“Məmmədoğullar” MMC cərimələndibackend

Azərbaycan Respublikası Baş Prokurorluğu tərəfindən ətraf mühitin qorunması, ekoloji tarazlığın təmin olunması və bu sahədə törədilmiş hüquqpozmaların araşdırılması, cavabdeh şəxslərin məsuliyyətə cəlb olunması istiqamətində tədbirlər davam etdirilir.

Bu barədə “Yeni Gündəm”-ə Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, paytaxtın Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Məmməd Səid Ordubadi küçəsinin bir qrup sakininin ərazidə yerləşən “Məmmədoğullar” MMC-nin servis yerlərindən axıdılan kanalizasiya və çirkab sularının yaşayış zonasında antisanitariya vəziyyəti yaratmasına dair bəzi kütləvi informasiya vasitələrində dərc olunmuş məqalələrdə göstərilən hallar ilə bağlı Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsi və Binəqədi rayon prokurorluğu tərəfindən birgə araşdırma aparılmışdır.

Araşdırmalarla MMC-nin fəaliyyəti ilə əlaqədar yaranmış çirkab sularının ətraf əraziyə axıdılması nəticəsində tullantı sularının kənara  təyinatsız axıdılmasını ehtiva edən inzibati xəta törədilməsi müəyyən edilmişdir.

Araşdırma nəticəsində toplanmış material müvafiq qərar qəbul edilməsindən ötrü Binəqədi rayon məhkəməsinə göndərilmiş və məhkəmənin qərarı ilə “Məhəmmədoğulları” MMC İnzibati Xətalar Məcəlləsinin 262.2.3-cü (içməli məişət, texniki və tullantı sularının kənara (çöllərə, küçələrə, rabitə və enerji kommunikasiya şəbəkələrinə) təyinatsız axıdılması) maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib, 2 min manat məbləğində cərimə edilmişdir.