Könüllü qəhrəmanların növbəti görüşü baş tutubbackend

1 iyul 2020-ci il tarixində ölkənin dörd bir yanından Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzinin (AKƏM) fəaliyyətinə qoşulan 300-ə yaxın könüllünün, AKƏM katibliyi, könüllü təşkilat və hərəkatlarının nümayəndələrinin iştirakı ilə video formatında növbəti onlayn konfrans keçirilib.
“Könüllü Qəhrəmanların İyun Görüşü” adı altında keçirilən video-konfransda iyun ayı ərzində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizə çərçivəsində görülən işlərlə bağlı məlumatlar bölüşülüb, növbəti aylar üçün nəzərdə tutulan işlər və təklif olunan fəaliyyət planı ilə bağlı müzakirələr aparılıb.
Görüşdə bildirilib ki, iyun ayı ərzində də AKƏM-in fəaliyyəti çərçivəsində koronavirus (COVİD-19) pandemiyası ilə mübarizəyə dəstək xarakterli bir sıra layihələr və aksiyalar həyata keçirilmişdir. Ölkə başçısının “Biz birlikdə güclüyük!” şüarını rəhbər tutaraq, respublikanın şəhər və rayonlarında, o cümlədən, paytaxt Bakı şəhərində “Bir-birimizi qoruyaq!” aksiyası keçirilmiş və aksiya çərçivəsində ümumilikdə 552 nəfər könüllünün iştirakı ilə 400 mindən artıq vətəndaş maarifləndirilmiş və onlara tibbi maska, əlcək, qoruyucu ləvazimatlar və 200 mindən çox maarifləndirici bukletlər paylanılmışdır.
Könüllülər vətəndaşların maarifləndirilməsinə kreativ yanaşaraq, əhalinin çox olduğu məkanlarda vətəndaşlarla koronavirus və onunla mübarizə mövzusunda sorğu-viktorina keçiriblər.
Həmçinin, ümumilikdə 427 könüllülünün iştirak etdiyi “Maskadan istifadə et” və “Sosial məsafə gözlə” adlı aksiyalar zamanı, respublikamızın şəhər və rayonlarında, xüsusilə də qapalı məkanlarda insanlar arasında şifahi şəkildə maarifləndirmə aparılması və bukletlərin paylanması yolu ilə sosial məsafənin qorunması, maskadan istifadənin önəmi barədə məlumat verilib. Bu aksiya çərçivəsində 102500-dən çox vətəndaşa maarrifləndirici məlumatlar çatdırılıb.
Bundan əlavə, könüllülərin pandemiya dövründəki asudə vaxtının səmərəli təşkili və intellektual bacarıqlarının inkişaf etdirilməsi məqsədilə Azərbaycan Könüllülərinin Əlaqələndirmə Mərkəzi tərəfindən “Evrika” intellektual oyun-müsabiqə da təşkil edilib. 10 gün müddətində GencApp mobil tətbiqi üzərindən həyata keçirilən müsabiqədə, könüllülərə hər gün müxtəlif suallar ünvanlanıb və qalib könüllülər mükafatlandırılıb.
Pandemiya ilə mübarizədə ölkəmizi sağlam gələcəyə qovuşdurmaq üçün misilsiz fədakarlıq göstərənlər arasında ilk sırada tibb işçiləri, hüquq mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər, hərbçilər və digər peşə sahibləri dayanır. Azərbaycan könüllüləri bu çətin günlərdə gecə-gündüz bilmədən vətəndaşlarımızın sağlamlığının və ictimai asayişin keşiyində duranlara təşəkkürlərini bildirmək məqsədilə iyun ayında “Könüllüdən təşəkkür məktubu” adlı aksiya da həyata keçirib.
İyun ayının təqvimində şanlı izlər buraxan tarixi hadisələr də yaddan çıxarılmamış, karantin rejimi nəzərə alınaraq, bu günlərə həsr edilmiş konfrans və tədbirlər onlayn formatda keçirilmişdir. Milli Qurtuluş Günü münasibətilə təşkil edilən “Şərəfli tariximiz” adlı onlayn tədbirdə müxtəlif təşkilatları təmsil edən könüllülər tərəfindən Ulu Öndər Heydər Əliyevin xalqın təkidi ilə ikinci dəfə hakimiyyətə gəlməsi, ölkənin gələcəyi üçün məsuliyyəti öz üzərinə götürərək, həyata keçirdiyi uğurlu daxili və xarici siyasəti ilə hazırda qazanılan uğurların əsasını qoyduğu diqqətə çatdırılıb. Onlayn tədbir 7000-dən çox gənc tərəfindən izlənilərək, uğurla yekunlaşmışdır.
Görüşün sonunda iyun ayı ərzində xüsusi fəallığı ilə seçilən 30 könüllü “Ayın könüllüsü” adına layiq görülüb və mükafatlandırılıb.