Bilmədikləri həzz üçün özlərini qurban edənlər….
Mən nəinki ailənin, hətta nəslimizin – 4qardaşın tək oğlan övladıyam. Biz AzTv-nin tez-tez işlətdiyi keçid dövrünə düşdük, kasıblıq idi, kasıb bir kənd ailəsində böyüdük. Tək oğlan övladı olduğum üçün də boynumda sadəcə bir yük, məsuliyyət vardı, ali təhsil alıb, ailəmin, nəslimin adını qaldırmalı idim. Babam, əmilərim, atam mənimlə fəxr etməli idi. Babam münasibəti yaxşı olan müəllimlərə qonaqlıq verməli idi ki, “sağ olun, nəvəm ali məktəbə daxil olub, burada sizin də rolunuz var, için, için, nuş edin, bu, mənim ən sevincli günümdür, yeyin əşi” deməli idi. Hətta mən 11-ci sinifdə oxuyanda evimizə ev telefonu çəkdirdilər ki, oğlumuz ali məktəbə qəbul olduğu zaman təbrikləri rahatlıqla qəbul edək. Amma mən, bəs mənim hisslərim?. Axı mən oxumaq, ali təhsil almaq istəmirdim, tək istəyim ya kafel ustası, ya da biznesmen olmaq idi, arabir də cızma-qara edirdim, jurnalist də ola bilərdim, amma bunun üçün ali təhsil almağa da gərək duymurdum. Düşünürdüm ki, yazmaq üçün təhsil lazım deyil, sadəcə qələmin, yazma qabiliyyətin olsun yetər. Amma mən oxumalı idim, bu yükü mənim boynuma həyat özü nəslin tək oğlan övladı olanda yükləmişdi.
Mən necə oldu ki, oxumalı oldum?
10-cu sinifdə oxuyurdum. Bir dəfə evdə dedilər ki, get dərslərini oxu. Mən isə sadəcə, ingilis dilini öyrənirdim, sadəcə lüğət əzbərləyir, mətnlər tərcümə edirdim. Düzdür, gündəlik dərslərimi də hazırlayırdım, amma daha çox hazırlaşmaq, ali təhsil almaq kimi bir niyyətim yox idi. Dedim, axı mən oxumaq istəmirəm. Babam dedi ki, bala, sən nəslin tək oğlan övladısan, sənin qarşında iki yol var: Ya oxumalısan, ya da… O ya da cümləsinin sonunu gətirməmiş sözünü kəsdim və dedim: “Aha, ya da? Dedi, bala, ya oxumalısan, ya da oxumalısan, başqa yolun yoxdur”. Mən qaldım çıxılmaz vəziyyətdə. Axı mənim oxumaq, ali təhsil almaq üçün ya həvəsin, ya da istəyim yox idi. Amma artıq məcbur idim, ailəmin istəyini dinləmişdim, qaçış yox idi, o ağır yük çiynimdə idi. Hətta atamın bir əmisi arvadı vardı, məni hər gördüyündə deyirdi ki, İlkin-həkim, gör nə gözəl yaraşır, sən həkim ol, ağ xalat geyin, insanların həyatını xilas elə. Amma mən bunu heç cür edə bilməzdim. Çünki həkimlik böyük cəsarət, ürək tələb edirdi, mənimsə ya o cəsarətim, ya o ürəyim, ya da texniki fənlərə marağım vardı.
Özümə söz verdim ki, ailəmin arzularını, evə sırf təbrikləri qəbul etmək üçün çəkilən telefona çəkilən xərcin haqqını verməli, bunun üçün oxumalıyam. Amma hər gün dizlərimi büküb, dərslərimi oxuduqda küçədə oynayan sinif yoldaşlarımı, dostlarımı görüb, həsəd aparardım. Amma artıq geri dönüşü olmayan yola ilk qədəmlərimi qoymuşdum.
Əlqərəz, iki il aramsız hazırlıqlardan sonra universitetə qəbul oldum. Mənə ən böyük stimulu isə bir il ali məktəbə qəbul ola bilməyən dostumun sözləri verdi. Dedi ki, mən universitə birinci il qəbul olmadım və atam iki gün yemək belə yemədən ağladı. Bir anlıq öz ailəmi gözümün önünə gətirdim və daha əzmlə hazırlaşdım. Sonunda qazanmışdım. Cavablar elan olunan gün mənim də atam ağladı, amma sevindiyindən. Ömür boyu unutmayacağım gün idi. Bir yay axşamı… Mesaj göndərdik və cavab gəldi: “Təbriklər, siz ali məktəbə qəbul olmusunuz”. Ailədə hər kəs sevinir, bir tək mən heç nə hiss etmirdim, axı hələ qarşıda beş il mən məcburi şəkildə dərslərə getməli, oxumalı idim. Atam evdə yox idi, anam ona zəng elədi, atam sevincək evə gəldi, əl-üzünü yudu, gəldi məni qucaqladı və sevindiyindən hönkür-hönkür ağladı. Dedi, şükürlər olsun, başımızı aşağı əymədin. Və mən sadəcə həmin an özümlə bir anlıq qürur duydum, ondan sonra ev telefonumuza, evimizə, mobil nömrəyə yüzlərlə təbriklər gəldi, gəldi…
Universitet dərslərinə başladım, oxudum və bu gün bu yazını yazacaq mövqeyə gəlmişəm. Amma mən dizlərimi yerə qoyub əzmlə hazırlaşdığım zaman küçədə oynayan iki dostum heç bir ali məktəb oxumadılar, amma bu gün biri qardaş Türkiyədə məşhur ustalardan biri, digəri Rusiyada böyük biznes sahibidirlər. Maddi imkanları məndən daha yaxşı, günləri daha xoş keçir.
Bu yazını yazmaqda məqsədim bu gün Sumqayıtda imtahandan yüksək bal toplaya bilmədiyi üçün canına qəsd edən yeniyetmələrlə eyni fikirdə olan digər gənclərlə qiyabi həmsöhbət olmaqdır. Hər kəs oxuyacaq, hər oxuyan Molla Pənah Vaqif olacaq deyə bir qanun yoxdur.
Bu ölkənin oxuyanlarla yanaşı, gözəl sənət sahiblərinə, biznesini qurub, vaxtı-vaxtında vergisini ödəyəcək iş adamlarına çox ehtiyacı var. Yox əgər mütləq oxumaq istəyirsinizsə, o zaman davam edin, birincidə olmasa belə, ikinci, o da olmadı üçüncü cəhdinizdə mütləq istəyinizə nail olacaqsınız.
Necə ki, atasını birinci il ağladan dostum ikinci il hazırlaşdı və ali məktəbi qazandı. Onu da unutmayın ki, atam mənimlə sadəcə universiteti qazandığımda qürur duymuşdu. Amma o qeyd etdiyim dostlarımla valideynləri hər gün qürur duyur….
Çünki onlar qabiliyyətlərini kəşf etdilər və hərəsi öz sahəsində uğur qazandırlar. Həyatı yaşayın, bacarıqlarınız olan sahəni kəşf edin və bacarıqlarınızın ardınca gedin. Oxumasanız belə, valideynlərinizin başını uca edən övladlar məhz siz olacaqsınız…
İlkin Mustafayev