Koronavirusdan sağalan şəxs həkimlərinə təşəkkür etdi-FOTOLARbackend

Dünyanı cənginə alan koronavirus daim göz önündə olan müəllim, hərbçi, mühəndis, hüquqşünas və s. peşələri arxa plana keçirib. Hazırda dünya və yerli medianın başlıqlarında, ön planında ağ xalatlı, qoruyucu geyimdə, pasientin başı üstündə dayanan həkimlər dayanır.
Əminliklə, günümüzün qəhrəmanlarına çevrilən həkimlər koronavirus xəstələri, bu virusa yoluxduğunu düşünənlər üçün ümid yerinə çevrilib. Pasientlərlə təhlükəli təmasdan çəkinməyən həkimlər bəzi hallarda xəstəliyin qurbanına da çevrilirlər.
Koronavirusa yoluxan və bu günün qəhrəmanları,həkimlərimizin sayəsində sağlamlığına qovuşan A.Məmmədova(ad şərtidi) Qanunla.Az saytının vasitəsilə Dr.Polina Aliyeva, Dr.Sahilə Mirzəyeva, Dr.Arifə təşəkkür edib.

Qanunla.Az mətni sizlərə təqdim edir:

Ətrafımızı saran bu, Koronavirus bəlasından məndə bir neçə gün öncə öz nəsibimi aldım. Yüksək temperatur, halsızlıq, iştahasızlıq, dadbilmə qabiliyyətimin itməsilə başladı xəstəlik. İlk günlər hər şeyi kondisionerin üzərinə yıxsam da, zaman keçdikcə “YOX bu mən deyən deyil” deməyə başladım. Zamanla qızdırma əleyhinə içdiyim dərmanlar da, effekt vermirdi artıq.Tək yaşadığım üçün izolyasiya məsələsi də, problemə çevrilmədi. Bir müddət sonra yataqdan qalxamaz ,nəfəs alamaz vəziyyətə gəldim. Nəhayət “Koronafobiya”ma qalib gələrək 103-ə zəng etməyə qərar verdim. Məni 28 sayli Birləşmiş Şəhər Xəstəxanasının nəzdində Covid-19 xəstələri üçün hazırlanmış modul tipli xəstəxanaya gətirib yerləşdirdilər. Dərhal müayinə və müalicələrə başlanıldı. Müalicəyə başlanılan gündən 3 gün sonra artıq temperaturum yox idi, təngənəfəsliyim də azalırdı. Hər səhər gözlərimi açdığımda başımın üzərində özlərindən əmin şəkildə “Bu gün özünüzü necə hiss edirsiniz?” sualını verən”, “həkim mən sağalacam görəsən?” soruşanda isə böyük inamla “sən artıq sağalmısan” deyən, simalarını izolyasiya məqsədilə geyindikləri  “əcaib” uniformaların ucbatından görə bilmədiyim, sadəcə üzərlərində qələmlə adları yazılmış (Dr.Polina Aliyeva, Dr.Sahilə Mirzəyeva, Dr.Arifə və.s) o “gizli qəhrəmanlar”-həkimlər sayəsində səhhətimə sürətlə qovuşdum. Mən və mənim kimi və ya daha da ağır xəstələrlə hər gün gecə-gündüz demədən o, havakeçirməyən uniformaların içində, yemədən-içmədən, koridordan ucalan “həkim 331-ci palatadakı xəstənin halı pisdi” səsə doğru sürətlə qaçıb dərhal müdaxiləyə başlayan, ailələrindən övladlarından, ata analarından ayrı düşmüş bu gizli qəhrəmanlarımızın qarşısında baş əyirəm!
Eşq olsun Sizin kimi vicdanla öz vəzifəsini yerinə yetirən Azərbaycan Həkimlərinə!
Bu yolda öz canını heçə sayan, dünyasını dəyişən həkimlərə də, Allah rəhmət eləsin. Mən artıq yaxşıyam dostlar.Evimə qovuşduğum üçün çox sevinirəm.
Özünüzü və yaxınlarınızı qoruyun, maska taxın, evdə qalın!!!