Lerik rayonunun Monidigah kəndində I Qarabağ müharibəsi şəhidi mayor Sabir Əliyevin xatirəsinə inşa edilmiş bulaq kompleksi yararsız hala salınıb. Şəhidin mərmərdən olan fotosunun üzəri cızılıb.
Bu iddia ilə “Qafqazinfo”ya şəhidin yaxını Ramin Nəzərov müraciət edib.
Onun sözlərinə görə, hadisə sentyabrın 7-si gecə saatlarında baş verib: “Sentyabrın 8-də şəhidin adına bulaq kompleksinin açılışı olmalı idi. Bir gün əvvəl gecə saatlarında şəhidin abidəsi üzərində vandalizm hərəkətləri ediblər. Səhər gəlib gördük ki, nə bulağın özünə, nə yeni salınmış körpüyə heç bir zərər vurulmayıb, ancaq şəhidin portreti bu hala salınıb. Açılışa şəhid ata-anaları gəlmişdi, onlar da bunu görüb sanki yaraları təzələndi”.
R.Nəzərov bildirib ki, açılış bitəndən sonra hadisə ilə bağlı polisə məlumat verilib: “Hadisədən 5 gün keçməsinə baxmayaraq, hələ ki, saxlanılan yoxdur. Bu açıq-aşkar təxribatdır, dövlətə qarşı, onun azadlığı uğrunda canından keçən şəhidə qarşı vandallıqdır. Biz istəyirik ki, bu hadisəni törədənlər dərhal müəyyənləşdirilsin”.
Qeyd edək ki, Əliyev Sabir Xeyrulla oğlu I Qarabağ müharibəsində Ağdam və Füzuli istiqamətində vuruşub, 1995-ci ildə Horadizin azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Hazırda Monidigah kənd tam orta məktəbi şəhidin adını daşıyır.