Lerikdə icra başçısının görüşü: “Müavini kənddən qovmaq istəyiblər” – VİDEObackend

Son illər yerli icra hakimiyyətləri ilə bağlı şikayətlər artmağa başlayır.

Bu da həmin məmurların ölkə başçısının və xalqın etimadını doğrultmadığı ilə əlaqədardar.

Şikayət edən Lerik sakinləri də ölkə yerli məmur özbaşnalığından gileylənirlər.

Onlar deyirlər ki, Londonda təhsilli icra başçısı Əkbər Abbasovun təyinatından sonra bir qədər ümid yaransa da, qısa zamanda heç bir nəticənin olmadığı aydın olub. Çünki yeni başçı da köhnə komanda ilə işləməkdə maraqlıdır. Həmin komanda isə 20 ildən çoxdur Lerik əhalisinə zülm edir.

Lerik sakinləri bildiriblər ki, bununla bağlı ölkə başçısına da şikayət məktubu ünvanlamağa hazırlaşırlar. Onlar ümid edirlər ki, mediada işıqlandırılan məlumatlardan da şübhəsiz ölkə başçısının xəbəri var.

Bildirilir ki, Əkbər Abbasov rayonu korrupsiya yuvasına çevirən, əhalinin rayondan didərgin düşməsinə səbəb olan üç məmura– Cəlil Baxşıyev, Habil Məlikov və Əlipənah Bayramova qarşı heç bir hüquqi tədbir görməyib. Hətta onun Əlipənah Bayramov kimi rüşvət almaqda ittiham edilən (bununla bağlı sosial mediada səs yazısı yayılıb) bir məmuru önə çəkməsi də narazılıqla qarşılanır.

“Məsələn, bir neçə gün öncə Mulalan kəndində icra başçısı əhali ilə görüşəndə sakinləri onunla görüşə gələn Bayramovu kəskin tənqid ediblər. Ondan kəndi tərk etməyi tələb ediblər. Maraqlı da odur ki, Əkbər Abbasov belə bir məmurla fəaliyyətini davam etdirir, hələ onu daha da önə çəkir…”

Leriklilər Bayramovla bağlı bir faktı da diqqətə çatdırıblar: “Bu, həmin Əlipənah Bayramovdur ki, əgər yeni icra başçısı “Youtube” və “Google” platformalarında axtarış aparsa, onun icra başçısının adından Orandkənd sakini,  İcra Hakimiyyəti başçısının Orand İnzibati Dairəsi üzrə nümayəndəsinin müavini işləmiş Vaqif Cənnətovdan necə rüşvət tələb etməsinin və onu hədələməsinin şahidi olacaq. Bu, sadə bir fakt deyil, məhz Əlipənah Bayramovun səs yazısı bütün media orqalarında yayılıb. O, Cənnətovu hədələyirdi ki, əgər icra başçısının tələb etdiyi pulu çatdırmasa, başı ağrıyacaq. Ola bilərki, Bayramov indi bunu əvvəlki başçının tapşırığı kimi qələmə verib, canını qurtarmağa çalışacaq. Amma intellektual bir şəxs olan Əkbər Abbasov belə bir məmurun komandasında təmsil olunmasına necə razı ola bilər? Niyə hər yerdə deyir ki, heç kəsə toxunmayacağam, bu kadrlarla da işləyəcəyəm?”

“Digər bir məmur isə Habil Məlikovdur ki, uzun illərdir əhali ondan ölkə başçısına şikayətlər ünvanlayır. Rayonda ən yarıtmaz kadrlardan biri kimi tanınır. Lerikdə onun haqqında tez-tez bir el məsələli xatırlanır: “Ortada yeyib, qıraqda gəzir”. Rayondakı bütün korrupsiya layihələrində onun imzasını tapmaq olur. Eyni zamanda, rayonda ayrı-seçkilik salan məmurlardan da biridir. Nəticədə İcra Hakimiyyəti dedi-qodu obyektinə çevrilib, – deyə məktubda qeyd olunur.

“Başçının birinci müavini Cəlil Baxşıyevdən isə danışmağa dəyməz. Onun fəaliyyəti bütün leriklilərə aydındır. Elə “Youtube” və “Google”də axtarış verilsə, bütün məlumatlar onun necə bir məmur olduğunu aydın göstərəcək”, – sakinlər icra başçısına səsləniblər.

Sakinlər iddia edirlər ki, Baxşıyev “Relax” İstirahət Mərkəzinin sahibi, Vergilər Nazirliyinin əməkdaşlarını döydürməklə gündəmə gələn deputat İqbal Məmmədovun yaxın adamıdır. Onların dediyinə görə, Baxıyevin vəzifəsində qalması və rayonu çapıb-talaması da elə deputatın himayəsində olduğuna görədir.

İqbal Məmmədov isə deputat kimi sakinlərin etimadını qazana bilmir, sakinlərlə demək olar ki, maraqlanmır.

Məsələ ilə bağlı Lerik Rayon İcra Hakimiyyətindən münasibət almaq mümkün olmayıb.

Demokrat.az