Media nümayəndələri peyvənd olunacaqmı? – AÇIQLAMAbackend

Yanvarın 18-dən COVID-19-a qarşı tarixin ən böyük peyvəndləmə kampaniyasına qoşulan Azərbaycanda bəzi insanlar müxtəlif səbəblər göstərərək peyvəndə inanmır və vaksinasiya olunmayacaqlarını deyirlər.

Bəs KİV nümayəndələri bu haqda nə düşünür?

7times.az saytı olaraq onların fikirlərini sizə təqdim edirik:

Radio və Tv aparıcısı Teymur Əliyev:

“Koronavirusa qarşı vaksinləməyə bütün dünyada mövcud olan skeptik münasibət gizli deyil. Səbəb həm bu virusun mənşəyi ilə bağlı ciddi şübhələr, pandemiyadanın həyat tərzimizə sırıdığı çoxlu yeniliklərdir. Vaksinasiya üçün maariflənmə işi də kobud, hədələyici formada aparılır. Peyvənd vurdurmaq könüllüdür desələr də, vurdurmayanların qarşılaşacağı çoxlu məhdudiyyətlər anons olunur. Bu amillər peyvəndə şübhəli münasibət yaradır. Şəxsən mən də bu peyvəndin effektivliyinə şübhə edirəm. Lakin onu vurdurmamaqla müasir dünyada adət etdiyimiz həyatı yaşaya bilməyəcəyiksə, çarə olmayacaq”.

Əməkdar jurmalist Ləman Ələşrəfqızı:

“Mən də çaşqınlıq içindəyəm, bir çox insanlarımız kimi. Bu çaşqınlığın kökündə Səhiyyə Nazirliyi ilə TƏBİB-in qeyri ciddi imicə malik olmaları dayanır. Pandemiyadan bu tərəfə biz səhiyyə nazirini gündüz çıraqla axtardıqsa da tapa bilmədik. Uzağa getməyək qardaş Türkiyənin səhiyyə nazirinin hər gün olan açıqlamaları, medianın qarşısına çıxmağı da bizim naziri silkələmədi. TƏBİB-in başında dayanan o, gəncsə bir-birini təkzib edən cümlələri ilə, onun adına yayılan bəyanatlara gecikmiş cavabları ilə bizdə vaksinasiyaya qeyri-ciddi yanaşmanı ortaya qoydu. Mən şəxsən öz adıma deyirəm, öz ailəmin adına deyirəm, biz tərəddüdlüyük, müşahidə aparırıq. Mən hələ ki, bu məsələlərə tələsimirəm. Gözləyirəm. Cəmiyyətdə inam olmalıdı. İnam olmayacağı təqdirdə adamlar arasında şübhələr olacaq. İnamı qazandırmaq lazımdı. Onu qazandırmaq da əlaqədar strukturların üzərinə düşən məsələ və vəzifədir. Onlar bunu edəcəklərsə nə gözəl. Biz də işimizi görəcəyik”.

Qaynarinfo saytının redaktoru Pərviz Cəbrayıl:

“Düzü, vaksin etdirməyi düşünmürəm. Son aylarda o qədər dərman yemişəm ki, artıq doymuşam. Mədəmdən müalicə alırdım, kursun bitməyinə üç gün qalmış korona başladı, cürbəcür dərmanlar atmağa başladım, mədəm lap pis günə qaldı. Ona görə fikrim yoxdu. Hə, məcbur olsa, nə etmək olar…”.

F-1.az saytının təsisçisi və baş redaktoru, Formula 1 yarışlarının TV şərhçisi Rəhim Əliyev:

“Məndən olsa elətdirmərəm. Amma tez-tez xarici səfərlərə getdiyim üçün əminəm ki, belə bir şərt qoyulacaq. Yəni vaksin elətdirməyən uça bilməyəcək. Ona görə də elətdirməli olacam. Sadəcə son anadək gözləməyə üstünlük verirəm”.

Azərbaycan Radiosu və İdman Tv-nin aparıcısı İlkin Baba:

“Məncə vaksin məsələsini çox qloballaşdırmışıq. Hər birimizə uşaqlıqdan müəyyən xəstəliklərə qarşı peyvənd və vaksinlər vurulub. Bunun da əlavə təsirləri olmayıb. Əksinə, həmin xəstəliklərə qarşı orqanizmdə antitel yaranıb, yoluxmamışıq. İndi də dünya hələ qarşısını ala bilmədiyi virusla mübarizə aparır. Koronavirusa yoluxub, sağalanlardanam. Əgər bu vaksinin vurulmasına ehtiyac olacaqsa, imtina etməyəcəm.

Yenicag.az saytının əməkdaşı, jurnalist Səxavət Məmmədov:

“Bir ildir ki, pandemiyadan əziyyət çəkirik. Pandemiya həm psixoloji, həm də maddi baxımdan hər kəsə təsir edib. Uzun zamandır vaksinin hazırlanacağı gözlənilirdi. Vaksinləmə məsələsini ilk dəfədir yaşamayacağıq. 1990-cı illərin ortalarında difteriya əleyhinə vaksinləmə olmuşdu. O vaxt hətta metroya, marşuruta vaksin olmaqla bağlı sənəd olmadan buraxılmırdı. İndi də vaksin olmuş şəxslərə sənəd veriləcəyi deyilir.
Əgər bir virus varsa, ondan xilas olmaq üçün vaksin hazırlanıbsa, etməliyik. Həmişəki kimi komple teoriləri irəli sürənlər yenə bəzi məsələləri ortaya atıblar. Təbii ki, gözüyumulu vaksin olmağın da tərəfdarı deyiləm. Ən azı vaksinin effektivliyi barədə rəsmi açıqlamalar, məlumatlar verilməli və sertifikatlar ictimaiyyətə təqdim edilməlidir. Vaksin etməyi düşünürəm”.

ASAN Radionun aparıcısı Ruslan Zeynal:

Hardasa oxumuşdum ki, vaksin fransızca inək deməkdir. Bir az gülməli çıxacaq amma mənə bəzən elə gəlir ki, vaksinə qarşı içimizdəki qorxu sanki bir insanın inəyə qarşı olan fobiyasından irəli gəlir. Axı inək görəndə onun buynuzundan çəkinirik. Bizi vuracağından qorxuruq. Amma unutmaq lazım deyil ki, bu inək o inəkdən deyil. Vaksin, yaxud peyvənd öldürülmüş və ya zəiflədilmiş mikroblar, onların ifraz etdiyi bəzi antigen xassəli maddələrdir. Sadə dildə desək bizim immun sistemimiz bu maddələri antigen kimi qəbul edir və ona qarşı antiteller yaradır. Nəticədə bizi qoruyur. Başa düşürəm ki, insanlarımız bu vaksinlərin “kitayski” olmağından narahatdılar. Çünki Çindən gələn Covid 19 bizə baha başa gəldi. Amma vaksin məsələsi fərqlidir. Dövlətimiz vətəndaşımızı düşünür. Narahatlığa əsas yoxdur. Növbə mənə çatanda inəyin buynuzundan qorxmadan vaksin etdirəcəm”.

Müstəqil jurnalist Çoşqun Eldaroğlu:

“Mən bu məsələdə konspiroloji düşüncədən uzağam. Yəni vaksinləşmənin hansısa qlobal planın tərkib hissəsi olduğunu düşünmürəm. Amma hesab eləyirəm ki, istəsək belə, peyvənd prosesindən imtina edə bilməyəcəyik. Sanki bir mərhələdə başqa yolumuz qalmayacaq”.

Qafqazinfo.az saytının redaktoru Emin Səfərov:

“Açığı, bunun ziyanlı olduğunu düşünmürəm. Hər halda bütün dünya bundan istifadə etməyə başlayıb. Bir müddət öncə ölkəmizdə bu prosesə start verildi. Düşünürəm ki, peyvənd olunmaqda fayda var. Təbii ki, bir çoxları kimi mən də peyvənd olunacam”.