Məhəbbət Dəmirçiyeva: “Elçin Carçıyevin gördüyü işi alqışlayıramsa bilin ki, o haqlıdır”backend
Mənim elimin insanları hər zaman mərd olub. Bilmirəm kimlərdi, nə istəyir, məqsədi nədir, cılız söhbətlər yaymaqla məşğuldur.

Qanun qarşısında hamı cavabdehdir. Əsassız məlumat yazanlar, yazdıranlar bu dövlətin qanunlarından qorxmurlar?!

Bizim hamımızın yaxşı tanıdığımız eloğlumuz, iş adamı Elçin Carçıyev Qazaxda Yaşayış Kompleksi inşa etdirəcək. Bu xəbərin nəyi pisdir? Hal-hazırda dünyanın pandemiya ilə üz-üzə qaldığı bir vaxtda Elçin Carçıyev rayonumuzda təqdirəlayiq iş görür. Düşünürsünüzmü, neçə insan işlə təmin olunacaq? Bu hal dövlətin sahibkara, sahibkarın dövlətə dəstəyinin aydın göstəricisidir. Yaşayış Kompleksi tikiləcək xəbərini eşidəndə ziyalılar, Qazağı göz bəbəyi kimi sevən hər kəs çox sevindi. Rayonumuz üçün olan yeniliklərə əlbəttə sevinməliyik. Səhranı şəhər edir. Biyabana yeni nəfəs verir.

Yazırlar ki, stadionu alıb bina tikir. Hansı stadionu alıb? Sənədi, sübutu hardadır, stadion dediyiniz ərazinin? Sübut gətirin! Dəlil gətirin! Sonra yazın, danışın! Axı bu cür əsassız, qıcıqlandırıcı xəbərlər kimə lazımdır?

Haqq qarşısında boynumuz qıldan nazikdir. Məni tanıyanlar yaxşı bilir ki, Məhəbbət Dəmirçiyeva haqq olan yerdə var. Mən bu gün Elçin Carçıyevin gördüyü işi alqışlayıramsa bilin ki, o haqlıdır. Qanundan kənar heç bir addım atmayıb.

Unutmayaq ki, nahaq dünyanın hər tərəfinə yayılsa da haqqın gücü milyonlarla nahaqqı məhv etməyə qadirdir. Nahaq yazılara inanmayın!
Elçin Carçıyev rayonumuzun sevimlisi, mərd övladıdır. Darda qalana əl tutan, sahibsizə sahib çıxan, dərdli insanın dərdinə dərman olmağa çalışan bir eloğlumuza çamur atmaq axı sizə nə verəcək? Kim oluruq olaq, nankor olmayaq. Nankorluğun müalicəsi yoxdur!
Mən bir hüquqsünaş alim, professor kimi Elçin Carçıyevə dəstəyəm. Eləcə də Qazaxın bütün dəyərli, ləyaqətli insanlarını bu işə dəstək olmağa çağırıram.

Mərd qazaxlılar ən çətin illərdə torpağını, yurdunu qorudu. Qazax ən ucqar rayondur. Mənfur düşmənlə üz-üzə dayanır. Mal-qara saxlamaq çətindir. Dağlara çıxan heyvanı ermənilər güllə-boran edir. Sərhədyanı kəndlərdə örüşə heyvan aparmaq müşkülə çevrilib. Belə bir vəziyyətdə kim iş yeri açırsa, həmçinin mənzil ehtiyacı olan ailələrə uzunmüddətli kreditlə ev təklif edirsə, biz ancaq bu xəbərdən xoşhal ola bilərik, sevinərik və deyərik: Allah səndən razı olsun!

Elçin Carçıyevi mən təkcə ev tikdiyinə görə tanımıram. Onu xeyirxah eloğlu kimi tanıyıram. Ehtiyacı olan insanlara görünən və görünməyən köməklik edir. İndi mən də sizlərdən xahiş edirəm: Bu işdə Elçin Carçıyevə dəstək olaq. Biz burada nə itiririk? Əksinə qazanırıq. Rayonumuz abadlaşır. Hər işi dövlətin üstünə atmaq olmaz. Sahibkar yaxşı iş görürsə, biz ona dəstək olmalıyıq. Gah yazıldı Qazax rayonlararası Ruhi xəstəxananın yerində tikilir. Gah da dedilər ki, stadionu alıb, yerində ev tikir. Əzizlərim, hər bir sənəd tam dəqiqliyi ilə yoxlanıldıqdan sonra müəyyən olunmuş ərazidə mənzil tikintisinə icazə verilir. Qanunsuz iş görülmür! Qazax rayonunun stadionu necə var elə də durur. Ordan bir daş belə tərpənməyib.

Bu gün uzun illər Qazaxdan uzaq düşmüş, xaricdə, Azərbaycanın digər şəhərlərində yaşayan qazaxlılar gəlib öz doğma torpağında hazır, təmirli ev almaq istəyir. Lakin köhnə binalarda yer məhduddur. Hamımız yaxşı bilirik ki, iki otaqlı evi üç otaq edirik. Bu hallar da təhlükəlidir. Nə yaxşı ki, rayonumuzda yeni formada, müasir standartlara cavab verən müasir ev almaq bizlərə də qismət olacaq.
Biz qazaxlıyıq. Bir-birimizə çamur atmamalıyıq. Bir-birimizə dəstək olmalıyıq.

Hörmətli Elçin müəllim, sizə rayonumuzun abadlığı, rahatlığı uğrunda görəcəyiniz təqdirəlayiq işinizdə uğurlar arzulayıram.

Hörmətlə: Professor Məhəbbət Dəmirçiyeva