Marketdən agentliyə: Zaur Mikayılov Bakını 90-cı illərə qaytarıb…backend

Elə ki “Azərsu” ASC Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə verildi, əhalinin qara günləri başladı. Bu agentliyin fərsizliyinə görə Bakının hər yerindən su ilə bağlı şikayətlər kütləviləşdi. Görünür ki, müəssisə böyüyəndə və səlahiyyətləri çoxalanda fəaliyyəti kiçilirmiş. Çünki ASC-dən dövlət agentliyinə qədər imkanları artırılan bir qurumun ortaya qoyduğu iş bundan ibarətdir: əvvəlcə, yayın cırhacırında millət iki həftə susuz qaldı, sonra da şəhərin müxtəlif ərazilərindən hər dəfə sakinlərin şikayətləri eşidilməyə başladı. Elə son olaraq, Xətai rayonu, Süleyman Vəzirov küçəsində 700-dən çox ailənin su üsyanı qeyd edilə bilər. Əhali küçəyə çıxaraq etiraz aksiyası keçirmişdi və məlum olmuşdu ki, sutkada 2 saat su görürlər. Məsələ ondadır ki, tək Xətai ilə problem həll olsaydı, nə varıydı… Axı “Azərsu” Agentliyin nəzdinə veriləndən paytaxtın su problemi 90-cı illəri xatırladır.
Anaxeber.info-ya verilən məlumata görə, bu səriştəsizlik və bacarıqsızlığın səbəbi agentliyin sədri Zaur Mikayılovun son dövrlər peşəkar, təcrübəli işçiləri kütləvi şəkildə ixtisara salmasıdır. Xəbərə görə, onları ya əvəzləyən olmur, ya da naşı, bu sahəni yüksək səviyyədə bilməyənlər işə götürülür. Z. Mikayılovun ixtisarlara getməsinin, xeyli sayda işsizlər ordusu yaratmasının səbəbi izah edilmir. Bəzi ehtimallara görə, qurum rəhbəri özünə komanda formalaşdırır və yaxın adamlarını öz ətrafına toplayır. Onlar isə təcrübəli keçmiş əməkdaşların yerini doldura bilmirlər. Çünki ixtisara düşənlər mütəxəssis idilər. Məhz elə problem də buradan qaynaqlanıb. Nəticədə indi Bakının su təsərrüfatında bərbad bir vəziyyət yaranıb.
Bu azmış kimi, Zaur Mikayılovun əmri ilə qurumun Aparat rəhbəri vəzifəsinə Fuad Quliyev təyin edilib. Yeni təyin edilən aparat rəhbəri isə Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılovun qudasıdır.
Bu xəbərin üzərindən bir neçə gün keçmədən ortaya çıxdı ki, Zaur Mikayılov daha bir qudasını özünə müşavir təyin edib. Belə ki, o, qudası Şirinov Əsəd Əli oğlunu müşavir vəzifəsinə gətirib.
Ümumiyyətlə, Zaur Mikayılovun rəhbərliyi altında şəhərin su təsərrüfatı idarəolunmaz haldadır. Hətta keçmiş korrupsioner Qorxmaz Hüseynovun dövründə belə hallar yaşanmazdı. Bəli, o milyonlar silirdi, “Azərsu” ASC hesabına biznesini genişləndirirdi, amma ən azından suyun verilişində primitiv problemlər yaranmazdı. İndisə gah Xətaidə, gah Əhmədlidə, gah hansısa MTK-da vətəndaşlar toplaşaraq susuzluğa etiraz edirlər. Bu da yarıtmaz idarəçilikdən irəli gəlir. Çünki həm də Zaur Mikayılovun özü bu sahənin mütəxəssisi deyil. Onun karyerasına nəzər yetirəndə bunu görmək mümkündür və qətiyyən su təsərrüfatına aid olmayan məmurdur. Bütün sahələr öz peşəkarını tələb edir. Zaur Mikayılovun bioqrafiyasına baxanda isə aydın olur ki,
1999–2009-cu illərdə telekommunikasiya sahəsində Mobil operatorlarda Marketinq meneceri, Baş kommersiya müdiri, Baş direktor müavini kimi bir sıra vəzifələrdə çalışıb.
2009–2016-cı illərdə Paşa İnşaat şirkətində Obyektlərin İstismarı, Biznes Mərkəzinin baş meneceri, Daşınmaz Əmlakın idarə olunması departamentində Baş menecer vəzifələrində işləyib. Belə ki o, “Port Baku Towers”in baş direktoru olub.
2016–2018-ci illərdə Agro Dairy MMC-də Baş Menecer vəzifəsində çalışıb. Adıçəkilən şirkət “Paşa Holdinq”in strukturuna daxildir.
2018–2021-ci illərdə Azərbaycan Supermarketləri MMC-də İcraçı direktor vəzifəsində çalışıb.
05 aprel 2021-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinin sədri təyin edilib.
30 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri təyin edilib.
Beləliklə, onun hansı sektorlarda çalışdığı, sonradan necə meliorasiya və su sahəsinə rəhbər gətirilməsi bəlli olur. Hər halda, karyera yüksəlişində işlədiyi yerlərin çox ciddi təsirləri olub. Üstəlik, Mikayılov Boğaziçi Universitetinin “Biznesin idarə olunması” fakültəsinin məzunu olub. Yəni biznesi idarə etmək üçün əvvəlki işlədiyi yerlərdə olması anlaşılandır – Port Baku, marketlər şəbəkəsi və sair…
Amma su təsərrüfatı biznes deyil, dövlətin strateji strukturlarından biridir və əhalinin içməli su təchizatında bəsit problemlər olmamalıdır. Axı üzü 2025-ci ilə gedirik, süni intellektdən, elektrik maşınlardan, müasir texnologiyalardan danışırıq. Ancaq sonra xəbər çıxır ki, şəhərin hansısa nöqtəsində su gəlmir, ya da fasilə ilə verilir, yaxud su borusu partlayıb təmir gedir. Sivil dünya artıq belə kustar məsələləri keçmişdə buraxıb.
O baxımdan Dövlətin Su Ehtiyatları Agentliyi hələ ki ən pis işləyən qurumlardan biri kimi ad çıxarmaqdadır. Amma heç vaxt gec deyil və yaxşı tərəfdən fərqlənmək mümkündür…