Lerikin yeni icra başçısının “tapşırıq siyahısı”: köhnə məmurlar necə xilas olurlar?backend

Londonda təhsilli icra başçısının təyinatından sonra da Lerikdə sular durulmur. Əhali hələ də Rövşən Bağırovdan qalan süründürməçi və talançı komandanın idarəçiliyində çabalayır. Bir aydan artıq vaxt keçsə də, Əkbər Abbasov rayonda ciddi kadr islahatları apara bilməyib.

Ötən yazımızda qeyd etdiyimiz kimi, “köhnə komanda” yeni və gənc icra başçısına ciddi dirəniş göstərir. Bu da, deyəsən, leriklilərdə ciddi xəyal qırıqlığı yaradır.

Rayondan gələn şikayətlərdən aydın görünür ki, köhnə komanda qismən də olsa, niyyətini gerçəkləşdirə bilib.Yəni “təzə də köhnədən yaxşı olmayacaq” ifadəsi artıq Lerikdə xalq arasında yayılmaqdadır. Halbuki buna qədər lerikllər ümid edirdilər ki, Əkbər Abbasov rayonu korrupsiya yuvasına çevirən, əhalinin rayondan didərgin düşməsinə səbəb olan azı üç məmuru – Cəlil Baxşıyev, Habil Məlikov və Əlipənah Bayramovdan yaxasını qurtaracaq.

Bəs, nə baş verir? Rayondan aldığımız məlumata görə, yeni icra başçısı yalnız Cəlil Baxşıyevin idarəetmədəki fəaliyyətini məhdudlaşdırıb, hər gün demək olar ki, digər iki şəxslə – Habil Məlikov və ƏlipənahBayramovla məsləhətləşir.

Həmin Əlipənah Bayramov ki, əgər yeni icra başçısı “Youtube” və “Google” platformalarında axtarış aparsa, onun icra başçısının adından Orandkənd sakini,  İcra Hakimiyyəti başçısının Orand İnzibati Dairəsi üzrə nümayəndəsinin müavini işləmiş Vaqif Cənnətovdan necə rüşvət tələb etməsinin və onu hədələməsinin şahidi olacaq.

Bu, sadə bir fakt deyil, məhz Əlipənah Bayramovun səs yazısı bütün media orqalarında yayılıb. O, Cənnətovu hədələyirdi ki, əgər icra başçısının tələb etdiyi pulu çatdırmasa, başı ağrıyacaq. Ola bilərki, Bayramov indi bunu əvvəlki başçının tapşırığı kimi qələmə verib, canını qurtarmağa çalışacaq. Amma bəs, London təhsilli, intellektual bir şəxs olan Əkbər Abbasov belə bir məmurun komandasında təmsil olunmasına necə razı ola bilər?

Əlipənah Bayramovun rüşvət istəməsinin səsyazısı:

 

Əldə etdiyimiz məlumata görə, artıq dostluq və qohumluq prinsipləri yeni təyinatların da idarəetmə fəlsəfəsinə çevrilir.Belə ki, Əlipənah Bayramov özü də etiraz edir ki, onu Şamaxıdan olan icra başçısına tapşırıblar. Bu tapşırıq da icra başçının yeni kadr təyinatları və hədəfləri qarşısında ona “toxunulmazlıq” şansı verib.

Əlipənah Bayramovdan fərqli olaraq, Cəlil Baxşıyevi isə hətta deputat İqbal Məmmədovun tapşırıqları və xahişləri də xilas edə bilməyib. Hərkəs yeni başçının Baxşıyevlə işləməyəcəyi qənaətidədir.

Digər bir “odioz” fiqur isə bütün rayonu intriqa mənbəyinə çevirən Habil Məlikovdur. Bu, o, Habil Məlikovdur ki, indiyə qədər bir neçə icra başçısını yola salıb, kasıb, güzaranı ağır olan leriklilərə rəğmən, özünə kral həyatı qurub. Hətta özünü yeni icra başçsına savadlı kadr kimi təqdim etməklə göstərməyə çalışır ki, bu olmasa, Lerikdə heç bir iş qaydasında getməyəcək.

Əslində, hər bir lerikli bilir ki, Habil Məlkov orta məktəb şagirdi səviyyəsində savadı olan bir şəxsdir. O, uzun illər rayonun Maliyyə şöbəsinin müdiri olmuş atasının imkanları hesabına təhsil alıb. Bunu London təhsilli, kifayət qədər savadlı gənc olan Əkbər Abbasov görməyə bilməz…

Habil Məlkovu kim tapşırıb? Lerikdən verilən ilginc məlumatda deyilir ki, Habil Məlikovu yeni icra başçısına Mingəçevirdən olan qudası tapşırıb. Bildirilir ki, yeni icra başçısını “təcrübəsiz”, “uşaq –muşaq” kimi təqdim etməkdən belə çəkinməyən Məlikov da Abbasovun “tapşırıq siyahısı”nda yer alıb.

Lerikdə keçirilən və korrupsiya mənbəyi olan bütün tenderlərə imza atan, Fövqəladə Hallar Komissiyasının sədri olmasına baxmayaraq, heç bir “yaralı barmağa dərman olmayan” Məlkovun var-dövlətini, korrupsioner əməllərini araşdırmaq da məhz yeni icra başçısının əsas vəzifəsi olmalıdır.

Lerik sakinləri hələ də ümid edirlər ki, icra başçısı bu qədər özbaşnalığa, süründürməçiliyə, bacarıqsız kadrların üzündən xarabaya çevrilən rayonun taleyinə biganə qala bilməz, ondan asılı olan bütün problemləri, neqativləri həll edəcəklər.

Onlar hesab edir ki, bu, həm də Əkbər Abbasovun aktivinə yazılacaq. Əks halda, rayon sakinləri yenə də ölkə başçısına, Birinci vitse-prezidentə üz tutacaqlarını deyirlər.

İndi sıra Əkbər Abbasovundur. O, Prezidentin ona etimadını doğrultmalı, xalqın qanını soran bu məmurlardan Leriki xilas etməlidir…

JAMAZ.İNFO