Mahmudəli Çöhrəqanlı: “İranın terror təşkilatı son zamanlar Fazil Mustafanı təhdid edirdi”backend

“Fazil Mustafa tez-tez İran rejimini tənqid edirdi”.

“Yeni Gundem” xəbər verir ki, bunu Cənub Azərbaycan Milli Oyanış Hərəkatının lideri Mahmudəli Çöhrəqanlı tviterdə yazıb.

“Ayağından və çiynindən yaralanan millət vəkilimiz tez-tez İran rejiminə qarşı çıxışları ilə gündəmə gəlirdi. O, son günlərdə İranın “Hüseyniyun” terror təşkilatı tərəfindən təhdid edilirdi. İran-fars rejimi, sonun yaxındır”, – o bildirib.

Xatırladaq ki, M.Çöhrəqanlı hazırda ABŞ-da yaşayır.

Qeyd edək ki, hadisə martın 28-i saat 21:51 radələrində paytaxtın Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında qeydə alınıb.

Böyük Quruluş Partiyasının sədri, Milli Məclisin deputatı Fazil Mustafaya qarşı yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Nəticədə F.Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb. Ona zəruri tibbi xidmətlər göstərilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277-ci (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.

Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.