Mehriban Əliyeva müstəqil dövlətimizin inkişafına böyük töhfələr verən ictimai-siyasi xadimdirbackend

“Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, ölkənin birinci xanımı Mehriban Əliyevanın öz Vətəninə, xalqına və dövlətinə xidmət edən çoxşaxəli fəaliyyəti  dünya səviyyəsində Azərbaycan qadınının müsbət obrazının formalaşmasında əvəzsiz rol oynayır.”

Bu fikirləri “Yeni Gündəm”ə açıqlamasında Milli Məclisin deputatı Anar Məmmədov deyib.

A.Məmmədov qeyd edib ki, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın ali dəyərlərə söykənən, Azərbaycan xalqı və dövlətinin maraqlarını əks etdirən fəaliyyətindən bəhs edərkən, ilk növbədə, onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun ölkəmizin inkişafına verdiyi töhfələrə, sərgilədiyi çoxşaxəli fəaliyyətə diqqət yetirmək gərəkdir: “Mehriban xanım Əliyeva 2004-cü ildən təsis edilmiş Heydər Əliyev Fondunun prezidenti kimi Azərbaycan cəmiyyəti və dünya xalqları üçün xüsusi əhəmiyyəti ilə seçilən sosial-humanitar layihələrin təşəbbüskarı və reallaşdırıcısı olub. Yarandığı gündən qarşısına qoyduğu ali məqsədlərin gerçəkləşdirilməsi naminə inamla çalışan, qısa müddətdə strateji əhəmiyyət daşıyan bir sıra layihələri gerçəkləşdirən Heydər Əliyev Fondu son 17 ildə cəmiyyətdə xeyirxahlıq ünvanına çevrilib. Ulu öndər Heydər Əliyevin ideallarından ruh alan Fond ümummilli liderin nəcib və müqəddəs əməllərini yaşatmaq üçün ən müxtəlif sahələrdə sistemli tədbirlər həyata keçirib, hər bir vətəndaşın zəruri istək və arzularının reallaşmasına, problemlərinin operativ həllinə maddi-mənəvi dəstək verib. Heydər Əliyev Fondu ötən illərdə ictimaiyyətin ən müxtəlif təbəqələri ilə əlaqələrini genişləndirməklə, Azərbaycanın hərtərəfli inkişafına və vətəndaş cəmiyyəti quruculuğu prosesinin sürətləndirilməsinə sanballı töhfələrini verib. Fondun fəaliyyəti, eyni zamanda, insan və vətəndaş hüquq və azadlıqlarının müdafiəsinin yüksək səviyyədə təminatına yönəlib, qısa müddətdə bu sahədə böyük işlər görülüb.”

Deputat bildirib ki, həm ölkədə, həm də dünya miqyasında mədəniyyət, təhsil, xeyriyyəçilik, idman və digər sahələrdə çoxşaxəli fəaliyyət göstərən Mehriban xanım Əliyevanın istər Azərbaycan, istərsə də dünya mədəni irsinin qorunması, təbliği və inkişafı istiqamətində gördüyü işlər daim yüksək qiymətləndirilir: “Mehriban xanım Əliyeva təbiətin, cəmiyyətin və öz mənəvi tələbatlarının əvvəlcədən müəyyənləşdirdiyi bütün sahələrdə özünü reallaşdıra bilən həmahəng, məqsədyönlü və güclü qadınlar üçün etalondur. Onun bütün fəaliyyəti vətəndaşların müsbət qiymətini alaraq, həqiqətən də müasir Azərbaycan tarixinin bir hissəsinə çevrilib. Mehriban xanım Əliyeva insanları sevməklə özünü xalqa sevdirib. Sadəliyi və xeyirxahlığı ilə sevgi qazanıb və bu sevgi dünyanın da diqqətini cəlb edib. Mehriban xanım Azərbaycan mədəniyyətinin fədakar elçisidir, xalqımızı, mədəniyyətimizi dünyada layiqli şəkildə tanıdır. O, bu gün Qarabağ həqiqətlərinin yorulmaz təbliğatçısıdır və yüzlərlə gənc xanım, ziyalı da ondan örnək alır. Bu gün ictimai-sosial həyatımızın elə bir sahəsi yoxdur ki, Mehriban xanımın nəzərindən kənarda qalsın. Xalqın sosial – mədəni həyatında, səhiyyənin, təhsilin, idmanın inkişafında onun xidmətləri misilsizdir. Uşaqlara şəfqət, mərhəmət göstərilməsi, ailəyə, vətənə bağlılıq duyğuları aşılamaq onların tərbiyəsi, sağlam böyüməsi, böyüklərin sevgisi ilə əhatə olunması, gənclərin kamil bir vətəndaş kimi yetişməsi, onları vətənpərvər ruhda tərbiyə etmək – bütün bunlar Mehriban xanım Əliyevanın daim diqqət mərkəzində olmuşdur.”

A.Məmmədov vurğulayıb ki, Mehriban xanım Əliyeva həmçinin Cənubi Qafqazın ən böyük partiyası olan YAP-ın sədr müavinidir: “Partiyanın güclənməsində, inkişafında xüsusilə, gənclərin, qadınların partiyaya üz tutmasında Mehriban xanım Əliyevanın rolu çox böyükdür. Bu baxımdan Mehriban xanım Əliyeva cənab Prezident İlham Əliyevə bir nömrəli dayaqdır. Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin fəaliyyətində regionların inkişafı da mühüm yer tutur: “Belə ki, son illərdə Mehriban xanım Əliyevanın birbaşa təşəbbüsü və dəstəyi ilə Goranboy və Naftalanda da genişmiqyaslı işlər həyata keçirilib. “Yeniləşən Azərbaycana yeni məktəb layihəsi” əsasında, Heydər Əliyev Fondunun dəstəyi ilə Goranboy şəhəri 1 nömrəli tam orta məktəbinin tikinti işləri surətlə davam etdirilir.

Azərbaycan Respublikasının Birinci vitse – prezidenti Mehriban xanım Əliyevanın Vətənin və xalqın taleyində bundan sonra da misilsiz rolu olacağına, ölkənin sürətli və davamlı inkişafına yeni töhfələr verəcəyinə inamımız böyükdür. Bu inamı yaradan başlıca amil Onun hər zaman dövlətçiliyimizə, xalqımıza xidmət etmək istəyi, arzusudur. O, öz fəaliyyəti ilə Azərbaycan xalqının sevgisi və rəğbətini qazana bilib. Bütün bu amillər Mehriban Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse – prezidenti təyin edilməsini şərtləndirib.”