“Məktəbə “Əmək təlimi”, musiqi müəllimi direktor təyin olunmamalıdır” – Deputatbackend

“Təhsil naziri Emin Əmrullayev “Repetitor ali təhsil müəssisələrinə qəbul üçün lazımdır. Heç kim öz övladını repetitor yanına ona görə göndərmir ki, riyaziyyatı daha yaxşı bilsin. Yəni məqsəd sonda universitetə qəbul olmaqdır.

Şagirdlər qəbul imtahanına daha yaxşı hazırlaşmaq üçün əlavə olaraq nəsə bilik almaq marağı olacaq. Loru dildə izah etsək, dövlət həmişə hamı üçün sabit məşq yeri yaradır. İnsanlar belə başa düşür ki, məktəbdən kənarda məşğul olsalar digərlərinə nisbətən daha yüksək bal toplaya biləcəklər” deyib. Bəs repetitorluğun əhatə dairəsini daraltmaq üçün nə etmək lazımdır? Bütün dünyada repetitorluğa, buna “kölgə təhsili” də deyirlər xərclənən vəsaitlər təhlil olunur, onun fəsadları öyrənilir. Məsələn, Cənubi Koreyada ümumi daxili məhsulun 2,7 faizi bu xidmətə xərclənir. Almaniya və Fransada təhsilin kölgə iqtisadiyyatı ildə 2 milyard avro təşkil edir. Qəribədir ki, Finlandiyada bu rəqəm sıfırdır. Bu ölkədə çalışırlar ki tam diaqnostika məktəbdə aparılsın. Yüksək nəticə əldə emək naminə təhsil tarayektoriyasını tam inviduallaşdırırlar. Ölkələrin repetitor təhsili xarakteri etibarı ilə bir-birinə bənzəmir. Biz sevinərik ki, məktəblilər Olimpiada yarışlarına hazırlaşmaq üçün repetitor yanına gedirlər. Yaxud da dərin riyaziyyat, kimyanı, fizikanı öyrənmək üçün bu xidmətən istifadə edirlər. Çində fənn Olimpiadalarına hazırlaşmaq üçün şagird düşərgələri təşkil olunur. Bu xüsusi rejim tələb edən prosedurdur. Və elə bu səbədən onlar təbiət elmlərindən birinciliyi əldən vermirlər. Nazir repetitor xidmətinin azaldılmasının çıxış yollarından birini təmayülləşmənin dərinləşməsi ilə əlaqələndidrir. Haqlıdır”.

“Yeni Gündəm”-in xəbərinə görə, bunu deputat Etibar Əliyev bildirib.

E.Əliyev qeyd edib ki, tədris proqramları təkcə öz məzmunu ilə səciyyələnmir: “Məktəb proqramı bu sistemləri də özündə ehtiva etməlidir: müəllimin fəaliyyəti, fənnin özü və məzmunu, davranış modeli və anlama. Fənnin məzmunu və bilik çox dəyərlidir. Bu, uşaq təfəkkürünün inkişafının açarıdır. Bilik sadə informasiyaya çevrilməməlidir. Təhsil mütəxəssisi Devid Ekkls maraqlı şəkildə tədris proqramını “sirli baxça” adlandırır. Müəllim uşaqları sirli baxçada gəzdirib, sadədən mürəkkəbə doğru aparmalıdır. Ziddiyyətsiz və açıq şəkildə bilməliyik ki, təhsilanlardan nə tələb olunur. Valideyn və müəllimlər anlamalıdırlar ki, uşaqlarına hansı köməkliyi etməlidirlər. Ali məktəblərdə yaxşı təhsil almaq istəyənlər və karyera qurmaq istəyənlər üçün zəruri olan bilik və bacarıqları əhatə edən standartalar real dünyanın tələblərinə uyğun yazılmalıdır. Elə real dünyanın tələblərinə uyğun tələbə qəbulu keçirməliyik. Cüzi açıq tipli test tapşırıqlarının tətbiqi məktəbdə verilən təhsilin hansı səviyyədə olmasını göstərdi. Yeni nəsil dərsliklər yazılmalıdır. Keyfiyyətli təhsil mühiti yaradılmalıdır. Məktəb direktorları təbiət elmlərinin nümayəndələrindən seçilməlidir. Məktəbə “Əmək təlimi”, musiqi müəllimi direktor təyin olunmamalıdır. Bilirik ki, “yaddaş təhsilindən təfəkkür təhsilinə keçid” paradiqması özünü doğrultmadı. Müasir dünyaya uyğun Yeni paradiqma üzərində düşünmək üçün dinləmələr olmalıdır. Dövlət məktəbliləri pulsuz dərsliklərlə təmin etək üçün milyonlarla manat vəsait xərcləyir. Ancaq uşaqların əlində yalnız test kitabçalarını görürük”.