Markov Moskva görüşünün DETALLARINI AÇDI – 8 MÜHÜM MƏQAMbackend

Putin Dağlıq Qarabağ münaqişəsinin həllinə böyük diqqət yetirir, çünki bu, Rusiyanın dünya arenasında nüfuzunu artırır. Və Rusiyanın mövqelərini bütün ölkələrlə gücləndirir.

Putin, Əliyev və Paşinyan arasındakı danışıqlar uğurlu alındı.

“Yeni Gündəm” xəbər verir ki, bunu rusiyalı politoloq Sergey Markov deyib.

Onun sözlərinə görə, ən əsas məsələ bölgədəki kommunikasiyanı bərpa etmək üçün baş nazir müavinlərindən yüksək səviyyəli bir işçi qrupunun yaradılmasının qəbul edilməsidir:

“Bu da o deməkdir ki:

1. Ermənistandan Rusiyaya gedən yol yaradılacaq. Bu, Ermənistanın Gürcüstandakı qərbyönümlü antirusiya rejimindən və İrandan asılılığını azaldacaq.

2. Azərbaycandan Naxçıvana və Türkiyəyə yol yaradılacaq. Yenə də Rusiya və Türkiyə Gürcüstan ərazisindən yan keçən dəmir yolu ilə birləşdiriləcək.

3. Dağlıq Qarabağın hələlik Ermənistan tərəfindən idarə olunan hissəsi ilə Azərbaycanın əsas hissəsi arasında yollar yaradılacaq. Bu, Bakının Dağlıq Qarabağın hələlik Ermənistanın nəzarətində (əslində isə rus sülhməramlılarının nəzarətində – red.) olan hissəsinin Azərbaycana inteqrasiyasının növbəti, dinc iqtisadi mərhələsinə başlamasına imkan verəcək.

4. Ermənilərlə azərbaycanlılar arasında barışıq mərhələsi başlayacaq. Putin və Əliyev onsuz da bundan danışır – bu səhifəni bağlamalı və gələcəyimizi düşünməliyik.

5. Paşinyan hərbi əsirlər ilə bağlı məsələni həll etməyin mümkün olmadığından şikayətləndi. Yəni Azərbaycan sülh müqaviləsi imzalandıqdan sonra əsir düşən 62 erməni əsgərinin Ermənistana verilməsinə razı olmadı, çünki onlar Azərbaycanın nəzarətində olan ərazilərə hərbi basqın etmişdilər.

6. Paşinyan Dağlıq Qarabağın statusu məsələsinin həll olunmadığından şikayətləndi. Ermənistan bunun Dnestryanı kimi muxtariyyət, demək olar ki, müstəqillik olmasını istəyərdi. Azərbaycan isə bunun Qaqauziya kimi ən minimum mədəni muxtariyyət olmasına razı ola bilər. Qüllələrdə kimin bayraqları olacaq? Hələ razılaşma yoxdur.

7. Yerlərdə tərəflərin bölünməsi ilə bağlı suallara da baxıldı. Bir çox detal var. Liderlər bunlara ətraflı girmədi.

8. Sülh müqaviləsinin ATƏT və ya BMT vasitəsi ilə beynəlxalq səviyyədə konsolidasiyası məsələləri nəzərdən keçirildi. Orada rolunu artırmaq və Ermənistanı daha güclü dəstəkləmək istəyən Fransanın inadkar mənfi mövqeyini aradan qaldırmaq lazımdır. Bu, Putin üçün bir işdir.

Danışıqlar hamı üçün mənfəətli bitdi. Ən çox isə Rusiya üçün. Əlbəttə ki, Putin böyük siyasətçidir”.Axar.az