“Məni intihara məcbur edirlər” – Elza Seyidcahanbackend

Xəbər verdiyimiz kimi, Əməkdar artist Elza Seyidcahanla prodüser Təranə Səmədova arasında ötən gün “Təsir dairəsi” proqramında qalmaqal yaşanıb.

“Yeni Gündəm” xəbər verir ki, mübahisənin səbəbi Seyidcahanın anasına məxsus obyektin illər əvvəl keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verməsi, onların isə məkanı mənimsəməyə çalışmasıdır. Bunla bağlı müğənni proqrama gəlib və ona təzyiqlər olunduğunu vurğulayıb:

“Rüstəm Kərimzadə ilə əvvəl razılığa gəlmişdik. Amma hər gün icradan bizə məktub gəlir. Bizim məkanı bunlar satışa qoyur. Ali məhkəmənin qərarı var ki, biz öz məkanımız üçün onlara pul ödəməliyik. Bizim işimizdə qanunsuzluq var. Əgər mənim nöqtə qədər verəcəyim olsa, məkanımı su qiymətinə satıb verərəm. Evimin sənədini banka qoyub, pul götürmək istədim. Amma 1970-ci ildə köhnə evi bank götürmür. Bir sənət adamına bu qədər zülm verərlər? Onlar vətən, Allah, iman tanımırlar. Deyirlər, get, 20 min, 50 min tap gətir. Haradan tapım? Mən bəstəkar adam axşamlar gedib proqramda oxuyuram. İntihara məcbur olmuşam. Bir insanı belə öldürərlər? Xoşqədəm Hidayətqızı zəng edib ki, bir aktyor xəstədir, gəl ona “Aktyorlar” mahnısını oxu. Deyirəm, siz bilmirsiniz ki, o mahnını yazan adamın özünü diri-diri öldürürlər. Ailəmi, məni məhv edirlər. Mən pulu ödəmirəm demirəm. Ödəyəcəm, amma danışıqlara əsasən. Bura gəlmək səbəbim odur ki, mənə yardım edilsin 63 min manatı həmin adamlara ödəyim. Sonra bu pulu mənə verənlərin borcunu qaytarım”.

E.Seyidcahan sənət dostlarına müraciət edərək, ona borc pul vermələrini istəyib.

Təranə Səmədova isə qarşı tərəfin şirkətinin icraçı direktoru olduğunu söyləyib.

Qeyd edək ki, E.Seyidcahanın anası ona məxsus olan obyekti keçmiş polis əməkdaşı, hazırda həbsdə olan Fərid Azayev, qardaşı Faiq Azayevə icarəyə verib. Daha sonra isə onlar icarə üçün müqavilə imzalamadan bundan imtina ediblər. Seyidcahan məkanı geri almaq istəyib, qarşı tərəf isə onları təhdid edərək, obyektin özlərinə aid olduğunu iddia ediblər.

Xatırladaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin keçmiş əməkdaşı Fərid Azayev, onun qardaşı Faiq Azayev və ataları İsif Azayev həbs edilib. Fərid Azayev 11, qardaşı Faiq Azayevin 6 il 6 ay və ataları İsif Azayevin 6 il müddətinə azadlıqdan məhrum ediliblər. 2014-cü il dekabrın 22-nə keçən gecə saat 03:00 radələrində Fərid Azayev bir qrup şəxslə cinayət işi üzrə zərərçəkmiş kimi tanınan Sevinc Məmmədovanı və Şəfəq Beydullayevanı oğurlayaraq onlara qarşı seksual xarakterli zorakılıq hərəkətləri etməkdə ittiham olunur.

axşam.az