“Media bossları”nın başçılıq etdikləri mətbuat ərəblərlə bağlı biabırçılığı görməzlikdən gəlir” – Aslan İsmayılovbackend

“Artıq neçə gündür ki, ərəblərin ov məsələsi yüz minlərin demirəm, milyonların müzakirəsinə çevrilsə də, hələ hakimiyyət rəsmilərindən ağlabatan bir cavab eşitməmişəm. Bu iki haldan xəbər verir – ya hakimiyyətin başında duranların baş verənlərdən xəbəri yoxdur, ya da ki, vətəndaşların fikri onlar üçün vacib deyil. Hər 2 hal hakimiyyətin ziyanınadır və onun bacarıqsızlığından xəbər verir».

“Yeni Gündəm”-in xəbərinə görə, bunu hüquqşünas Aslan İsmayılov deyib.

A.İsmayılovun sözlərinə görə, birinci hal ondan xəbər verir ki, hakimiyyət hələ də sosial şəbəkələrin daha çox reallığı əks etdirdiyindən, onun gücündən xəbərsizdir və yenə də Ramiz Mehdiyev və Əli Həsənovun mətbuatına güvənir: “Bunu real sayıram, ona görə ki, “media bossları”nın başçılıq etdikləri TV və mətbuat holdinqləri bu biabırçılığı əsasən görməzliyə qoyub. Bunu ona görə yazıram ki, öz vətəndaşlarımızın 3-5 quş vurmasını cürbəcür pozlardan tirajlayan, onları alçaldan foto-video materialları tirajlayan reket mətbuatı ərəblərin törətdiyi nadir heyvanların soyqırımına o diqqəti ayırmadılar. İkinci hal isə ondan ibarətdir ki, hakimiyyət ictimai fikri, sosial şəbəkələrin gücünü heçə sayır və öz bildiyini etmək fikrindədir. Bu isə hakimiyyətin tək bacarıqsızlığı yox, həm də onun faciəsidir. Məhz buna görə hakimiyyət 44 günə qazandığı tarixi Şanlı Qələbəni cəmiyyətə heç olmasa olduğu kimi də təqdim edə bilmədi”.