Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində Aqrar Kredit və İnkişaf Agentliyinə İdarə Heyətinin Sədri Seymur Mövlayev vəzifəsindən azad edilib. “BusinessTime” xəbər verir ki, bununla bağlı Azərbaycan kənd təsərrüfatı naziri Məcnun Məmmədov əmr imzalayıb.
M.Məmmədovun digər əmri ilə S.Mövlayevin yerinə Yalçın Camalov təyin edilib.
Azərbaycanın sabiq kənd təsərrüfatı naziri, hazırda Ali Məhkəmənin sədri olan İ.Kərimovun qohumu (bəzi mənbələrdə xalası oğlu olduğu deyilir), əsas kadrlarından biri olan S.Mövlayev Dövlət İmtahan Mərkəzinin (DİM) İdarə Heyətinin Sədri Məleykə Abbaszadə ilə qohumluq (bəzi mənbələrdə qardaşı oğlu olduğu deyilir) əlaqələrinə malikdir.
Qeyd edək ki, Yalçın Camalov özəl və dövlət sektorunda 15 ildən artıq təcrübəyə malik peşəkar rəhbərdir. Ali təhsilini Türkiyədə Qazi Universitetinin iqtisadiyyat və idarəetmə ixtisası üzrə almış, ABŞ-ın Yale Universitetinin İdarəçilik Məktəbinin “Sürətləndirilmiş Menecment” və MIT-nin Data, İqtisadiyyat və Proqramlarının Dizayn olunması “MicroMasters®” proqramının məzunudur. Layihələrin İdarəolunması İnstitunun Layihə idarəçiliyi üzrə peşəkar (PMP) ® beynəlxalq sertifikatın sahibidir.
Yalçın Camalov İqtisadiyyat Nazirliyinin Əmlak komitəsində aparıcı mütəxəssis, Vest Consulting MMC-də Baş Menecer, Detal Aluminium MMC-də İcraçı Direktor vəzifələrində çalışmışdır.
Karyerasını Əmlak Məsələləri Dövlət Komitəsində İnvestisiyaların cəlb edilməsi departamentinin direktoru vəzifəsində davam etdirən Yalçın Camalovun son iş yeri Azərbaycan Respublikası Prezidentinin Adminstrasiyasında Dövlət Nəzarəti Məsələləri şöbəsində monitorinq və təhlil sektorunun müdiri vəzifəsi olmuşdur.
İngilis və rus dillərini bilir. Ailəlidir, 2 övladı var.