Azərbaycan Ordusunda müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçu kimi xidmət etmək istəyən əsgər və kursantlar Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzində (TTM) hazırlıq kurslarına cəlb olunub.
“Yeni Gündəm” xəbər verir ki, kursda təhsil müddəti 2 aya qədərdir.
Kursu müvəffəqiyyətlə bitirmiş hərbi qulluqçulara ixtisaslar üzrə sertifikat verilir.
Burada kurs müddəti ərzində müddətdən artıq xidmət edən həqiqi hərbi qulluqçu kimi xidmətə başlamaq istəyən hərbçilərin peşakarlıq səviyyəsinin və xidmət keyfiyyətinin yüksəldilməsi, peşə bacarıqlarının formalaşdırılması və inkişaf etdirilməsi, daha müasir hərbi peşə bacarıqlarına və vərdişlərə yiyələnməsi məqsədilə müvafiq dərslər keçirilir.
Qeyd edək ki, Silahlı Qüvvələrin Təlim və Tədris Mərkəzi (TTM) 2001-ci il martın 26-dan Zabit Təkmilləşdirmə və Gizir Hazırlığı kursları və Ehtiyat Zabit Hazırlığı Kursları bazasında (TTM) fəaliyyətə başlayıb.
TTM Silahlı Qüvvələr üçün tələb olunan istiqamətlər və ixtisaslar üzrə kadr hazırlığını həyata keçirən və hərbi-elmi işlərin aparılmasını təmin edən əlavə təhsil müəssisəsidir. Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuların hazırlığı kursu – müvafiq komanda və mütəxəssis vəzifələrində xidmət üçün kadr hazırlığını təmin edən ixtisas üzrə verilən təhsildir.