Mahir Əbdüləli oğlu Rəsulov – 70backend

Riyaziyyat elminə böyük töhfələr vermiş, tanınmış alim, texnika elmləri doktoru Mahir Əbdüləli oğlu Rəsulov 1950-ci il dekabrın 30-da Şəki şəhərində müəllim ailəsində anadan olmuşdur.

1968-ci ildə Şəki şəhərində Nizami Gəncəvi adına 7 saylı orta məktəbi yüksək qiymətlərlə, 1973-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) mexanika-riyaziyyat fakültəsini uğurla bitirmişdir.  Həmin ildə, o, Azərbaycan Elmlər Akademiyasının Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda kiçik elmi işçi vəzifəsində işə başlamışdı. 1975-ci ilin fevral ayından SSRİ Elmlər Akademiyasının Hesablama Mərkəzi İnstitutuna stajor-tədqiqatçı olaraq ezam edilmiş və 1977-1980-ci illər ərzində bu institutun məqsədli aspiranturasına daxil olmuşdur. M.Rəsulov 1983-cü ildə “Hesablama riyaziyyatı” ixtisası üzrə fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini, 1992-ci ildə isə “Hesablama riyaziyyatı” və “Neft və qaz yataqlarının işlənməsi və istismarı” ixtisasları üzrə texnika elmləri doktoru elmi dərəcəsini almışdır.

1984-1988-cı illərdə Dərin Neft və Qaz Yataqları Problemləri İnstitutunda baş elmi işçi, 1985-1994 illərdə “Lay sistemlərinin ədədi modelləşdirilməsi” şöbəsinin rəhbəri vəzifəsində çalışmışdır. 1993-1997-ci illərdə  Bakı Dövlət Universitetinin Riyazi Fizika Tənlikləri kafedrasının professoru vəzifəsində çalışmışdır. 1997-2018-ci illərdə Türkiyənin Karadəniz Texniki Universitetində və Beykənt Universitetində bölmə rəhbəri və dekan vəzifələrində işləmişdi. 2018-ci ildən M.Rəsulov AMEA Neft və Qaz İnstitutunun “Lay sistemlərinin hidroqazdinamikası” şöbəsində baş elmi işçi vəzifəsində çalışmış, hazırda isə “Laydaxili  dinamiki proseslərin ədədi modelləşdirilməsi” şöbəsinin müdiri vəzifəsini icra edir.

M.Rəsulovun ən mühüm elmi nailiyyətlərindən biri, onun xüsusi törəməli qeyri xətti  diferensial tənliklərin həlli üçün  kəsilən funksiyalar sinifində bir ədədi  üsulunun təklif etməsidir.

M.Rəsulovun elmi araşdırmalarının nəticələri 50-dən çox məqalədə, o cümlədən 20-si impakt faktorlu nüfuzlu jurnallarda olmaqla,  və 3 kitabda öz əksini tapmışdır. Həmçinin, o, xaricdə nəşr edilən 3 kitabda fəsil müəllifi olmuşdur. Dünyanın 8 ölkəsində, o cümlədən, İran, Bolqarıstan, Romanya, Macarıstan, Yunanıstan, Amerika Birləşmiş Dövlətləri (Flirida ştatı) və Serbiyada keçirilən elmi konfranslarda məruzələr etmiş və elmi seksiyaların sədri olmuşdur. Onun elmi əsərlərinə xarici ölkələrdə dərc edilən məqalələrdə çoxlu sayda istinadlar edilmişdir.

Elmi fəaliyyəti ilə yanaşı M.Rəsulov elmi kadrların hazırlanmasına da öz töhfəsini verməkdə davam edir, beləliklə, o, 4 elmlər namizədliyi, 1 elmlər doktorluğu dissertasiya işinə və 24 magistr tezisinə rəhbərlik etmişdir.

M.Rəsulovun həyat və yaradıcılığı haqqında “Who is Who in the World” ensiklopediyasında biblioqrafik məlumat verilmişdir. O, SCIREA JOURNAL OF MATHEMATİCS jurnalının redaksiya heyətinin üzvüdür.

70 illik yubileyini qeyd edən M.Rəsulov bu gün də elmi axtarışlarını davam edir və fundamental elmi məsələlərinin həllini düşünür.AMEA Neft və Qaz İnstitutunun kollektivi adından Mahir müəllimi yubileyi münasibətilə təbrik edir, ona möhkəm can sağlığı, uzun ömür və işlərində yeni nailiyyətlər arzu edirik.