Koronavirus testləri “ölü” virusu da pozitiv göstərə bilər – SENSASİYAbackend

Koronavirus testləri yoluxub sağalmış insanlardakı “ölü” virusu aşkarlaya və pozitiv nəticələr verə bilər.

“Yeni Gündəm” xəbər verir ki, bu qənaətə Böyük Britaniyanın Oksford Universitetinin araşdırmaçıları gəliblər.

Alimlər vurğulayıblar ki, koronavirusu aşkarlamaq üçün istifadə olunan əsas və ən geniş yayılmış testlər o qədər həssasdır ki, cəmi bir həftə aktiv olan virusu bir neçə həftə sonra götürülən nümunələrdən də aşkarlaya bilir: “Bu amil pandemiyanın gerçək vəziyyətini görməyə və təhlil etməyə mane olur. Həmçinin artıq sağalmış insanların pozitiv nəticələr səbəbilə gərəksiz yerə xəstəxanaya yerləşdirilməsi onların yenidən yoluxma riskini artırır, vaxt itkisinə və xəstəxanalarda aktiv viruslu xəstələrə tibbi xidmət, çarpayı çatışmazlığına gətirib çıxarır”.

Lakin bəzi alimlərin qənaətincə, testlərin həssaslığı zəruridir və nəticələrdə yayınma riskini istisna edir. Çünki bəzi xəstələrdə virusun aktiv dövrü daha uzun müddətli olur.

Britaniyalı mütəxəssis Karl Heneqanın fikrincə, test nəticələri ayrı-ayrı təhlil olunmalı və “cüzi miqdarda” virus fraqmentlərinin aşkarlanması nəticənin pozitiv olmasına əsas verməməlidir.

Oksford Universitetinin əməkdaşları isə çıxış yolunu nümunələrin laboratoriyalarda xüsusi şəraitdə “yaşadılmasında” görürlər. Bu mühitdə inkişaf edə bilən aktiv viruslar və artıq inkişaf edə bilməyən “ölü” viruslar ayırd edilməli və nəticələrin pozitiv və ya neqativ olması buna söykənməlidir.

Ekspertlər qeyd edir ki, götürülmüş bütün nümunələrin bu üsulla yoxlanılması praktiki baxımdan qeyri-mümkündür və bəzi test modelləri tamamilə fərqli metodlarla oxunur.

İstənilən halda “ölü” virusların da pozitiv nəticələr verə bilməsi statistik nəticələrin gerçək mənzərəni əks etdirmədiyini göstərir və yeni dalğa yayılanadək istifadə olunan metodlara, indikatorlara yenidən baxılması zəruridir.Report