Qətnamədə Azərbaycan əleyhinə əsassız iddialar yer almaqla yanaşı, Azərbaycanda keçirilən seçkilər haqqında da böhtan dolu fikirlər yer alıb.
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) bu ilin yanvar ayında Azərbaycan nümayəndə heyəti haqqında qəbul etdiyi qanunsuz qərara Lüksemburqu qurumda təmsil edən deputatlar da səs vermişdi. Haqlı olaraq, dövlətimiz də həmin qərara səs verən AŞPA-nın 76 deputatını, o cümlədən lüksemburqlu deputatlar Oktavi Moder və İv Kruxteni “persona non-qrata” elan edib.
Lüksemburq parlamentinin qəbul etdiyi qətnamədə bu deputatlar haqqında qərarın ləğv edilməsinə “çağırış” olunur. Lakin Luksemburqlu deputatlar AŞPA kimi özünü “demokratik” təsisat hesab edən bir qurumda Avropa Şurasının daxili prosedurlarını kobud şəkildə pozaraq, birtərəfli qaydada Azərbaycandan olan parlamentarilərin etimadnaməsini tanımasının əleyhinə səs verdilər. Onlar sözügedən qətnaməni dəstəkləməklə, ölkəmizə qarşı riyakarlıq və siyasi ikiüzlülük göstərdikləri üçün layiqli cavabı almalı idilər.
Cənab Prezidentin dediyi kimi, “bizə heç kim heç nəyi diktə edə bilməz, biz nəyi, nə zaman, necə icra etməyi özümüz yaxşı bilirik”. Ölkəmizin beynəlxalq arenada nüfuzu, gücü elə ona qarşı haqsız ittihamlar, dezinformasiyalar yayan qurumlara layiqli və yerində cavab verməsindən irəli gəlir.
COP29 zamanı Kiçik Ada dövlətlərinin liderlər Sammitində Qlobal Cənubdan olan dövlət başçıları Qlobal Cənubun maraqlarını ifadə edən, Qərbin riyakarlığını ifşa edən lider – cənab Prezidentin dəqiqələrlə alqışladılar.
Ölkəmizdə azad, təşəbbüskar, inkluziv vətəndaş cəmiyyəti formalaşıb. Bütün dünya COP29 zamanı müxtəlif formatlı, hətta kifayət qədər tənqidi mövqedə olan vətəndaş cəmiyyətinin aksiyalarını məhz Azərbaycanda izlədi. Əminəm ki, onlara COP29-a gəlməmişdən öncə anlatılan yalan məlumatlarla burada gördükləri mənzərə arasında uçurum qədər fərq müşahidə ediblər. İştirakçıların vətəndaş cəmiyyəti üçün yaradılan inkluziv şəraitdən məmnun qaldıqlarını deyə bilərik. COP29 Sədrliyi həm mavi zonada, həm də yaşıl zonada QHT-lər üçün xüsusi pavilyon ayrılmasına dəstək olmuşdu. Eyni zamanda, Konvensiya katibliyinə müraciət etməklə, bir çox QHT, həmçinin Azərbaycandan olan vətəndaş cəmiyyəti nümayəndələri mavi zonada müəyyən olunmuş yerlərdə aksiyalar keçirə bildilər. Beləliklə, COP29 bütün maraqlı tərəflərin səslərinin eşidildiyi platforma kimi yadda qaldı. Bu, ən yaxşı təcrübə idi.
Luksemburq Nümayəndələr Palatasının, Avropa Parlamentinin isə qlobal iqlim böhranına öz töhfəsini gözləniləndən artıq verən Azərbaycanı alqışlamaq əvəzinə, konfransa heç bir aidiyyatı olmayan məsələlərlə sadəcə Azərbaycanın uğuruna kölgə salmağa cəhdlər göstərməsi qınanılmalıdır.
Milli Məclisin deputatı,
Pərvanə Vəliyeva