Medvedev bu vəzifəsində də qaldıbackend

Rusiya Baş Naziri vəzifəsini icra edən Dmitri Medvedev “Vahid Rusiya” partiyasının sədri olaraq qalıb.

“Yeni Gündem” xəbər verir ki, bu barədə “TASS” agentliyinə açıqlamasında partiyanın baş katibi Andrey Turçak bildirib.

Onun sözlərinə görə, Medvedevin Rusiya Federasiyası Təhlükəsizlik Şurasında yeni vəzifəsi partiyada işləmək üçün məhdudiyyət deyil.

Xatırladaq ki, Rusiya Prezidenti Vladimir Putin yanvarın 15-də Baş Nazir Dmitri Medvedevin rəhbərlik etdiyi hökuməti istefaya göndərib. Görülən işlərə görə Medvedevlə komandasına təşəkkür edib və yeni bir kabinet formalaşana qədər vəzifələrini yerinə yetirməyi tapşırıb.

Federal Vergi Xidmətinin rəhbəri Mixail Mişustinin yeni Baş Nazir olacağı gözlənilir. Onun bu vəzifəyə namizədliyini Vladimir Putin təklif edib. Bildirilir ki, Mişustin təklifi qəbul edib və onun namizədliyi Dövlət Dumasına təqdim edilib.