Maqsud Mahmudovdan xəbər varbackend

Ukraynada tutularaq Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin lombardlarını işlədən Mədinə İsrafilova şahid qismində ifadə verib.

Şahidin sözlərinə görə, bu günə qədər də Maqsud Mahmudovun vurduğu ziyanı ödəyir: “Hazırda adıma bankda 70 min manat kredit qalıb. Maqsud mənim şəklimi paylaşıb şantaj edirdi. Mənimlə bağlı şantaj videoları hazırlayıb hədələyirdi”.

Daha sonra məhkəmə istintaqının başa çatdığı elan olunub. Maqsud Mahmudov və vəkili istintaqın tamamlanmasına etiraz edərək iclasda iştirak etməyəcəklərini deyiblər.

Proses aprelin 25-də davam etdiriləcək. Həmin iclasda iş üzrə çıxışlar mərhələsinə başlanılacaq.

Xatırladaq ki, Daxili İşlər Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud Soltan oğlu ötən ilin iyul ayında Ukrayna ərazisində tutulub. O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa təhvil verilib.

Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) , 182.2.2 ( (təkrar hədə-qorxu ilə tələb etmə) və 183.2.2 (xüsusi dəyəri olan əşyaları talama – təkrar törədildikdə) maddələri ilə ittiham elan olunub.

İş üzrə 91 nəfər zərərçəkmiş tanınıb.