Məhkəmə Ramiz Zeynalovun “dələduz qohumu” ilə bağlı qərar verdibackend

Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirli bilinən Bəxtiyar Yusifovun barəsində olan hökmdən verilən apellyasiya şikayətinə baxılıb.

“Yeni Gündəm”-in məlumatına görə, hakim Ziya Şirinovun sədrliyi ilə keçirilən prosesdə qərar elan edilib.

Qərarda qeyd olunub ki, birinci instansiya məhkəməsinin hökmü dəyişdirilmədən, apellyasiya şikayəti isə təmin edilmədən saxlanılıb.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə B.Yusifov 8 il 6 ay müddətinə azadlıqdan məhrum olunub.

Cinayət işi üzrə iki nəfər zərərçəkmiş var.

Belə ki, təqsirləndirilən B.Yusifov zərərçəkmiş Cavid Mehralıyevdən qardaşı Yaşar Mehralıyevi prokurorluq orqanında texniki işçi kimi işə düzəltdirəcəyi vədini verib. O, buna görə ondan ümumilikdə 59 min manat pul alıb.

Bundan başqa, B.Yusifov Y.Mehralıyevin hərbi biletində yararsız qeydinin yararlı qeydi ilə əvəz etdirəcəyi və Xətai Rayon Polis İdarəsinə polis nəfəri kimi işə düzəltdirmək vədini verib. O, buna görə həmin şəxsin ümumilikdə 81 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

İttihama görə, B.Yusifov həmin şəxslərə özünü Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polisi İdarəsinin rəisi polis general-mayoru Ramiz Zeynalovun qohumu kimi təqdim edib.Pravda.az