Məktəblərdə uşaqlar arasında yayılan xəstəlik nədir? – RƏSMİ AÇIQLAMAbackend

Məktəblərdə ənənəvi təhsilə yeni başlanılsa da, artıq koronavirusa yoluxma hallarına rast gəlinir. Paytaxtın bəzi məktəblərində koronavirusa yoluxma səbəbindən siniflər ənənvi təhsili dayandırıb. Bakı şəhəri 162 saylı məktəbin 8ç sinif şagirdləri arasında koronavirusa yoluxma səbəbindən sinif distant təhsilə keçib.

“Yeni Gündəm” xəbər verir ki, valideynlər bildiriblər ki, sinifdə 40-a yaxın şagird var. Yoluxmanın sinifdə sıxlıq səbəbindən daha da artacağı təhlükəsi olduğundan, sinifdə ənənəvi dərslərin keçirilməsi bu gündən etibarən dayandırılıb. 162 saylı məktəbdən Sputnik Azərbaycan-a bildirdilər ki, məktəbdə yalnız 8ç sinfi üzrə şagirdlər arasında koronavirusa yoluxma qeydə alınıb: “Yalnız Elnarə Məmmədovanın sinif rəhbəri olduğu sinifdə koronavirusa 3 şagird yoluxub. Bu, 8ç sinfidir. Ona görə də Elnarə müəllimin sinfi distant təhsilə keçir. Digər siniflərdə isə dərslər ənənəvi qaydada davam edəcək”.

Tahir Həsənov adına 23 nömrəli məktəbin üç sinfində şagirdlərin COVID-19 infeksiyasina yoluxması təsdiq olunduğu üçün həmin sinifdə əyani tədris prosesi 14 gün müddətində distant təhsillə əvəz olunub.

Analoji hadisə “Baku Oxford School”-da da qeydə alınıb. Belə ki, həmin təhsil ocağında da yoluxma səbəbindən bir sinif distant təhsilə keçib.

Qeyd edək ki, son günlər məktəblərdə koronavirusa yoluxma barədə rəsmi statistika hələ ki açıqlanmasa da, sosial şəbəkələrdə valideynlər uşaqlar arasında qripəbənzər xəstəliyin müşahidə olunduğu barədə narahatlıqlarını ifadə edirlər.

Sputnik Azərbaycan şagirdlər arasında müşahidə olunan xəstəliyin qrip, yoxsa koronavirus olduğunu araşdırıb.

K.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunun direktoru Allahverdi Musayev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, hazırda uşaqlar arasında müşahidə olunan xəstəlik daha çox mövsümi qripdir. A.Musayev bildirib ki, havaların soyuması ilə əlaqədar uşaqlar arasında burun axması, öskürək, boğaz ağrısı ilə müşahidə olunan xəstəlik qeydə alınır: “Hal-hazırda əsas mövsümi xəstəlik qripdir. Qrip virusunun yayılma dövrüdür. Ona görə də bu xəstəlik müşahidə olunduqda qorxmaq lazım deyil. Uşaqlarda belə halda temperatur yoxlanılmalıdır. Ailə həkimi uşağı müayinə etməlidir. İki gün şagird evdə müalicə almalı, həkim tövsiyə edirsə, mütləq COVID-ə görə analiz verməlidir”.

A.Musayev deyir ki, valideynlərin ciddi maarifləndirilməsinə ehtiyac var.

“Ola bilər ki, bəzi valideynlər uşağın xəstəliyini gizlətsinlər. Ona görə də məktəblərin girişində mütləq temperatur ölçülməlidir. Daha yaxşı olardı ki, uşaqlara məktəbin həkimi tərəfindən vizual baxış olsun. Uşaqda burun axması allergik rinit səbəbindən də ola bilər. Ona görə də həkim müayinəsi vacibdir”.

İnstitut direktoru deyir ki, hazırda yayılmış qrip məktəblərdə COVID-ə yoluxma xofu yaratmamalıdır: “Məktəblərdə COVID-ə yoluxma halının qeydə alınacağı gözlənilən idi. Amma buna görə təhsili dayandırmağa ehtiyac yoxdur. Bu gün yoluxma qeydə alınan siniflərin distant təhsilə keçməsi ən uğurlu variantdır”.

Bununla belə, A.Musayev deyir ki, məktəblərdə qrip virusunun və koronavirusun geniş yayılmasının qarşısını almaq üçün girişdə temperatur yoxlanılmalıdır. Öskürək, burun axması, boğaz ağrısı olan şagirdlər məktəbə göndərilməməlidir.

Azərbaycan Tibb Universitetinin (ATU) Uşaq Xəstəlikləri kafedrasının müdiri Nəsib Quliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, qrip simptomları müşahidə olunan şagirdlərin həkim müayinəsindən keçməsi vacibdir: “Hazırda mövsümi qrip dövrüdür.

Bəzən qriplə koronavirusu əlamətlərdən seçmək olmur. Çünki bütün virus infeksiyaları yuxarı tənəffüs yollarını zədələyir. Elə yoluxucu xəstəliklər var ki, onun özünəməxsus əlamətləri olur. Amma qrip viruslarında əlamətlər ümumidir.

Bunlar kəskin respirator virus infeksiyaları hesab olunur. Ona görə də qripəbənzər əlamətlər müşahidə olunduqda antigeni müəyyən etmək üçün mütləq test aparılmalıdır. Spesifik antigeni müəyyən etmək lazımdır ki, bunun mövsümi qrip, yaxud koronavirus olduğu məlum olsun”.

N.Quliyev deyir ki, əgər məktəbdə yoluxma mənbəyi varsa, bu ocağı söndürmək üçün sinif qapadılmalıdır: “Bu gün üçün ən optimal əks-epidemik tədbir budur. Hansı sinifdə koronavirusa yoluxma varsa, mütləq şəkildə o sinifdə ənənəvi təhsili dayandırmaq, 14 günlük karantin tətbiq etmək lazımdır”.

Məlumat üçün bildirək ki, məktəblərdə sentyabrın 22-dən 1-4, 29-dan isə 5-11-ci siniflər üzrə ənənəvi tədrisə başlanılıb.

Sputnik Azərbaycan