Laçının bərpa prosesi gözlədiyimizdən də artıq sürətlə davam edir – Mahir Abbaszadəbackend

Ötən həftə, avqustun 26-da Azərbaycan özünün ali rəhbəri ilə bir yerdə, böyük sevinc hissi ilə işğaldan azad edilmiş Laçının Şəhər Gününü qeyd etdi. Prezidentin Özbəkistan Prezidenti ilə Füzulidəki açılışlarda iştirakı, oradan Şuşaya, Kəlbəcərə, sonra Laçına gəlişi və Laçın Şəhər Günü ilə bağlı etdiyi çıxışlar, laçınlılarla görüşü zamanı dediyi sözlərlə bir daha dünyaya mühüm mesajlarını ötürmüş oldu. “Həftə içi”nə müsahibəsində Milli Məclisin deputatı Mahir Abbaszadə mühüm məqamlara diqqət çəkib.

– Ötən həftə Laçın Şəhər Günü böyük təntənə ilə qeyd edildi.  Prezident İlham Əliyevin bu tarixi günlərdə Laçına səfəri və orada etdiyi çıxışlar nədən xəbər verir?

– Möhtərəm Prezident, cənab İlham Əliyevin sərəncamı ilə avqust ayının 26-da “Laçın şəhər günləri” qeyd edildi.  Bu münasibətlə Laçına gedən Prezident İlham Əliyev və ölkənin Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva şəhərə köçürülmüş laçınlılarla görüşdü. Bu görüş, təbii ki, hər bir laçınlının həyatında olduqca yaddaqalan günlərdən biri olacaq.

Şəhər gününün qeyd edilməsi hər bir laçınlının içindəki fəxarət hissini artırdı. Məcburi köçkün düşmüş insanlar 30 il müddətində bu torpaqdan ayrı düşsələr də bu qayıdış onların qəlbində xüsusi bir dilək, istək olaraq daim özünəməxsus bir yer tuturdu.

Cənab Prezident Laçında, laçınlılarla görüşündə bir daha çox ciddi bəyanatlar verdi.  Həmin bəyanatlar göstərir ki, Azərbaycan işğaldan azad olunan ərazilərdə, konkret olaraq Laçın rayonunda bərpa quruculuq prosesini sürətlə davam etdirməkdə, əhalinin yenidən bu yerlərə köçürülməsini təmin etməkdə, sərhədlərimizdə sülhün və təhlükəsizliyin davam olunmasında  israrlıdır.  Onu da qeyd etmək lazımdır ki, aparılan bu quruculuq, məskunlaşma işləri göstərir ki, Azərbaycan dövləti bu yolda işlərini qətiyyətlə, sürətlə davam etdirir. Düşünürəm ki,  sonunda biz Laçın rayonundan məcburi köçkün düşmüş insanların hamısını öz ata-baba yurdlarına qaytara biləcəyik.

– Laçına qayıdışımız fonunda bərpa, məskunlaşma prosesini necə dəyərləndirərdiniz? Laçının neçə kəndi öz sakinlərini qəbul edib, neçəsi bu qəbula hazırdır?

– Son vaxtlar Laçın rayonunun şəhər mərkəzinin və Zabux, Sus kəndlərinin bərpa prosesinin sürətlə həyata keçirilməsi nəticəsində əhalinin geri qaytarılması ardıcıl şəkildə davam edir. Bu fonda Laçının bərpa prosesi gözlədiyimizdən də artıq sürətlə davam edir. Laçın şəhər mərkəzinə bu günə qədər təxminən 250-dən artıq ailənin köçürülməsi təmin edilib. Bu da təxminən 1000 nəfər deməkdir ki, artıq Laçının sakinləri öz ata-baba yurdlarında yaşamağa başlayıblar. Bununla  bərabər həm də Laçın  rayonunun Zabux kəndinə 223 ailənin köçürülməsi nəzərdə tutulur. Amma ilkin mərhələdə Zabuxa 20 ailənin köçürülməsi təmin edilib. Düşünürəm ki, ilin sonuna qədər həm rayonun şəhər mərkəzinə, həm də  Zabux kəndinə köç prosesi sürətlə davam edəcək.  Bizdə olan məlumatlara görə ilin sonuna qədər 1000 ailənin Zabuxa və şəhər mərkəzinə köçürülməsini təmin edəcəyik ki, bu da Laçın rayonunun bərpa-quruculuq prosesinin sürətlə aparılmasının, eyni zamanda insanların geri qayıdışı ilə öz məcrasına dönüşünün göstəricisidir.

– Şərqi Zəngəzur iqtisadi rayonunda məskunlaşma üzrə göstəricilərə diqqət çəkən ekspertlər Laçında aparılan məskunlaşmanın daha tez və əhatəli başlamasının xüsusilə strateji əhəmiyyətə malik olduğunu qeyd edir. Mahir müəllim, Laçına qayıdışın daha təkmil və sürətlə aparılması bölgə ilə bağlı proseslərə nə vəd edir?

– Laçın  rayonunun yerləşmə coğrafiyasına baxsaq görərik kı,   rayon Ermənistanla sərhəd rayonları içərisində ən yaxın  məsafədə yerləşir. 1992-ci ildə Birinci Qarabağ müharibəsi dövründə də məhz Laçının və Şuşanın ermənilər tərəfindən işğal edilməsi Qarabağla Ermənistan arasında coğrafi bağlantının yaranmasına səbəb oldu ki, bundan sonra düşmənin bütün silah-sursatı ilə Qarabağa daşınması təmin edilirdi. Və bundan sonra Azərbaycanın digər torpaqlarının işğal prosesi sürətlə həyata keçirildi.

Laçın rayonunun böyük strateji əhəmiyyəti ondan ibarətdir ki, rayon sərhəddə yerləşir. Bizim qayıdış prosesini sürətlə həyata keçirməyimiz və rayonda sürətlə formalaşmağımız düşmən tərəfə  açıq-aşkar  mesaj verir ki, bu yerlərin daimi sakinləri qayıdıblar, azərbaycanlılar artıq sərhədlərdə möhkəmlənir. Eyni zamanda Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda quruculuq işlərinin həyata keçirilməsi göstərir ki, Azərbaycan dövləti həm sərhədlərdə, həm də Qarabağda apardığı bərpa-quruculuq işlərini təsadüfi proses olaraq həyata keçirmir, nə etdiyini bilir.

– Necə hesab edirsiniz, Laçına qayıdışımız bölgə, bütövlükdə Laçın ətrafında Ermənistandan qaynaqlanan, xaricdə kampaniya xarakterli başladılan “törəmə sərhəd-keçid” müzakirələrinin qarşısını ala biləcəkmi və düşmənlərimizə, bu bölgədə marağı olan güclərə nəyi anladacaq?

– Xatırlayırsınızsa, 2021-ci il dekabrın 21-də  cənab Prezident  əhaliyə müraciət edən zaman qeyd edirdi ki, Laçın rayonunun statusu ilə bağlı əvvəl 35 kilometr,  sonra 25, daha sonra 20, 10, nəhayət 5 kilometrin dəhliz olmasına razılaşdıq. Bu da yeni yol qurulduqdan sonra  Laçının mərkəzi,  Zabux və Sus kəndlərinin boşaldılmasını nəzərdə tuturdu. Biz tez bur zamanda bunu həyata keçirdə bildik. Biz o zaman ermənilərin Laçın ərazisindən keçən Ermənistan-Xankəndi yolundan istifadə etməsinə imkan verirdik.  Amma sonralar gördük ki, ermənilər həmin humanitar məqsədli yoldan hərbi məqsədlər üçün istifadə etməyə başladılar. Eləcə də, başqa ölkələrdə axtarışda olan cinayətkarların bu yoldan asanlıqla gediş-gəlişinin təmin edildiyini müşahidə etdik. Belə olan halda təbii ki, Laçın yolunda Azərbaycan sərhəd keçid buraxılış məntəqəsinin qoyulması mütləq idi və biz buna nail ola bildik. Amma Azərbaycan humanist davranışı ilə bu gün də həmin sərhəd məntəqəsindən erməni əsilli şəxslərin rahat şəkildə gediş-gəlişini təmin edir və bütün dünya da bunu izləyir.

Təbii ki, buraxılış məntəqəsinin qurulması Azərbaycanın sərhəd təhlükəsizliyinin, güclərinin artırılmasına imkan yaratdı. Biz birinci növbədə sərhəddə sərhəd keçid məntəqəsi qurmaqla  erməni silahlı qüvvələrinin Qarabağa silah daşımasının qarşısını aldıq, sərhədlərimizdə təhdid yarada biləcək hərbi postların kənara çəkilməsinə nail ola bildik. İnsanlarımızı, bu yerlərin əzəli sakinlərini öz evlərinə, yurdlarına köçürməklə həm də göstərdik ki, bu ərazilərdə nə qədər erməni və digər postların olmasına baxmayaraq, Azərbaycan öz ərazilərində, sərhədində möhkəmlənməkdə davam edir. Azərbaycan xalqı öz Ali Baş  Komandanına, öz ordusuna inanır. İnanır ki, Silahlı Qüvvələrimiz Azərbaycanın sərhədində kifayət qədər etibarlı şəkildə dayanıb,  möhkəmdir.  İnanıram ki,  bundan sonra da Azərbaycan Ordusu həm sərhəd keçid məntəqəsində, həm də sərhədlərimizdə güclü, əzimli şəkildə xidmət aparacaq, bu əraziyə köçürülmüş əhalimizin təhlükəsizliyi ən yüksək səviyyədə təmin ediləcəkdir.

– Ermənistan 10 noyabr üçtərəfli Bəyanatından irəli gələn bu və ya digər öhdəliklərini yerinə yetirmir, hərbi təxribatlar törədir, “Laçın yolu ilə bağlı” məsələni beynəlxalq müstəviyə daşımaqla vəziyyəti gərginləşdirmək, bundan özlərinə “status” qazanmağa çalışır, müxtəlif manipulyasiyalara əl atırlar…

– 10 Noyabr bəyanatının müddəalarına uyğun olaraq, Rusiya sülhməramlıları Qarabağda fəaliyyətə başlayan ilk zamandan etibarən həmin ərazilərimizdə qalan qeyri-qanuni erməni silahlı  birləşmələrin dərhal ərazidən çıxarılmasını təmin etməli idi. Təbii ki, bu öhdəliyi Ermənistan tərəfi öz üzərinə götürüb. Digər tərəfdən, Rusiya da öz üzərinə öhdəlik götürüb ki, bu prosesin həyata keçirilməsində fəal rol oynayacaq. Biz sonrakı mərhələlərdə gördük ki, 10 Noyabr bəyanatının müddəaları icra edilmir, bəzən sülhməramlılar Qarabağda olan  erməni qeyri-qanuni silahlı birləşmələri sanki himayə edib ərazidə qalmasını təmin edir. Belə olan təqdirdə Ermənistan Qarabağda qalan silahlı qüvvələrini çıxartmaq əvəzinə beynəlxalq ictimaiyyəti çaşdırmaq məqsədi ilə müxtəlif manipulyasiyalara əl atır və bununla da guya Qarabağda yaşayan erməni azlığının humanitar fəlakətlə üzləşdiyini iddia edir, müxtəlif cəfəng çıxışlarla prosesi başqa istiqamətə yönəltməyə çalışırlar. Təbii ki, bu oyunların hamısı Laçın sərhəd buraxılış məntəqəsinin qapadılmasına, eləcə də həmin yoldan istifadə edərək öz mənfur, revanşist niyyətlərini gerçəkləşdirməyə yönəlib.  Ermənistan və onun beynəlxalq müstəvidəki himayədarları erməni humanitar yüklərin Laçından keçərək Qarabağa aparılmasını iddia etməklə özlərinin birbaşa beynəlxalq hüququ pozduqlarının fərqində olduqları halda öz iddialarını həyata keçirmək üçün əllərindən gələn cəhdləri edirlər…

Azərbaycan Dövləti, xalqı artıq son 30 ildə bu cür erməni riyakarlığını və beynəlxalq təşkilatların ikilistandartlı fəaliyyətini görüb və artıq özünün hədəflərini qəti şəkildə müəyyən edib.

Onu da  qeyd etməliyik ki, Azərbaycan Ordusu istər sərhədlərimizdə, istərsə də Qarabağın içərisində antiterror əməliyyatları aparmağa hazır vəziyyətdədir. Erməni separatçıları artıq başa düşməlidir ki, biz nəinki torpaqları işğaldan azad etmişik, həm də  o torpaqlarda bərpa-quruculuq  işlərini də həyata keçirmişik və bu proses  davam edəcək. Biz sürətlə Laçının kəndlərinə və rayon mərkəzinə köç prosesini həyata keçirdirik. Eyni zamanda biz Füzuliyə, Zəngilanın Ağalı kəndinə, Talış kəndinə ailələrin köçürülməsini təmin edə bilmişik. İlin sonuna qədər həm Cəbrayıla, həm Füzuliyə, Şuşaya, Laçına köç prosesi intensiv davam edəcək. Bu onu göstərir ki, Azərbaycan Dövləti bir tərəfdən, işğaldan azad etdiyi torpaqları qurur, yaradır, başqa bir tərəfdən isə bu torpaqlarda təhlükəsizlik tədbirlərini uğurla həyata keçirdir. Eyni zamanda bu torpaqlardan məcburi köçürülən insanların öz yurduna geri qaytararaq onların öz ərazilərində, öz ata-baba yurdlarında  yaşayışını təmin edir.

Qarabağdakı separatçılar bir daha başa düşməlidirlər ki,  bu prosesin geriyə dönüşü yoxdur. Proses irəlilədikcə Azərbaycan öz sərhədlərində daha da möhkəmlənəcək. Proses qabağa getdikcə biz daha çox məcburi köçkünü öz yurdlarına qaytara biləcəyik. Təbii ki, hansısa “kölgə”lərə güvənərək, Qarabağda gizlənən separatçıların bir gün sonu gələcək. Azərbaycan Silahlı Qüvvələri bütün ərazisində, eləcə də ermənilərin məskunlaşdığı Xankəndidə də öz sözünü deyəcək və bütün məsələlər kökündən həllini tapacaq. Laçın Şəhər Günü bu gün həm də hər kəsə bu mesajlarını bir daha vermiş oldu.

Laçınlı günümüz xeyirli olsun…

!160x600_sol

!160x600_sag