“Mən Şuşanı açıq səma altında muzey kimi təsəvvür edirəm” – Deputatdan TƏKLİFbackend

“Mən Şuşanı açıq səma altında bir muzey kimi təsəvvür edirəm və belə olmasını arzulayıram. Həm də Şuşanın şəhər idarəçiliyini elə tənzimləmək lazımdır ki, sonradan bu təcrübə bütün regionlarımıza daşınsın, çünki Azərbaycan bütövlükdə unikal bir ölkədir”.

Bu barədə açıqlamasındaMilli Məclisin Mədəniyyət komitəsinin üzvü, millət vəkili Əziz Ələkbərli  deyib.

Deputat həmçinin qeyd edib ki, bu il mayın 7-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə Şuşa şəhəri Azərbaycanın mədəniyyət paytaxtı elan edildi.  Bu gün isə “Azərbaycanın mədəniyyət paytaxtı – Şuşa şəhəri haqqında” Azərbaycan Respublikasının Qanunu müzakirəyə çıxarılır. Bu da gözlənilən idi:

“Çünki bizim üçün Şuşanın xüsusi yeri var, Şuşa bizim arzularımızın şəhəridir, Şuşa bizim Qələbəmizin şəhəridir, Şuşa 100 ildir süni olaraq Azərbaycanın məruz qoyulduğu Qarabağ probleminin sonunu gətirən şəhərdir.

Xatırladıram ki, hələ 1977-ci ildə ulu öndər Şuşa şəhərinin tarixi hissəsini tarix-memarlıq qoruğu elan eləmişdi, bu gün isə Şuşa şəhərinin bütövlükdə Dövlət Qoruğu elan olunması təklif olunur, bu, təqdirəlayiqdir. Cənab Prezident dəfələrlə deyib ki, erməni vandalları şəhərin tarixi abidələrinə, infrastrukturuna nə qədər ziyan vursa da, biz Şuşanı yenidən quracağıq və onu dünyanın ən gözəl şəhərlərindən birinə çevrəcəyik. Və mənə elə gəlir ki, bu Qanun layihəsi də həmin istiqamətdə irəli atılan önəmli addımlardan biri olacaq”.