Maltada “qızıl pasport” alan azərbaycanlı milyarder kimdir? – FOTOLARbackend

Malta hökuməti bu ölkədən 2020-ci il ərzində pulla vətəndaşlıq (“qızıl pasport”) alan xarici ölkə vətəndaşlarının siyahısını dərc edib.

“Yeni Gündəm” virtualaz.org-a istinadən xəbər verir ki, ötən ay dekabrın 28-də dərc edilmiş həmin siyahıda Azərbaycandan olan zənginlər də yer alır.

Maltadan vətəndaşlıq, yaxud “qızıl pasport” almaq üçün aşağıdakı şərtlərin yerinə yetirilməsi tələb olunur:

-Malta milli inkişaf fonduna €650000 köçürmək;

-Malta qiymətli kağızlarına və ya səhmlərinə €150000 yatırmaq;

-Qiyməti azı €350000 dəyərində olan bir mülk almaq (və ya illik azı €16000 məbləğə onu kirayəyə götürmək);

Bu xərclər ümumilikdə €1 150 000 məbləğdə pul deməkdir.

Maltada “qızıl pasport” alan azərbaycanlı milyarder kimdir? - FOTOLAR

Zəngin əcnəbilərə bu sxemlə vətəndaşlıq verilməsi Maltada 2014-cü ildən tətbiq edilir və bir qayda olaraq həmin sxemdən korrupsionerlər, şübhəli imicə malik biznesmenlər yararlanır.

“The Shift News” bu siyahını analiz edib və məlum olub ki, 2020-ci ildə Maltadan vətəndaşlıq alan əcnəbilər arasında yenə də Şərqi Avropa və keçmiş sovet respublikalarından olanlar dominantlıq edir. O cümlədən siyahıda Rusiya prezidenti Vladimir Putinə yaxın hesab edilən biznesmenlər də var. Baxmayaraq ki, Rusiyada ikili vətəndaşlığa yol verilmir.

Siyahıda 2 771 nəfərin adı yer alır və onlardan ən azı dörddə biri Rusiya, Belarus və Azərbaycan kimi ölkələrdən olanlardır. Nəşr qeyd edir ki, pulla Malta pasportu əldə etmək dələduzlar üçün əlverişli sxemdir. Onlar bu yolla “şəxsiyyətin ikiləşməsinə” nail ola bilirlər. Belə ki, yeni pasportda onların ad və soyadları doğulduqları ölkədə aldıqları pasportda yazılanlardan fərqlənə bilər.

Bu risk həmin ad-soyadların kiril əlifbası ilə yazılması halında daha da artır. Hansı ki, vaxtilə SSRİ respublikalarında doğulanların sənədləri kiril əlifbası ilə tərtib edilirdi. Bu ad-soyadların Malta pasportu alarkən latın əlifbasına çevrilməsi eyni adamın familiyasının fərqli yazılmasına gətirib çıxara bilər.

Beləliklə, “qızıl pasport” alanların siyahısında yer alan azərbaycanlılardan biri Müşfiq Əli oğlu Abdullayevdir. Habelə onun oğlu olduğu təxmin edilən Mixail Müşfiqoviç Abdullayev və qızı Anna Müşfiqovna Abdullayeva da 2020-ci ildə Malta pasportu alıblar.

Müşfiq Abdullayev Azərbaycanda anadan olub, Rusiyada pərakəndə ticarət biznesi ilə məşğul olmaqla iri biznesmenə çevrilib. 2019-cu ilin dekabrına qədər Müşfiq və onun qardaşı Allahverdi “Intertorg LLC” adlı ofşor şirkət üzərindən Rusiyadakı SPAR supermarketlər şəbəkəsinə nəzarət edirdi. 2017-ci ilə olan məlumatlara görə Müşfiq və qardaşı Rusiyada 468 ticarət nöqtəsinə malik olub, lakin daha sonra onların biznesi çökməyə başlayıb.

2019-cu ildə virtualaz.org Müşfiq Abdullayevin biznesinin çökməsi və onun ətrafında baş verən qalmaqallar haqda yazıb.

Həmin vaxt Rusiya mediası yazırdı ki, “İntertorg LLC” Ticarət Evinin sahibi və icraçı direktoru Müşfiq Abdullayev özünü Mixail kimi təqdim edir. Müşfiq Abdullayev Peterburqun ən qapalı və eyni zamanda ən xarizmatik reteyleri hesab edilir. Onun sərvəti barədə məlumat yoxdur, amma bəzi mənbələrdə Abdullayev milyarder kimi təqdim edilir. Belə ki, 2017-ci ildə başçılıq etdiyi ticarət şəbəkəsinin dövriyyəsi 1.5 milyard dollara yaxın olub.

Abdullayev qardaşları Azərbaycanın Alpout kəndindəndir, (bu adda kənd həm Ucar, həm Qazax rayonunda mövcuddur, – red.) 90-cı illərin sonlarında Rusiyaya gedərək alverə başlayıblar. Əvvəlcə onların şirkəti konservlərin, makaron və tütünün alveri ilə məşğul olub. 2003-cü ildə onlar ilk ticarət şəbəkəsini qurublar .

M.Abdullayev 10 il ərzində sıfırdan qurduğu biznes şəbəkəsinin dövriyyəsini 83 milyard rubla çatdırıb. Dövriyyənin həcminə görə, şirkət 2008-ci ildən etibarən ildə 15-25 faiz böyüyüb, ildə 50-70 yeni obyekt açıb. Şirkət özü 2004-cü ildə yaradılıb. Onun səhmlərinin 99 faizi Monakoda qeydiyyatdan keçmiş və sahibi Müşfiq Əli oğlu Abdullayevə məxsus olan “Socaity Civil Particuler İnter Solutions” adlı şirkətə, 1 faizi isə qardaşı Abdullayev Allahverdi Əli oğluna məxsusdur.

2018-ci ildən başlayaraq Müşfiq Abdullayevin biznesi sürətlə geriləməyə başlayıb, onun şirkətinin təchizatçılar qarşısında borcları şişib. Borclular bir-birinin ardınca məhkəmə iddiası qaldırıblar və şirkətin müflis elan edilməsini tələb ediblər. “İntertorg” Ticarət Evinə qarşı qaldırılan iddiaların ümumi məbləği 4 milyard rublu keçib, şirkətin təchizatçılar qarşısında borcu 7 milyard rubldan çox idi. Daha 8 milyard rubl isə “Sberbank” qarşısında borc yaranıb.

Nəticədə 2019-cu il dekabrın 20-dən başlayaraq şirkət bütün mağazalarını bağlayıb, şirkətin ofisində telefonlara cavab vermirlər. Şirkətin Lensovet küçəsi, 90 ünvanında yerləşən “Narodnaya 7YA semYa” universamından telefon zənginə cavab verən əməkdaş təsdid edib ki, indi onlar qalan malları dəyərindən ucuz satmaqla məşğuldurlar və ofisdən şəbəkənin bağlandığını deyiblər.

2018-ci ilin oktyabrında isə o vaxta qədər heç vaxt mətbuata müsahibə verməyən Mikayıl Abdullayev RBC agentliyinə danışıb və biznesində çətinliklər yarandığını təsdiqləyib. O deyib ki, şirkətin müflis elan edilməsi haqda iddia qaldıran bəzi borclulardan “şübhələnir” və onların sifarişlə hərəkət etdiklərini düşünür. Həmin vaxt şirkətə qarşı iddiaların məbləği 780 milyon rubla çatırdı, amma günü-gündən artmaqda idi. Abdullayev deyirdi ki, borcu tələb edənlərin əksəriyyəti ilə anlaşıb, onların pullarını ödəyib.

“Əgər şirkət kiminsə xoşuna gəlmirsə dərhal başlayırlar iddia qaldırmağa. İddia qaldırmazdan əvvəl görüşmək, danışmaq, ancaq bundan sonra məhkəməyə müraciət etmək lazım idi, elə deyilmi? Bu həftədən başlayaraq mən özüm iddiaçılarla bir-bir görüşürəm, borcları ödəyirəm, qrafik tərtib edirəm”, – biznesmen deyirdi.

50 yaşlı Abdullayev müsahibədə bildirirdi ki, Rusiyada ticarət haqqında yeni qanunun qəbulu onların işini çətinləşdirib. Çünki əvvəllər təchizatçılara aldıqları malın pulunu 45-90 gün ərzində ödəyə bilirdilər, yeni qanun isə bunun üçün 5 gündən 15 günə qədər vaxt qoyur. Onun fikrincə, bazardakı bəzi rəqiblər “İntertorg”a qarşı hücuma başlayıblar və sıradan çıxarmağa çalışırlar.virtualaz.org