuməti bu əməllərə görə beynəlxalq-hüquqi məsuliyyət daşıya bilməz. Bu, Ermənistanın Avropa Məhkəməsini siyasi alət kimi istifadə etmək cəhdindən başqa bir şey deyil və cəfəng iddianın fiaskoya uğrayacağı da gözlənilən idi.

Ziddiyyətli məqam budur ki, ali instansiya qarşısında insan haqlarına dair iddianı qaldıran tərəf 30 ildir, 1 milyondan çox insanın hüquqlarının ən kobud şəkildə pozulmasının səbəbkarıdır. Digər tərəfdən, Ermənistan məhz Avropa İnsan Huquqları Məhkəməsinin 2015-ci il Çıraqovların işi üzrə qərarının icrasının təmin olunması istiqamətində heç bir addım atmır. Yəni, qərarlarına hörmət etmədiyi, onların icrasından boyun qaçırdığı məhkəmədən özünün əsassız iddialarını qəbul etdirmək tələbi sadəcə, riyakarlıqdır”.

Deputat deyib ki, təcavüzkar ölkənin mütəmadi olaraq beynəlxalq tribunalarda beynəlxalq birliyin diqqətini Dağlıq Qarabağ münaqişəsinin əsl mahiyyətindən yayındırmaq cəhdləri işğalçının cəzasızlıq mühitində özünü rahat hiss etməsindən qaynaqlanır: “Avropa İnsan Haqları Məhkəməsinə gəlincə, bu qurum ilk növbədə Ermənistanın içğalçılıq siyasəti ucbatından öz ata-baba yurdundan didərgin düşmüş, aralarında elə Ramil Səfərovun özünün və yaxınlarının olduğu 1 milyondan artıq azərbaycanlının, Xocalı soyqırımı zamanı ermənilərin insanlıq əleyhinə cinayətinin qurbanı olmuş 613 nəfər soydaşımızın pozulmuş hüquqlarını bərpa etmək barədə qərarlar çıxarsa, daha ədalətli olardı”.